Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2220/2023 01.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əldən çıxmış fayda tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6600 manat məbləğində əldə çıxmış faydanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzil xx.xx.2012-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli tarixli 2(004)-2622/2022 saylı qətnaməsi ilə iddiaçının iddiası təmin edilərək, cavabdehin həmin mənzildən çıxarılması qət edilmişdir. Eyni zamanda cavabdeh iddiaçının bacısının keçmiş həyat yoldaşıdır. Cavabdeh tərəfindən mənzil vaxtında boşaldılmadığından iddiaçı həmin mənzili kirayə verməkdən və gəlir əldə etməkdən məhrum olmuşdur. Odur ki, hesab edir ki, onun iddiası qismən təmin edilərək, əldən çıxmış fayda olaraq cavabdehdən 6600 manat məbləğində vəsait tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edərək, mənzilin iddiaçı tərəfindən deyil, onun tərəfindən alındığını bildirmiş və ona görə də iddiaçının iddiasının əsassız olduğunu bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışdan görünür ki, İddiaçı ünvan 1, mənzil 14 üzərində mülkiyyət hüquqları, xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bakı Appelyasiya Məhkəməsinin Müki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 5852/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası Bakı şəhəri Yasamal Rayon Məkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-2622/2022 saylı qətnaməsi ilə təmin edilərək, Cavabdeh ünvan 2 ünvanında yerləşən 14 nömrəli mənzildən çıxarılması qət edilmişdir. Eyni zamanda Bakı Appelyasiya Məhkəməsinin həmin qətnaməsindən görünür ki, həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. İş materiallarına əlavə edilmiş icra vərəqəsindən görünür ki, Yasamal Rayon Məkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-2622/2022 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra xx.xx.2022-ci il tarixdə icraya yönəldilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 02-46/23 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçıya məxsus mənzilin xx.xx.2022-ci il tarixdən hal-hazıradək orta aylıq kirayə haqqı 500 manat təşkil edir. Məhkəmə həmin qiymətləndirmə rəyini mötəbər sübut kimi qəbul edir. Belə ki, rəydən görünür ki, ekspert rəsmi internet səhifələrində analoji mənzillərin kirayə elanlarında verilmiş məlumatlara da əsaslanaraq həmin rəyi vermişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, hazırki halda Mülki Məcəllənin 21-ci maddəsinin dispozisiyası mövcuddur. Belə ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması nəticəsində, yəni mənzildən vaxtında çıxmaması nəticəsində iddiaçıya zərər dəymişdir. Belə ki, mənzil vaxtında boşaldıldığı təqdirdə, iddiaçı həmin mənzilini adi mülki dövriyyə şəraitində kirayə verə və həmin kirayədən gəlirlər əldə edə bilərdi. İddiaçı 2022-ci ilin yanvar ayından hazırkı iddia ərizəsi verilən tarixə qədərki müddət üçün olan kirayə haqlarını tələb edir. Məhkəmə hesab edir ki, həmin dövr üçün tam kirayə haqları tutula bilməz. Məhkəmə hesab edir ki, kirayə haqları Yasamal Rayon Məkəməsinin cavabdehin iddiaçıya məxsus mənzildən çıxarılması barədə xx.xx.2022-ci il tarixli 2(004)- 2622/2022 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi və icraya yönəldildiyi tarixdən hazırki iddia ərizəsi verilən tarixədək hesablanaraq kirayə haqqı pulu tutula bilər. Yəni xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün (3 ay 19 gün)kirayə haqqı tutulmalıdır. 3 ay 19 gün üçün aylıq 500 manat kirayə haqqı nəzərə alınmaqla, məhkəmə hesab edir ki, cavabdehdən 1816,70 qəpik məbləğində əldən çıxmış fayda tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsinə baxmayaraq, iddiaçı tərəfindən dövlət rüsumunun tutulması tələb edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1816,70 (min səkkiz yüz on altı manat yetmiş qəpik) manat məbləğində əldən çıxmış fayda tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 86 (səksən altı) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2220/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2220/2023
01.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver