Məhkəmə qərarları › İş №2(004)-2357/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2357/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2357/2022 16.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 01.04.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 12.07.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 740,5 manat əsas borc, 50 manat cərimə, icranı gecikdirdiyinə görə illik 5% olmaqla iki il beş ay üçün 92,56 manat olmaqla ümumilikdə 883,06 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 05.05.2022-ci il tarixdə ərizə göndərərək 16.05.2022-ci il tarixli məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə onun arasında bağlanılmış 12.07.2019-cu il tarixli, 9.902.000221 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 995,3 manat dəyərində olan məişət avadanlıqlarını əldə etmişdir. Cavabdeh həmin müqavilə üzrə ilkin ödəniş olaraq 149,3 manat ödəni etmiş, qalıq 846 manatı 12 ay ərzində hər ay 70,5 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, borca 105,5 manat ödəsə də, qalıq borcu 740,5 manatdır. Borcun ödənilməsini təmin etmək məqsədilə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış, 24.11.2021-ci il tarixli, 063 nömrəli məktubla xəbərdarlıq göndərilərək borcun 5 gün ərzində ödənilməsi xahiş olunsa da, tələb icra edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında bağlanmış 12.07.2019-cu il tarixli, 9.902.000221 nömrəli nisyə alğısatqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən müqaviləyə 1 saylı əlavədə göstərilən əşyaları Cavabdeh verməyi, alıcı isə bunun müqabilində əşyaların dəyəri olan 995,3 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş 12.07.2019-cu il tarixli, 9.902.000221 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri 995,3 manat, 149,3 mant ilkin ödəniş olmaqla 846 manat təşkil edir və aylıq 70,5 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş 28.02.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 12.07.2019-cu il tarixli, 9.902.000221 nömrəli alğı-satqı müqaviləsi üzrə 846 manat əsas borca 105,5 manat ödəniş etmiş, 740,5 manat əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas və cərimə borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehdən gecikdirilmiş vaxt üçün 92,56 manat pulun tutulması hissəsində təmin edilməməlidir. Çünki bu hissədə tələb kifayət qədər əsaslandırılmamışdır. Habelə, maliyyə arayışında da bu borc göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12.07.2019cu il tarixli, 9.902.000221 saylı müqavilə üzrə 740,5 manat əsas borc, 50 manat dəbbə borcu olmaqla, ümumilikdə 790,5 (yeddi yüz doxsan manat əlli qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12.07.2019-cu il tarixli, 9.902.000221 saylı müqavilə üzrə 740,5 manat əsas borc, 50 manat dəbbə borcu olmaqla, ümumilikdə 790,5 (yeddi yüz doxsan manat əlli qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar