Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2234/2021 26.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit Təşkilatının xeyrinə xx.xx.2019-cu il tarixli, 0031/19/PB saylı kredit müaviləsinə əsasən 4515,56 manat əsas borc, 3700,61 manat faiz borcu, 438,53 manat dəbbə, cəmi 2924,65 manat borc və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə əvvəlki “İddiaçıbank” ASC (indiki İddiaçı BOKT ASC) arasında xx.xx.2019-cu il tarixli, 0031/19/PB saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2019-cu il tarixli, 0031/19/PB saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə, 28 faizlə, 5000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 0031/19/PB saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 0031/19/PB saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən zamin - faizləri, cərimələrin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə, əmlakı və bütün gəlirləri ilə birgə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. xx.xx.2019-cu il tarixli, 0031/19/PB saylı kredit müqaviləsinə əsasən cavabdehlərin BOKTa 4515.56 manat əsas borc, 3700.18 manat hesablanmış faiz, 4795.32 manat hesablanmış dəbbə, cəmi 13011.06 manat borcu vardır.Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 0031/19/PB saylı kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh2 24 ay müddətinə, 28 faizlə, 5000 manat məbləğində kredit verməyi, borc alan isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 0031/19/PB saylı Cavabdeh1 ilə bağlanmış Zaminlik müqaviləsi xx.xx.2019-cu il tarixli, 0031/19/PB saylı kredit müqaviləsi üzrə öhdəlikləri təmin etmək məqsədilə bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı BOKT-yə 4515,56 manat əsas borc, 3700,18 manat faiz borcu, 4795,32 manat cərimə borcu, cəmi 13011,06 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0031/19/PB saylı kredit müqaviləsinə əsasən iddiaçı bank Cavabdeh2 24 ay müddətinə, 28 faizlə, 5000 manat məbləğində kredit verməyi, borc alan isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 0031/19/PB saylı kredit müqaviləsi üzrə öhdəlikləri təmin etmək məqsədilə Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixli, 0031/19/PB saylı Zaminlik müqaviləsi bağlanmışdır. Lakin, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını və digər borcları ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda digər Cavabdeh1 zaminlik əsasında üzərinə götürdüyü öhdəliklərə görə borclu Cavabdeh2 ilə eyni məsuliyyəti daşıyır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı BOKTyə 4515,56 manat əsas borc, 3700,18 manat faiz borcu, 4795,32 manat cərimə borcu, cəmi 13011,06 manat borcu vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4515,56 manat əsas borc, 3700,18 manat faiz borcu, 500 manat dəbbə pulu olmaqla, cəmi 8715,74 manat borc tutularaq, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimə pulunun 4795,32 manat məbləğində deyil, 500 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4515,56 (dörd min beş yüz on beş manat əlli altı qəpik) manat əsas borc, 3700,18 (üç min yeddi yüz manat on səkkiz qəpik) manat faiz borcu, 500 (beş yüz) manat dəbbə pulu olmaqla, cəmi 8715,74 (səkkiz min yeddi yüz on beş manat yetmiş dörd qəpik) manat və 30 (otuz manat) manat dövlət rüsumu tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2234/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2234/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver