Məhkəmə qərarları › İş №2(004)-2253/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2253/2024

30.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2253/2024 30.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh – ünvan 1 ünvanda yaşayan, xx.xx.1991 təvəllüdlü Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) vəsaitin alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xüsusi hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 1(004)-310/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən onun üzərinə cəza çəkdiyi müddət ərzində axşam saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və hökmün icrası barədə hakimin göstərişi icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Məhkum Cavabdeh xx.xx.2022-ci il tarixdə idarənin qeydiyyatına alınmış və ona "Attenti" markalı 1 ədəd elektron qolbaq onun ayağına bağlanılmış, 1 ədəd mobil nəzarət qurğusu, həmin qurğunun 1 ədəd enerji adapterindən ibarət elektron nəzarət vasitələri tətbiq edilmişdir. Eyni zamanda məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərində çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib edilmiş protokoldan göründüyü kimi elektron nəzarət vasitələrini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh barəsində izlənmə məlumatı gəlmədiyinə görə idarəyə dəvət olunan zaman, elektron nəzarət vasitəsinin 35654884 saylı mobil qurğunun olmadığı aşkar olunmadı. Bununla bağlı Cavabdeh izahatı alınmış, izahatında Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinin tələbləri, yəni tətbiq edilmiş elektron nəzarət vasitələrini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı barədə xəbərdar edildiyini qeyd etmişdir. Məhkum tərəfindən zərər elektron nəzarət vasitəsinin dəyərinin könüllü şəkildə ödənilməsi ilə bağlı tərəfimizdən Cavabdeh müvafiq bildiriş göndərilmiş, lakin məhkum keçən müddət ərzində elektron nəzarət vasitəsinin dəyərini ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddi tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, qurğunu bilərəkdən itirməmişdir.xx.xx.2023-cü il tarixdə qəzaya düşmüş, skuter onu vurmuşdur. Həmin vaxt huşunu getmiş və qurğunu itirmişdir. Onu skuterlə vuran şəxs tapılmamış, o isə qəzadan sonra evə getmişdir. Anası daha sonra tibbi yardım çağırmışdır. Qəzaya düşməsi ilə bağlı fotoşəkillər var. Həmin gün qəza baş verən ərazidə qurğunu axtarmağa çalışmış, orada yerləşən növbətçidə səhərə kimi gözləmişdir. Qəza barədə polisə məlumat verməmişdir. Yalnız icra məmuruna bu barədə məlumat vermişdir. Verilən suala cavab olaraq bildirdi ki, bundan əvvəl də onda olan eyni qurğu oğurlandığından ona 2200 manat cərimə yazılmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada iddiaçıya məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-310/2022 saylı Hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Cavabdeh yaşadığı Bakı şəhəri Yasamal rayonu Ə.Cavad küçəsi ev 37 A ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Cavabdeh üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulması, Hökmün icrasına nəzarət Cavabdeh yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməsi, Cavabdeh cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Cavabdeh tutulub dövlət nəfinə keçirilməsi, Cavabdeh narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,305 qram həmin psixotrop maddə-metamfetamin məhv edilməsi, Cavabdeh üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılması, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməsi hökm edilmişdir. xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134.1 maddəsi ilə təqsirli bilinərək 2 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkəmə hökmü ilə üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-a tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzaya nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Ona icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlməli olduğu izah edilmişdir. Bildirir ki, o, törətdiyi əməldən peşmandır. Cəzaçəkməkdən və elektron nəzarət rəsini gəzdirməkdən imtina etmir. Probasiya məmuru tərəfindən ona bildirilib ki, barəsində şikayət daxil olsa, ictimai qaydanı kobud şəkildə pozsa, həbs olunsa və ya il ərzində probasiya məmuru tərəfindən barəsində 3 dəfə tənbeh tədbiri qismində töhmət verilsə, cəzasının dəyişdirilməsi üçün məhkəməyə təqdimat veriləcək. Ona hökmlə müəyyən olunmuş halları pozduqda Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-7-ci maddəsi ilə məhsuliyyət daşıyacağı izah edilib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1013/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə (X1, M/H : AZ41NABZ********************, VÖEN **********, kod 210005, SWİFT CTREAZ22) ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, o, Yasamal Rayon Məhkəməsinin 1(004)-310/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzasının icra olunduğu müddət ərzində üzərinə elektron qolbağı gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Semaçko adlanan yerdə "metadon suyu” içib getmişdir atasının qəbr üstünə. Ordan evə qayıdanda Salyanski kazarma deyilən yerdən yol gələndə skuter onu vurub yıxmışdır. Səndələyib yıxılmışdır. Huşunu bir neçə saniyəlik qısa müddətə itirmişdir. Və bir də baxdır ki, mobil qurğu üzərindən düşüb, neçə saat mobil qurğunu axtarmış, lakin tapa bilməmişdir. Sabahsı günü anası zəng vurub icra məmuruna demişdir. Bir anlıq nə baş verdiyini anlamamışdır. Qısa müddətlik huşu getmiş və bir də baxmışdır ki, mobil qurğu yoxdur. Sındımı, oğurlandımı anlamamışdır. Oradakı insanlardan, xadimələrdən hər kəsdən soruşmuş, saatlarla axtarmış. Lakin tapa bilməmişdir. Mobil qurğu tapılmadığı halda ENV-noin məbləğinin ondan tutulacağını bilir. Məbləği dərhal və birdəfəlik ödəməyə imkanı yoxdur, xahiş edir ki, ona 1-2 gün qurğunu tapmağa möhlət verilsin. Tapmadığı təqdirdə cəzaya razıdır. xx.xx.2024-cü il tarixli Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Texniki Rəydən görünür ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsindən emal üçün götürdükləri Attenti sadə qolbağının komplektasiyası pozulmuşdur. Belə ki, yoxlama nəticəsində komplektə daxil olan V6 mobil qurğu və kabura aşkarlanmamışdır. Bunları nəzərə alaraq bu cihazın komplekti təkrar istifadəyə yararsız olduğu müəyyən olunmuşdur. İşin mübahisəsiz halı odur ki, cavabdehə məhkəmə hökmünə əsasən 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş və ona elektron qolbaq təhkim edilməklə digər qurğularla birlikdə təhvil verilmişdir. Lakin cavabdeh həmin qurğuya aid olan qolbağı itirmişdir. Hazırda iddiaçı cavabdehə təhvil verilmiş və onun tərəfindən itirilmiş elektron nəzarət qurğusunun dəyəri olan 2277,4 manat məbləğində pulun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsini xahiş edir. Belə ki, mübahisə predmeti olan əşyaların cavabdehə təhvil verildiyi müəyyən edilmiş, lakin həmin əşyaların geri qaytarıldığı müəyyən edilməmişdir. Həmçinin iş materiallarında olan izahatdan da müəyyən edilmişdir ki, cavabdeh nəzarət qurğusuna aid olan qolbağı qəza nəticəsində itirdiyini etiraf etmişdir. Belə olan halda dövlət büdcəsinə həmin əmlakın dəyəri həcmində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar