Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2358/2022 26.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Əfəndiyeva Gülnar Füzuli qızının katibliyi ilə İddiaçı Evfemiya MMC-nin cavabdeh Avazlı (Xalıqova) Təhminə Hidayət qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Evfemiya MMC cavabdeh Avazlı (Xalıqova) Təhminə Hidayət qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Avazlı (Xalıqova) Təhminə Hidayət qızından 06.04.2019-cu il tarixli EKK-002868 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 675 manat əsas borcun, icranı gecikdirdiyinə görə illik 5 faiz olmaqla 2 il 8 ay üçün 94,50 manat, habelə 50 manat cərimənin, ümumilikdə 819,50 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub Evfemiya MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbələri barədə məhkəməyə heç bir məlumat verməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan satıcı Evfemiya MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 06.04.2019-cu il tarixli EKK-002868 nömrəli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, satıcı əmlak adlandırılacaq bu müqavilənin ayrılmaz hissəsi olan 1 №li əlavədə göstərilmiş malları alıcıya satmağı, alıcı isə bunun müqabilində satıcıya bu müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş qaydada və müddətdə cəmi 3749,28 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 1 nömrəli əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh 06.05.2019-cu il tarixdən 06.04.2020-ci il tarixədək hər ay 225 manat, cəmi 2700 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 06.04.2019-cu il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, sözügedən əşyalar Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 06.04.2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə 3749,28 AZN məbləğində məişət avadanlığı əldə etdiyini, 1049,28 AZN ilkin ödəniş etdiyini, qalan 2700 AZN məbləği 12 ay müddətinə aylıq 225 AZN olmaqla Evfemiya MMC-yə ödməyi öhdəsinə götürdüyünü bildirmişdir. İş materiallarında olan 24.11.2021-ci il tarixli xəbərdarlığa əsasən müəyyən olunur ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 28.02.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki,borclu Cavabdeh EKK-002868 saylı, 06.04.2019-cu il tarixli nisyə satış müqaviləsi üzrə 675 (altı yüz yetmiş beş) manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Avazlı (Xalıqova) Təhminə Hidayət qızından 06.04.2019-cu il tarixli EKK-002868 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 675 manat əsas, icranı gecikdirdiyinə görə illik 5 faiz olmaqla 68 manat, 10 manat cərimə, cəmi 753 manat borc, 30 manat dövlət rüsumu tutularaq iddiaçı Evfemiya MMC-yə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh öz öhdəliklərini yerinə yetirməyərək borcunu tam ödəməmişdir. Məhkəmə qeyd edir ki, cərimə məbləğinin miqdarı əsas borca mütənasib olmadığından azaldılmalı, 10 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin icranı gecikdirdiyinə görə illik 5 faiz olmaqla 2 il 8 ay üçün 94,50 manat tələbi ilə bağlı qeyd edir ki, illik 5 faiz cərimə müqavilənin bitmə tarixindən hesablanmalı olduğundan, müqavilənin bitmə tarixi 06.04.2020-ci il tarix olduğundan, 06.04.2022-ci il tarixədək, iki il müddətinə illik 5%, 68 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Avazlı (Xalıqova) Təhminə Hidayət qızından 06.04.2019-cu il tarixli EKK- 002868 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 675 manat əsas, icranı gecikdirdiyinə görə illik 5 faiz olmaqla 68 manat, 10 manat cərimə, cəmi 753 manat borc, 30 manat dövlət rüsumu tutularaq iddiaçı Evfemiya MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2358/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2358/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver