Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2218/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı və cavabdeh Bakı şəhəri Yasamal rayon MKTB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon MKTB-nə qarşı “yaşayış sahəsinin istifadəsində olması faktının müəyyən edilməsi və bu barədə cavabdehin məlumatlandırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon MKTB-nə qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən sahəsi 6,0 (altı) kv.m-dən ibarət yaşayış sahəsinə onun istifadə hüququnun tanınması, uzun müddət orda yaşaması faktı barədə və ona arayışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü madəsinin tələbinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanda yerləşən sahəsi 6,0 (altı) kv.mdən ibarət yaşayış sahəsinin onun istifadəsində olması faktının müəyyən edilməsi və bu barədə cavabdehin məlumatlandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, doğulduğu 1973-cü ildən ünvan 1 ünvanda yaşamış, 1989-cu ildən qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal rayonu L.Tolstoy küçəsi dalan 1, 2 nömrəli evin ¼ hissəsi onun X1nun mülkiyyətində olmuşdur. X1 2002-ci ildə ailə qurmuşdur, mənzilin sahəsi kiçik olduğuna görə, o, yaşadıqların evin həyətindəki sahəsi 6,0 kv.m olan tikiliyə köçmüş və 2013-cü ilə kimi orada yaşamışdır. Sonradan ailəsi ilə birlikdə orada yaşamaq çətin olduğuna görə 2013-cü ildən qaynatasına məxsus olan Bakı şəhəri 1ci Zabrat qəsəbəsi Oktyabr küçəsindəki 25 nömrəli evin 11 nömrəli mənzilinə köçmüşdür. Hazırkı vaxta kimi ailəsi ilə birlikdə orada yaşayır. 2018-ci ildə onun qeydiyyatda olduğu və X1nun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu L.Tolstoy küçəsi dalan 1, 2 nömrəli ev sökülmüş və qardaşı Həsən Əliyevə pul kompensasiyası ödənilmişdir. Onun yaşadığı sahəsi 6,0 kv.m tikili də sökülmüş və həmin tikiliyə görə qardaşı Həsən Əliyevə 4.900 manat pul ödənilmişdir. Qardaşı həmin pulu ona verməmiş və o, da pulu qardaşından tələb etməmişdir. Onun yaşadığı sahəsi 6,0 kv.m tikiliyə dair hər hansı bir hüquq müəyyənedici sənədi (qeydiyyat vəsiqəsi, çıxarış, texniki pasport, plan-sxemi və sair) yoxdur. Hazırda tikili də mövcud deyildir. Bu səbəbdən onun qeydiyyatda olduğu ünvan 1 ünvanda evin həyətində yerləşən sahəsi 6 kv.m-dən ibarət yaşayış sahəsinin onun istifadəsində olması faktının müəyyən edilməsi və bu barədə cavabdehin məlumatlandırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Bakı şəhəri Yasamal rayon MKTB-nin nümayəndəsi X6 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayon MKTB-nin 43 saylı MKİS tərəfindən verilmiş forma 2 arayışdan görünür ki, ünvan 2 ünvanda yerləşən evin ¼ payının sahibi X5 olmuşdur. İddiaçı və X1 həmin ünvanda qeydiyyatdadırlar. xx.xx.2019-cu il tarixdə İddiaçı qonşuları tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, İddiaçı ünvan 2 ünvanda yerləşən 6,0 kv.m-dən ibarət tikilidə yaşamışdır. Bildirir ki, İddiaçı ünvan 2 ünvanda yerləşən 6,0 kv.m-dən ibarət tikilidə yaşamasına və həmin ünvanda belə bir tikilinin mövcud olmasına dair MKTB-də rəsmi sənədlər mövcud deyildir. Hazırda həmin ünvan söküldüyünə görə yerində baxış keçirməklə, tikilinin mövcud olubolmamasını müəyyən etmək mümkün deyildir. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçının izahatından və təqdim etdiyi Bakı şəhəri Yasamal rayon MKTB-nin 43 saylı MKİS tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 02/67 nömrəli forma 2 arayışından, ASAN3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan və xx.xx.2009-cu il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən göründüyü kimi, ünvan 2 ünvanda yerləşən evin ¼ payının sahibi X5 olmuşdur. İddiaçı və X1 həmin ünvanda qeydiyyatdadırlar. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı izahatında ünvan 2 ünvanda yerləşən evin həyətində sahəsi 6,0 kv.m olan tikiliyə 2002-ci ildə köçdüyünü, 2013-cü ilə kimi həmin tikilidə yaşadığını iddia etsə də, belə bir tikilinin mövcud olmasını, tikiliyə aid hər hansı bir hüquq müəyyənedici sənədin (qeydiyyat vəsiqəsi, çıxarış, texniki pasport, plan-sxemi və sair) olmadığını, ünvan 2 ünvanda yerləşən evin və yaşadığını iddia etdiyi sahəsi 6,0 kv.m olan tikili ilə birlikdə 2018-ci ildə söküldüyünü və X1na pul kompensasiyası ödənilmidiyini bildirmişdir. Hazırda tikili mövcud deyildir. İddiaçı ailəsi ilə birlikdə 2013-cü ildən Bakı şəhəri 1-ci Zabrat qəsəbəsi Oktyabr küçəsindəki 25 nömrəli evin 11 nömrəli mənzilinə köçmüşdür. Hazırkı vaxta kimi ailəsi ilə birlikdə orada yaşayır. Cavabdehin nümayəndəsi də izahatında bildirmişdir ki, İddiaçı qeydiyyatda olduğu ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində ayrıca 6,0 kv.m-dən ibarət tikili olmasına və iddiaçının həmin tikilidə yaşamasına dair MKTB-də rəsmi sənədlər mövcud deyildir. Hazırda ünvan söküldüyünə görə yerində baxış keçirməklə bu halı müəyyən etmək mümkün deyildir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Bu səbəbdən iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon MKTB-nə qarşı “ünvan 1 ünvanda həyət evində yerləşən sahəsi 6 (altı) kv.m-dən ibarət yaşayış sahəsinin İddiaçı istifadəsində olması faktının müəyyən edilməsi və bu barədə cavabdehin məlumatlandırılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2218/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2218/2021
08.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver