Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2219/2023 22.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1233/2019 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay 160 manat alimentin miqdarının artırılaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat olmaqla sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, xx.xx.2018-ci ildə Cavabdeh ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Cavabdeh ilə birgə nikahdan xx.xx.2018ci il təvəllüdlü X3 adlı bir övladı var. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1233/2019 nömrəli qətnaməsi ilə Cavabdeh ilə onun arasında bağlanmış nikah pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. 2019-cu ildən bəri alimentin artırılması ilə bağlı tələbi olmayıb. Cavabdeh uşaqla maraqlanmır. Cavabdehin idman və kompüter salonu var. Əlavə olaraq evlərin kirayəsi və torpaq alqı-satqısı ilə məşğul olur. Avtomobili var. Yetərincə gəliri olmasına baxmayaraq uşağın saxlanması üçün 160 manat alimentdən başqa heç bir əlavə maddi yardım göstərmir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, əvvəllər kompüter və idman salonu işlətmişdir. Hər ayın 19-da 160 manat alimenti ödəyir, lakin son bir neçə aydır ki, maddi çətinlik səbəbi ilə ödənişlərdə gecikmə olur. Onun vergi ödəyicisi kimi VÖEN nömrəsi olsa da, hazırda kompüter və idman salonu işlətmir. Özünə məxsus olan mercedes markalı avtomobili var. Evlərin kirayəsi ilə məşğul olur, lakin gəliri əvvəlki kimi yaxşı deyil. Xəstəliyi ilə bağlı işləyə bilmir, alimentin artırılmasına razı deyildir. Gələcəkdə sağlamlığı imkan verərsə maddi imkan daxilində daha çox aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. AA4410615 nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, X3 xx.xx.2018-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1233/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə tərəflərin övladı - xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X1 üçün həy ay 200 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə, uşağın mənafeyini, tərəflərin maddi durumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, xx.xx.2018ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi - 20 manat aliment tutulması hissəsində rədd edilməlidir. Cavabdeh 44 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1233/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin. xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2219/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2219/2023
22.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver