Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2325/2023 30.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahı Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-6934/2017 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X1 üçün məhkəmə qərarı ilə 136.6 manat alimentin müəyyən edilmişdir. Cavabdeh bu müddət ərzində onunla və övladları ilə maraqlanmamışdır. Nikahları pozulduğu gündən bu günə qədər cavabdeh uşağın saxlanılması üçün alimentdən əlavə heç bir maddi köməklik göstərməmiş, heç zaman uşağı və onların həyat şəraiti ilə maraqlanmamış, atalıq məsuliyyətini dərk etməmişdir. Müəyyən edilmiş aliment məbləğinin ödənilməsində də çox zaman süni gecikmələr yaratmışdır. Baxmayaraq ki, cavabdehin övladlarını saxlanılması üçün kifayət qədər normal imkanları var. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə 2023-cü il büdcəsində bir uşağın saxlanılması üçün minimum məbləğ 220 manat müəyyən edilmişdir. İddiaçı 30 may 2023-cü il tarixdə məhkəmə ərizə yazaraq, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbi ilə razı olmadığını, heç yerdə işləmədiyini və maddi imkanının olmadığını, bir müddət ağır işlərdə işlədiyini, lakin belində problem olduğu üçün davam etdirə bilmədiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 2(004)-6934/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı X7 ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2016-cı il tarixli 2198 nömrəli akt qeydi ilə 3 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, iddiaçı X7 ilə Cavabdeh ümumi uşaqları 10 mart 2017-ci il təvəllüdlü X4 iddiaçı X5 yanında qalması, tərəflərin ümumi uşaqları 10 mart 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 136.6 manat alimentin alınıb iddiaçıya verilməsi, alimentin xx.xx.2017-ci il tarixdən etibarən tutulması və qətnamənin aliment hissəsində dərhal icra olunması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X6 haqqında xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Binəqədi rayon Məşğulluq Mərkəzinə müraciət etmişdir, xx.xx.2020-ci il tarixdə ona işsiz statusu verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə 10 mart 2017-ci il təvəllüdlü X2 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq 190 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin övladını saxlaması üçün kifayət qədər normal imkanlarının olmasını qeyd etsə də, onun tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə, cavabdeh tərəfindən onun Məşğulluq Mərkəzində işsiz statusu ilə qeydə alınması barədə arayış təqdim olunmuşdur. Məhkəmə iddia tələbini qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-6934/2017 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı Quliyeva (Mahmudova) Aygün Eynulla qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2325/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2325/2023
30.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver