Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2216/2021 19.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 23.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, əsas borc olaraq 24.059 ABŞ dolları, borcun qaytarılmasının gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 3.608,85 ABŞ dolları, borcun qaytarılmaması ilə bağlı həmin vəsaitdən faydalanmağa görə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi faiz uçot dərəcəsinə uyğun olaraq 6.099 ABŞ dolları, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi isə 33.766,85 ABŞ dolları və 50.030 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddianın gələcəkdə icrasının təmin edilməsi məqsədilə iddianın təmin tədbiri barədə ərizə ilə 02.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərinə həbsin qoyulması, həmin əmlakın özgəninkiləşdirilməsinin Cavabdeh və 3-cü şəxslərə qadağan edilməsi baradə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2(004)- 2216/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 8, 182 saylı mənzilin (7/12 hissə) üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilmişdir. Məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirir ki, Cavabdeh iddiaçının tanışıdır. Cavabdeh Nərimanov rayonu ərazisində yerləşən "Leon Face” adlı gözəllik salonunu icarəyə götürmüş, iddiaçını isə həmin salonda administrator kimi işə götürmüşdür. Həmin salonda iddiaçı 2019-cu ilin yay aylarına kimi işləyib. Salonda işlədiyi müddətdə cavabdeh ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borc pul almış, sonradan isə həmin borcları vaxtı-vaxtında qaytarmışdır. Beləliklə də cavabdeh iddiaçıda ona qarşı inam və güvən hissi yaratmış, özünü etibarlı, sözünü tutan bir şəxs kimi təqdim etmişdir. Daha sonra, cavabdeh onun etibarından suiistifadə edərək, sonuncu dəfə iddiaçıdan aldığı xeyli məbləğdə borcu qaytarmamışdır. Belə ki, cavabdeh özünün biznesinin inkişafı ilə bağlı 2018-ci ilin fevral ayında işlətdiyi salonun fəaliyyəti ilə bağlı iddiaçıdan borc pul istəmişdir. İddiaçı da cavabdehin ondan əvvəllər də aldığı borcu vaxtı-vaxtında qaytardığı üçün ona yenə də borc verməyə razılaşıb. Bu minvalla da o, 2018-ci ilin mart ayının sonunda 10.000 ABŞ dolları, bundan təxminən 15 gün sonra, təxminən aprel ayının ortalarında daha 17.000 ABŞ, cəmi isə 27.000 ABŞ dolları məbləğində pulu cavabdehə borc verib. Cavabdeh həmin borcun tez bir zamanda tam qaytarılmasını söz versə də, həmin vədə əməl etməmiş, borcu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdeh iddiaçıya qarşı dələduzluq etdiyini başa düşüb, onun barəsində hüquq mühafizə orqanlarına, habelə digər instansiyalara şikayət edilib. Şikayətlərin əsasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində və Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı Cavabdeh izahatı alınmış və o, izahatında iddaçıya borclu olduğunu təsdiq edərək, həmin borcun tez bir zamanda qaytaracağını vəd etmişdir. Bundan sonra cavabdeh 2019-cu ilin fevral ayında iddiaçıya 5.000 manat pul qaytarmış, qalan məbləğin də qaytarılmasına söz vermişdir. Lakin keçən müddət ərzində cavabdeh iddiaçıya borclu qaldığı 24.059 ABŞ dolları məbləğində pulu qaytarmamışdır. Cavabdeh barəsində istintaq gedir, amma həbs olunmayıb. İddianın təmin olunmasını xahiş edir. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi onun məlum olan axırıncı yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına (mənzil kommunal təsərrüfatı birliyi) göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30.03.2020-ci il tarixli şahidin əlavə dindirilməsi protokolundan müəyyən olunur ki, DİN-nin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X2 icraatında olan ********* saylı cinayət işi üzrə DİN-nin İnzibati Binasının 423-cü otağında Cavabdeh şahid qismində dindirmiş və Cavabdeh izahatında etiraf etmişdir ki, o, İddiaçı 27.000 ABŞ dollarını sələmə almışdır. Beləliklə, iş materialları ilə sübut olunur ki, Cavabdeh İddiaçı 27.000 ABŞ dolları borc almışdır. Məhkəmə hesab edir ki, iddia 24.059 ABŞ dolları borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddiaçı eyni zamanda, borcun qaytarılmasının gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 3.608,85 ABŞ dolları, borcun qaytarılmaması ilə bağlı həmin vəsaitdən faydalanmağa görə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi faiz uçot dərəcəsinə uyğun olaraq 6.099 ABŞ dolları, mənəvi zərərin əvəzi olaraq 50.000 manat tələb edir. Məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilə bilməz, çünki bu tələbin təmin edilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir: “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ...” Bundan əlavə, işə əlavə edilmiş qəbzdən müəyyən olunur ki, iddiaçı dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia 24.059 ABŞ dolları hissədə təmin edildiyindən, 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, 24.059 ABŞ dolları əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul İddiaçı xeyrinə Cavabdeh tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24.059 (iyirmi dörd min əlli doqquz) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2216/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2216/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver