Məhkəmə qərarları › İş №2(004)-2357/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2357/2023

25.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2357/2023 25.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hazırda himayəsində olan yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4389/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 17 aprel 2010-cu il tarixində nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 adında 02 (iki) uşağı anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan aralarında narazılıqlar, mübahisələr başladı və anladılar ki, xasiyyətləri üst-üstə düşmür və xaraktercə başqabaşqa adamlardılar. O, ailəsinin dağılmasını istəmirdi, amma birlikdə yaşamaqları da mümkün deyildi. Bu səbəbdəndə nikahları Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4389/2021 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan övladları xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 onun yanında saxlanılması müəyyən edilmiş və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa 175 manat, ümumilikdə 350 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. İlk zamanlar tutulan aliment məbləği ilə uşaqlarını çətinliklədə olsa saxlaya bildi, indi isə uşaqlar böyüdükcə həmin miqdarda olan pul vəsaiti ilə uşaqlarını saxlamaq və onların artan təlabatını ödəmək çox çətindir. Cavabdeh taksist işləyir və imkanı çatır ki, alimenti artıq miqdarda ödəsin. Ona görə də, alimentin artırılması üçün məhkəməyə müraciət etməli oldu. Buna görə də, hesab edir ki, hazırda himayəsində saxlanılan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək onların saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarı artırılaraq, hər ay hər uşaq üçün sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat aliment tutulub ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh aliment ödəmir, iki ay qabaq uşaqları çıxardıb evindən, hal-hazırda onlar qonşuluqda kirayə qalırlar. 350 manat aliment pulundan 250 manatını kirayə haqqı ödəyir. Cavabdeh özü rəsmi heç yerdə işləmir, taksi fəaliyyəti ilə məşğuldur. Bu günə kimi 6000 manat borcu yığılmışdır, polis tərəfindən axtarışdadır, məcburi gətirilmə barədə qərarda var. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4389/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı hazırda cavabdehdən tutulan alimentin məbləğinin hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində artırılmasını tələb edir. Hazırki iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə hesab edir ki, iddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4389/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılmasını xahiş etsə də, sonuncu tərəfindən cavabdehin maddi vəziyyətində dəyişilik olması, şəraitin dəyişməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, təkcə bu müddət ərzində uşaqlar üçün yaşayış minimumunun artması alimentin artırılması üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır. Məhkəmə iddia tələbini təmin etməyərkən eyni zamanda onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları, hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, habelə uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar