Məhkəmə qərarları › İş №2(004)-224/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-224/2025

10.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-224/2025 10.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edərək, vurulmuş maddi zərərin əvəzi olaraq, Cavabdeh1 MTK-dan 100000,00 manat, cavabdeh X1 50000, manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 (bundan sonra MTK) arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən, həmin MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən, 85,8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzilin alğı-satqısına dair 02 aprel 2011-ci il tarixdə müqavilə (Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə) bağlanmış, mənzilin qiyməti 44080 manat müəyyən edilmişdir. Mənzilin dəyəri İddiaçı tərəfindən MTK-ya tam şəkildə ödənilmişdir. Mənzil 2014-cü ildə İddiaçı təhvil verilərkən, boş və təmirsiz vəziyyətdə olmuş, giriş qapısı olmamış, orada heç kim yaşamamışdır. Mənzili ilk alarkən bina tam təhvil verilmədiyindən, mənzildə hər hansı bir kommunal xətlər olmamış, onun təşəbbüsü ilə həmin xətlər sonradan çəkilmişdir. O, mənzili əsaslı şəkildə təmir etdirmiş, uzun illər ərzində mütəmadi şəkildə ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamış və kommunal xidmət təşkilatları ilə müvafiq müqavilələr bağlamış, xidmətlərdən istifadəyə görə haqq ödəmişdir. Qeyd etmişdir ki, mənzildə 2 dəfə təmir işləri aparılmışdır. Belə ki, ilkin olaraq, 2014/15-ci illər ərzində sadə təmir işləri aparılaraq, zəruri işlər görülmüş: giriş qapısı qoyulmuş, arakəsmələr tikilmiş, suvaq işləri yerinə yetirilmiş, elektrik xətləri çəkilmiş, döşəməyə taxta vurulmuş, kafel-metlax, santexnika işləri görülmüş, divarlar rənglənmişdir. Qeyd olunan işlərin görülməsinə cəmi 24.000,00 manat xərclənmişdir (18.000,00 manat material xərci, 6.000,00 manat usta xərci). Təxminən bir il yarım sonra İddiaçı oğlunun toyuna hazırlaşdıqları üçün mənzildə əlavə təmir işləri gördürmüş: lepka vurulması, döşəmələrin cilalanaraq rənglənməsi, divarların kağızla (oboyla) üzlənməsi, santexnika işlərinin başa çatdırılması, otaqların qapılarının sifariş olunaraq quraşdırılması və digər zəruri işləri yerinə yetirilmişdir. Bu işlərə isə cəmi 17.000,00 manat (12.000,00 manat material xərci, 5.000,00 manat usta xərci) sərf olunmuşdur. Ümumilikdə mənzilin təmir işlərinə 41.000,00 manat məbləğində pul xərclənmişdir (təmir işlərinə dair müvafiq akt tərtib olunmuşdur). Mənzil hazırda təmirli olmaqla, əlavə xərc tələb etmədən yaşayış üçün tam hazır vəziyyətdədir. Bundan başqa, iddiaçı binada liftin quraşdırılması üçün MTK rəhbərliyinin tələbi ilə pul ödəmişdir. İddiaçı uzun illər ərzində həmin mənzilə vicdanlı əldə edən şəxs olaraq, sahiblik və istifadə etdiyi dövrdə ona heç vaxt və heç kim tərəfindən mənzilin başqasına məxsus olması bildirilməmişdir. 2022-ci ildə Yasamal rayon İcra şöbəsindən ona məlum olmuşdur ki, Cavabdeh2 iddiası əsasında Yasamal Rayon Məhkəməsinin 2(004)-2938/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə onun adına olan müqavilənin etibarsız hesab olunması və onun mənzildən çıxarılaraq mənzilin boşaldılıb Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. İddiaçı ərizəsi əsasında qiyabi qətnamə ləğv olunaraq, icraat təzələnmiş və məhkəmənin 2(004)-3947/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 iddiası rədd edilmişdir. Bundan sonra, Cavabdeh2 apellyasiya şikayətinə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5225/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 iddiası təmin olunmuşdur. Həmin qətnamə Ali Məhkəmənin 2(102)-837/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmış və hazırda iş üzrə icra icraatına başlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktlarından müəyyən olunur ki, MTK rəhbərliyi MTK-nın mülkiyyətçi olmadığını bildiyi halda, başqa şəxsə məxsus olan mənzili ona sataraq, onun pulunu ələ keçirmiş, nəticədə ona maddi zərər vurmuşdur. Eləcə də, qətnamədən aydın olunur ki, mübahisəli mənzil təmirsiz vəziyyətdə Qəndəf Babayevaya satılmışdır. Lakin mənzil ona təhvil verilməli olduğundan, o, artıq başqasının (İddiaçı) vəsaiti hesabına təmir olunmuş, yaşayışa hazır vəziyyətdə olan mənzil əldə etmiş olur. Başqa sözlə, hər iki cavabdeh: həm MTK rəhbərliyi qanuna zidd hərəkətləri ilə İddiaçı pulunu ələ keçirməklə, həm də Qəndəf Babayeva heç bir xərc çəkmədən təmirli mənzil əldə etməklə, İddiaçı hesabına hüquqi əsas olmadan əsassız varlanmışlar. Bu baxımdan, qeyd etmişdir ki, iddianı təmin edən apellyasiya instansiyası məhkəməsi əqdin etibarsız hesab edilməsi halında restitusiya məsələsinə münasibətdə qətnamənin 72, 73 və 78-ci paraqraflarında vurğulamışdır ki: İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 2 aprel 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 MTK həmin binada dəyəri ödənilmiş iki otaqlı mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşdür Bu baxımdan, sonrakı məhkəmə araşdırılmaları zamanı məhz Cavabdeh1 MTK-nın qanuna zidd hərəkətləri nəticəsində bağlanmış müqavilə üzrə İddiaçı təhvil verilməli olan mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilən vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq onun tərəfindən irəli sürülə biləcək tələb nəzərə alınmalıdır (paraqraf 73); Eyni zamanda Kollegiya hesab edir ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edildiyindən, İddiaçı ona dəymiş maddi ziyan tələbi ilə Cavabdeh1 MTK-ya qarşı iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə kollegiyası hazırkı işin halları baxımından MM-in 337.5-ci maddəsinin tətbiqini məqbul hesab etmir; o səbəbdən ki, İddiaçı hazırki halda təkcə əqd üzrə ödədiyi pulun deyil, həm də onun qanunsuz saxlanılması nəticəsində məhrum olduqlarını, habelə MTK-nın təqsiri səbəbindən məruz qaldığı digər zərəri tələb etmək hüququna sahibdir (paraqraf 78)”. Göründüyü kimi, məhkəmə tərəfindən də İddiaçı mənzilə çəkdiyi (mənzilin satın alınması, təmiri və s.) xərcləri tələb etmək hüququ tanınmışdır. Şərh olunanlar nəticəsində İddiaçı vurulmuş maddi zərərin əvəzinin tələb edilməsi məqsədi ilə aparılmalı hesablama baxımından, qeyd etmişdir ki, xx.xx.2011-ci il tarixdə mənzil alınarkən, MTK-ya ödənilmiş 44.080,00 manat məbləğində (1) həmin pulun istər tədiyyə vasitəsi (pulun dəyər ölçüsü və hesab vahidi olması) kimi hazırda olan dəyəri, (2) istərsə də həmin pula satın alınmış mübahisəli mənzilin hazırda mövcud olan bazar qiyməti nəzərə alınmalıdır. O cümlədən, nəzərə alaraq ki, ölkəmizdə manatın devalvasiyası ABŞ dollarına nisbətdə həyata keçirilmişdir, ona görə də 44.080,00 manat məbləğində pul xx.xx.2011-ci il tarixdə (devalvasiyadan əvvəl) mövcud olmuş manat-dollar kursuna əsasən, təxminən, 56.512 ABŞ dolları təşkil etmişdir, hazırda isə 56.512 ABŞ dolları təxminən 96.000 manatdan çoxdur. Deməli, xx.xx.2011-ci ildə İddiaçı MTK-ya ödədiyi pulun hazırda dəyəri 96.000,00 manatdan çoxdur. Digər tərəfdən, mübahisəli mənzilin hazırda mövcud olan bazar qiyməti 100000,00 manatdan çoxdur. Ona görə də, MTK-nın qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurulmuş maddi zərərin əvəzi kimi MTK-dan 100.000,00 manat məbləğində pul alınıb ona verilməlidir. Bundan başqa, İddiaçı mübahisəli mənzildə etdirdiyi təmir hazırda aparılarsa, ən azı 50.000,00 manata başa gəlmiş olar. Odur ki, cavabdeh Qəndəf Babayevadan təmirə çəkilmiş xərcin əvəzi olaraq 50000,00 manat pul alınaraq İddiaçı ödənilməlidir. Mübahisənin həllinə tətbiq edilməli olan həmin hüquq normalarının məna və tələbinə əsasən, İddiaçı ilə MTK-nın arasında bağlanmış müqavilənin etibarsızlığı nəticəsində ona vurulmuş zərər cavabdehlər tərəfindən ödənilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə ünvanlayaraq, Cavabdeh1 MTK-dan 138.000,00 manat, cavabdeh X1 50.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilmədiyi üçün iddiaya iştirakları olmadan baxıb yekun qərar çıxarılmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, ona verilən suallara cavab olaraq bildirdi ki, hazırda evində yaşaya bilmir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Buna baxmayaraq qətnamə bugünədək icra olunmamışdır. Lakin iddiaçı hələ də həmin mənzili təhvil vermir. Belə ki, artıq 10 ilə yaxındır ki, mənzilinə köçə bilmir. Evin təmir edilməsini də o xahiş etməmişdir. Onun imkanı yoxdur ki, iddiaçı tərəfə o qədər pul ödəsin. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin ona dair hissədə təmin olunmamasını xahiş etdi. Digər Cavabdeh1 MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş proses iştirakçısının izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 02 aprel 2011-ci il tarixli "xxxx" müqaviləyə əsasən, MTK Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən, həmin MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən, 85,8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 44080 manat müəyyən olunmuşdur. - X3 və X2 tərəfindən tərtib olunmuş və imzalanmış 14 yanvar 2023-cü il tarixli akta əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xıyabani küçəsində Cavabdeh1 Mənzil-tikinti Kooperativinin binasının 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən (ev 5) 85,8 kv.m sahəsi olan 145 nömrəli mənzili və mənzilin sahibi kimi İddiaçı və mənzilin təmiri ilə bağlı onun ailə üzvlərini tanıdıqlarını bəyan və təsdiq edtmişlər. Bildirmişlər ki, Eminovanın və onun ailə üzvlərinin istəyinə uyğun göstərilən mənzilin ilkin və əsaslı təmirini təşkil və icra etmişlər. Mənzilin təmiri üçün materialları və avadanlığı əsasən Bakı şəhərinin Dərnəgül ərazisində, Eurohome-da yerləşən və digər inşaat mağazalarından (bazarlardan) Eminova və ailə üzvləri tərəfindən verilmiş və ya onların iştirakı ilə alınıb mənzilə gətirilmişdir. Mənzil üçün mətbəx mebeli, şkaflar sifariş olunmuş və mənzildə quraşdırılmışdır. Binanın yaşayış üçün tam yararlı olmaması, kommunal xidmətlərin təmin edilməməsi üzündən sahibinin istəyi ilə mənzilin ilkin olaraq sadə təmiri minimal xərclərlə, ilk növbədə arakəsmələrin tikilməsi, suvaq, elektrik kabellərinin çəkilməsi, döşəməyə taxta vurulması, kafel-metlax, santexnık işləri görülmüş, sadə rəngləmə işləri aparılmışdır. Bu işlərlə bağlı mənzil sahibi materiallara 18 min manat, ustalara 6 min manat, cəmi 24 min manat xərcləmiş, işlər 2014-cü ildən başlayaraq 2015-ci il ərzində görülmüşdür və istənilən işlər başa çatdıqdan sonra ev sahiblən orada yaşamağa başlamışlar. Təxminən il yarım sonra ev sahibləri təkrar müraciət edərək oğlunun toyuna hazırlaşdıqlarından mənzildə əlavə təmir işləri görmək qərarına gəldiklərini bildirmişlər və hansı işlərin görülməsini istədiklərini müzakirə etmişlər. Əllərində iş olduğundan işlərə başlamaqları bir neçə ay çəkmiş, həm də ev sahibləri onları tələsdirmirdilər. Nəhayət onlar mənzildə razılaşdırılan işləri görməyə başlamışlar. Lepka, döşəmənin cilalanaraq rənglənməsi, divarların kağızla üzlənməsi, santexnik işlərin başa çatdırılması, otaq qapılarının sifariş olunaraq quraşdırılması və digər istənilən işləri təxminən 8 aya başa çatdırmışlar. Bu işlərlə bağlı mənzil sahibinin materiallara 12 min manat, ustalara 5 min manat, cəmi 17 min manat xərclənmişdir. İşlər 2018-ci ildə başa çatdırılmışdır. Artıq həmin vaxtlarda lift, qaz, su və digər kommunal təminatlar, həyət-bacanın səliqə-sahmana salınması da sakinlər tərəfindən və onların hesabına qaydaya salınmışdı. Mənzilin təmiri zamanı ailə üzvlərindən otaqlarda yaşayan da olurdu. Gördükləri işləri ev sahibi Eminova və onun ailə üzvlərinə təhvil verib halallaşmışlar, aralarında hər hansı narazılıq olmamışdır. Mənzildə təmir işləri aparılarkən onlara kooperativ və digərləri tərəfindən hər hansı maneə törədilməmiş, mənzilə hər hansı şəxs gəlib mənzilin ona məxsus olduğunu iddia etməmişdir. Göstərilənləri istənilən rəsmi məqam qarşısında bəyan və təsdiq edə bilərlər. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-837/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2938/2021 saylı, 08 iyul 2021ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 MTK ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı və üçüncü şəxslər Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbədə yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı 145 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Cavabdeh İddiaçı qiyabi qətnamənin ləğv olunması barədə ərizə vermiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3947/2022 saylı, 05 iyul 2022-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv olunaraq iş üzrə icraat təzələnmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3947/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-576/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3947/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2120/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-576/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5225/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul olunması, iddia tələblərinin təmin edilməsi, Cavabdeh1 MTK ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbədə yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı 145 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədə məhkəmə kollegiyası qeyd etmişdir ki, evin ilkin alıcısı Natiq Əhmədov xx.xx.2006-cı il tarixdə mənzili alaraq pay haqqını tam ödəmiş və bununla da əmlaka mülkiyyət hüququ əldə etdiyindən, MTK-nın həmin mənzilə dair 2011-ci ildə İddiaçı ilə müqavilə bağlamaq hüququ olmadığından, Natiq Əhmədov isə mənzili xx.xx.2015-ci ildə sırf iddiaçının adına öz payından imtina edərək mənzili iddiaçıya satdığından, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh İddiaçı nümayəndəsi və vəkili işə yenidən apellyasiya qaydasında baxılarkən Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş binanın 2-ci girişinin 5-ci mərtəbəsində yerləşən 145 nömrəli mənzilə dair bağlanılan xx.xx.2006-cı il tarixli müqavilədə mənzilin nömrəsində dəyişiklik edilməsi müşaiyət olunduğunu bildirmiş və bu səbəbdən mənzilin nömrəsi “145” rəqəmində saxtalaşdırma olub-olmaması ilə bağlı sənədlərin texniki ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir. 53. Məhkəmə kollegiyası bununla bağlı bildirmişdir ki, həmin müqavilədə “145” rəqəmində düzəliş edildiyi görünsə də, həmin mənzillə bağlı Natiq Əhmədov tərəfindən ödənişlər edilən zaman verilmiş on dörd maliyyə arayışlarının hər birində mənzilin nömrəsi “145” göstərildiyindən, müqavilədəki həmin düzəlişin texniki xarakterli və əhəmiyyətsiz olduğu məlum olur (1-ci cild, i/v 49-62). Bu səbəbdən, həmin vəsatət əsassız olduğundan təmin edilməmişdir. 54. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edildiyindən, İddiaçı ona dəymiş maddi ziyan tələbi ilə Cavabdeh1 MTKya qarşı iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin hazırkı işin halları baxımından Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqini məqbul hesab etməmişdir. Belə ki, İddiaçı hazırkı halda təkcə əqd üzrə ödədiyi pulun deyil, həm də onun qanunsuz saxlanılması nəticəsində məhrum olduqlarını, habelə MTK-nın təqsiri səbəbindən məruz qaldığı digər zərəri tələb etmək hüququna sahibdir ki, bu halların müəyyən olunması isə hazırkı araşdırmanın predmetini təşkil etmir. Həmin qətnamədən cavabdeh İddiaçı (Vəkil) kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-837/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5225/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzilə Natiq Əhmədov mülkiyyət hüququ əldə etmişdi. Buna görə də MTK-nın həmin mənzil üzərində xx.xx.2011-ci ildə yenidən sərəncam vermək hüququ olmamışdır. Oxşar hüquqi vəziyyətə dair Konstitusiya Məhkəməsi Plenumunun “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 mart 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe mövcuddur. Göründüyü kimi, hazırkı icraatda olan işdə mənzilin dəyərini tam ödəməklə N.Əhmədov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmiş, daha sonra əmlakını iddiaçıya satmışdır. Belə olan halda, Cavabdeh1 MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə Ş.Emimova ilə 2 aprel 2011-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. 100. Buna görə də kassatorun əmlakı vicdanlı əldə etməsi barədə dəlili qətnamənin ləğvinə əsas vermir. Həmçinin işin müəyyən olunmuş hallarına görə MTK xx.xx.2011-ci il tarixdə İddiaçı ilə alğı-satqı müqaviləsi bağlanmış, lakin mənzilin dəyərinin sonuncu tərəfindən ödənilməsi barədə maliyyə arayışı xx.xx.2016-cı il tarixdə verilmişdir. Başqa sözlə, İddiaçı tərəfindən xx.xx.2011-ci il tarixli müqavilə üzrə mənzilin dəyərini iddiaçı ilə müqavilə bağlanan tarixə kimi qismən də ödəməsi, mənzilə əvəzi ödənilməklə sahiblik etməsi müəyyən olunmamışdır. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli CC/1xx/xx-2025 nömrəli hesabatına əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən, həmin MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən, 85,8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzilində təmir işləri aparılmışdır. Mənzildə aparılan təmir işləri bütün divarların, döşəmələrin və tavanların tam təmiri, sanitar qovşaqların tam kafellənməsi və santexnika işləri, elektrik, su, kanalizasiya və istilik sistemlərinin yenilənməsi, qapı-pəncərə və ventilyasiya elementlərinin quraşdırılması, dekor işləri, dizayn layihəsi, nəzarət, işçi və təmizləmə xərclərindən ibarətdir. Mənzilin təmirinə 18200 (on səkkiz min iki yüz) manat sərf olunmuşdur. Onlardan material xərci 15800 manat, usta xərci 2400 manat. Mənzilin təmirsiz real bazar dəyəri 138000 (yüz otuz səkkiz min) manat təşkil edir. Mənzilin təmirli vəziyyətdə hazırki bazar dəyəri 164000 (yüz altmış dörd min) manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri olan 400 (dörd yüz) manat məbləğində xidmət haqqı iş üzrə İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. Məhkəmə hər iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: - 157.7-ci maddəsiə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. - 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər həmin Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir - 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Başqa sözlə, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında "xxxx" xx.xx.2011-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən, həmin MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən, 85,8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzil üçün Cavabdeh1nə 44080 (qırx dörd min səksən) manat pul ödəmişdir. Bu barədə cavabdeh MTK tərəfindən mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışı xx.xx.2016-cı il tarixdə verilmişdir. (əvvəlki iş üzrə məhkəmə qərarında öz əksini tapmışdır) Bundan sonra o, mənzili təhvil almış, onu təmir etdirmiş, lakin məhkəmə araşdırılması nəticəsində mənzilin Cavabdeh2 məxsus olması müəyyən edilmişdir.. Belə ki, hazırki iş üzrə cavabdeh (iddiaçı) Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3947/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-576/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3947/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2120/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-576/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5225/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul olunması, iddia tələblərinin təmin edilməsi, Cavabdeh1 MTK ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbədə yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı 145 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Müvafiq qətnamə ilə Cavabdeh1 MTK ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edildiyindən, İddiaçı ona dəymiş maddi ziyan tələbi ilə Cavabdeh1 MTK-ya qarşı iddia qaldırmaq hüququ izah edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı (Vəkil) kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-837/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5225/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmiş və "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli CC/1xx/xx- 2025 nömrəli hesabatına əsasən mübahisəli mənzilin təmirinə 18200 (on səkkiz min iki yüz) manat sərf olunmuşdur. Mənzilin təmirsiz real bazar dəyəri 138000 manat, təmirli mənzilin baza dəyəri 164000 manat təşkil edir. Hal-hazırda iddiaçı Cavabdeh1 MTK-dan 138.000,00 manat, cavabdeh X1 50.000 manat məbləğində pulun tutularaq ona ödənilməsini tələb edir, Cavabdeh2 iddia tələbinə etiraz edir. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə, iddia mübahisələndirilən, yəni vurulmuş maddi ziyanın əvəzi olaraq qismən mənzilə görə ödənilmiş 44080 (qırx dörd min səksən) manatın təmin edilməsi hissəsində yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdeh MTK-nın etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia həmin hissədə qismən haqlı sayılır. Belə ki, iddiaçı vurulmuş maddi ziyanın məbləği olaraq Cavabdeh1 MTK-dan 138.000,00 manat (yüz otuz səkkiz min) manat tələb etsə də, məhkəmə 44080 (qırx dörd min səksən) manat məbləğində pulun ödənilməsini əsaslı hesab edir. Belə ki, göründüyü kimi iddiaçı mənzili alarkən 44080 (qırx dörd min səksən) manat məbləğində pul ödəmiş, bugünədək həmin mənzildə yaşamış, eləcə də hazırki iş üzrə təmir xərci də ekspert rəyinə əsasən digər cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Mənzil iddiaçı tərəfindən 15 il bundan əvvəl alınmış və həmin vaxt mənzilin dəyəri ilə razılaşmışdır. 138000 manat isə hazırki günə olan bazar dəyəridir. Belə olan halda, məhkəmə hesab edir ki, 44080 (qırx dörd min səksən) manat məbləğində pul Cavabdeh1 MTK-dan iddiaçının xeyrinə tutulması, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh2 50.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi” hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli CC/1xx/xx-2025 nömrəli hesabatına əsasən mübahisəli mənzilin təmirinə 18200 (on səkkiz min iki yüz) manat sərf olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh2 mənzilin təmirinə çəkilmiş xərcə görə 18200 (on səkkiz min iki yüz) manat tutularaq İddiaçı ödənilməlidir. Son olaraq məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh MTK üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən də olsa təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdən və əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 MTK-dan müqavilə üzrə mənzilin dəyəri kimi ödənilmiş 44080 (qırx dörd min səksən) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, Cavabdeh2 mənzilin təmirinə çəkilmiş xərcə görə 18200 (on səkkiz min iki yüz) manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olan 440 (dörd yüz qırx) manat məbləğində pulun 257 (iki yüz əlli yeddi) manat hissəsinin 70 (yetmiş) manat hissəsi Cavabdeh2, 187 (yüz səksən yeddi) manat hissəsi isə Cavabdeh1 MTK-dan tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumu qalan 183 (yüz səksən üç) manat hissədə iddiaçıya aid edilməlidir. İş üzrə "xxxx" MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ödənilmiş 400 manat iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 MTK-dan müqavilə üzrə mənzilin dəyəri kimi ödənilmiş 44080 (qırx dörd min səksən) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 mənzilin təmirinə çəkilmiş xərcə görə 18200 (on səkkiz min iki yüz) manat tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 440 (dörd yüz qırx) manat məbləğində pulun 257 (iki yüz əlli yeddi) manat hissəsinin 70 (yetmiş) manat hissəsi Cavabdeh2, 187 (yüz səksən yeddi) manat hissəsi isə Cavabdeh1 MTK-dan tutularaq İddiaçı ödənilsin, ödənilmiş dövlət rüsumu qalan 183 (yüz səksən üç) manat hissədə iddiaçıya aid edilsin. İş üzrə "xxxx" MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri - ödənilmiş 400 manat iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar