Məhkəmə qərarları › İş №2(004)-2343/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2343/2022

31.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2343/2022 31.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X8 və X4 qarşı maddi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X8 və X1 mənzilinə dəymiş ümumilikdə 3015 (üç min on beş) manat məbləğində maddi ziyanın və tərəfidən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun müştərək qaydada tutularaq, onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehlər X8 və X2 əsl Cavabdeh ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 19 avqust 2021-ci il tarixdə, saat 09 radələrində ünvan 1 ünvanda yaşadığı fərdi yaşayış evində olarkən səs eşidərək, yuxudan oyanmışdır. Dərhal çölə çıxdıqda evin tavanının tüstüləndiyini və evin dam hissəsində qığılcım olduğunu görmüşdür. İddiaçı evin çardaq hissəsinə yaxın “32 çeşid” kafesinin kondisionerinin kompressorundakı yanğını söndürməyə çalışdıqlarını görmüşdür. Yanğın nəticəsində onun evinin çardağı yanaraq, yararsız vəziyyətə düşmüş, yanğının söndürülməsi zamanı verilən suyun təsirindən evinə ziyan dəymişdir. Hadisə ilə əlaqədar FHN-in DYNX-in 2-ci Ərazi DYNX-in böyük inspektoru, daxili xidmət mayoru Eldar Qasımov tərəfindən yoxlama aparılmış və araşdırmanın davam etdirilməsi üçün toplanmış material FHN-in Əməliyyat-istintaq İdarəsinə göndərilmişdir. Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısı, mayor Rüfət Nuruyevin 28 oktyabr 2021-ci il tarixli qərarı ilə X5 və X3 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı tərəfindən cavabdehlərə dəfələrlə xəbərdarlıq verilsə də cavabdehlər bunlara laqeyd qalmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 3015 (üç min on beş) manat məbləğində pul və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, hadisə nəticəsində ətrafdakı yaşayış evlərinə dəymiş ziyan tərəflərindən qarşılanmışdır. Hazırda iddiaçı olaraq çıxış edən zərərçəkmiş İddiaçı evinə dəyən zərəri qarşılamaq üçün maddi imkanları çatmamışdır. Hesab edir ki, eskpertiza rəyi ilə dəyən zərərin məbləği şişirdilmişdir. Dəymiş zərərə görə hissə-hissə olmaqla 2000 manat məbləğində ödəniş edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən MA ******* seriyalı, 13.08.2011-ci il tarixli reyestrdən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu 7-ci Sallaxana küçəsi, 24/65 saylı evin ¼ hissəsi X5 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən 24.09.2018-ci il tarixli reyestrdən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu 7-ci Sallaxana küçəsi, 22/80 saylı evin 1/3 hissəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri 28 saylı notariat ofisində bağlanmış 23.12.2018-ci il tarixli 3M-504 nömrə ilə reyestrdə qeydə alınan icarə müqaviləsindən müəyyən olunur ki, X8 Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaxana küçəsi 24/65 evin paylı mülkiyyət hüququ əsasında ona məxsus olan ¼ hissəsini (ət satışı üçün) və X7 Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaxana küçəsi 24/65 evin paylı mülkiyyət hüququ əsasında ona məxsus olan ¼ hissəsini (iaşə xidmətləri üçün) Cavabdeh hər ay 300 manat ödənilməsi şərti ilə 10 il müddətinə- 23.12.2028-ci il tarixə kimi cavabdeh icarəyə vermişdirlər. İcarə müqaviləsinin 10-cu bəndinə əsasən icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri icraçı tərəfindən həyata keçirilir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin 1383 saylı materialı məhkəməyə daxil olmuşdur. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYNX-nin 2-ci ərazi X11 İdarəsinə vermiş olduğu 19.08.2021-ci il tarixli izahatında bildirmişdir ki, 19 avqust 2021-ci il tarixində “32 çeşid” kafesinin kondisionerinin kompressorunda baş verən ətrafa yayılan yanğının söndürülməsi zamanı verilən suyun nəticəsində evinin divarları, ev əşyaları, kağız üzlükləri korlanmışdır, evinə 10000 (on min) manat ziyan dəymışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14.10.2021-ci il tarixli, 10/4809 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən olunur ki, ünvan 2 ünvanında baş vermiş yanğın nəticəsində yaşayış evlərində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri İddiaçı məxsus tikili üzrə təqribən 2675 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12.10.2021-ci il tarixli, 10/4806 saylı məhkəmə yanğın və texnoloji partlayışlarının tədqiqi ekspertizasının rəyində göstərilmişdir ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə yanğının mənbəyi-tikilinin tavanının yuxarı hissəsində, kondisionerin mühərrikinin yerləşdiyi sahədə olmuşdur. Hadisənin baş vermə şəraiti, baxış zamanı müəyyən edilmiş halları nəzərə alaraq yanğın-mənbə zonasında yerləşən kondisioner mühərrik hissəsinin içərisindəki elektrik keçirici hissələrdə baş vermiş elektrotexniki qəzanın təsirindən baş verməsi üçün xarakterikdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.10.2021-ci il tarixli, 9/6661 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, 19 avqust 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən yaşayış evində baş vermiş yanğın nəticəsində əmlak üzrə zərərçəkmiş İddiaçı 340 manat maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası FHN-nin Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısı, mayor Rüfət Nuruyevin 28 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, X5 və X3 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan ********* nömrəli qəbzdən müəyyən olunur ki, İddiaçı məhkəmədə iddia qaldırması üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 19 avqust 2021-ci il tarixində Cavabdeh 23.12.2018-ci il tarixli 3M-504 nömrə ilə reyestrdə qeydə alınan icarə müqaviləsi əsasında icarəsində olan “32 çeşid” kafesinin kondisionerinin kompressorunda baş verən yanğın nəticəsində (yanğının söndürülməsi zamanı) İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinə ziyan dəymişdir. İddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Sallaxana küçəsi, 22/80 saylı evə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14.10.2021-ci il tarixli, 10/4809 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən 2675 manat məbləğində, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.10.2021-ci il tarixli, 9/6661 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən 340 manat məbləğində zərər dəymişdir. Məhkəmə hesab edir ki, ümumilikdə (2675+340)=3015 manat məbləğində dəymiş ziyan Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 191.3, 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 3015 (üç min on beş) manat məbləğində pul və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar