Məhkəmə qərarları › İş №2(004)-2235/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2235/2023

30.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2235/2023 30.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2916/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarının artırılaraq xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 300 manat alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə xx.xx.2018-ci il tarixdə ailə qurmuş, nikahları 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə 4426 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X2 dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2916/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanması, xx.xx.2019-cu təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdehin Bakı Metropoliteni QSC-də çalışmasına və yüksək gəlir əldə etməsinə baxmayaraq, o, uşağın hər-hansı xərcində iştirak etməkdən yayınmaqdadır. Əmək haqqından əlavə cavabdeh iş yerində müxtəlif mükafatlar alır və sair qanunvericiliklə müəyyən edilmiş güzəştlərdən istifadə edir, lakin yenə də uşağın rifahına bu hallar hər-hansı formada təsir etmir. Son zamanlar müşayiət olunan kəskin qiymət artımı, inflyasiyanın ikili rəqəmlərlə ölçülməsi təyin edilmiş 193 manat alimentlə uşağın normal qidalanmasını, geyim, xəstələnən zaman müvafiq dərman preparatlarının alınması, rəsm, idman, uşağın normal inkişafı üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini mümkünsüz edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, maddi vəziyyəti ilə bağlı ayda 220 manat məbləğində alimenti ödəyə bilməz. Belə ki, ayda 570 manat əmək haqqı alır və iki kredit üzrə borc ödəyir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-2916/2022 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, tərəflər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-2916/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə razılığa gələ bilməmişlər. Məhkəmə xx.xx.2022-ci il tarixli 2(004)-2916/2022 saylı qətnamə ilə alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşmasını və onun hər ay 300 manat miqdarında alimenti ödəməsinə maddi imkanının olmasına dair sübutların məhkəməyə təqdim edilməməsini, uşağı saxlamağın hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, alimentin artırılması tələbi təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçılar aliment alınması barədə iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddia rədd edildiyindən dövlət rüsumu tərəflərdən tutulmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar