Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2360/2022 24.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Əliyeva (Hümbətova) Arzu Aslan qızına qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Əliyeva (Hümbətova) Arzu Aslan qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Əliyeva (Hümbətova) Arzu Aslan qızı ilə İddiaçı MMC arasında bağlanılmış 09.01.2019-cu il tarixli EKK-001928 nömrəli və 05.06.2019-cu il tarixli GNK-001675 nömrəli nisyə alqı-satqı müqavilələrinə əsasən müvafiq olaraq 5.964,40 manat və 498,70 manat dəyərində məişət avadanlıqlarını əldə etmişdir. Cavabdeh (Hümbətova) 09.01.2019-cu il tarixli EKK-001928 nömrəli müqavilə üzrə ilkin ödəniş olaraq 1020,40 manat ödəniş etmiş, qalıq 4.944 manatı 12 ay müddətində hər ay 412 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə 3.708 manat ödənilmiş, qalıq borc isə 1.236 manat təşkil edir. 05.06.2019-cu il tarixli GNK- 001675 nömrəli müqaviləyə əsasən isə o, ilkin ödəniş olaraq 89,70 manat ödəmiş, qalıq 400 manatı 10 ay müddətinə hər ay 40 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə 120 manat ödənilmiş, qalıq borc isə 280 manat təşkil edir. Borcun ödənilməsini təmin etmək məqsədilə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış, həmçinin, Cavabdeh (Hümbətovaya) 24.11.2021-ci il tarixli 064 nömrəli məktubla xəbərdarlıq göndərilərək borcun 5 gün ərzində ödənilməsi xahiş olunsa da, tələb icra edilməmişdir. Göstərilənlərə əsasən Əliyeva (Hümbətova) Arzu Aslan qızından 09.01.2019-cu il tarixli EKK-001928 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1.236 manat əsas borcun, icranı gecikdirdiyinə görə illik 5 faiz olmaqla 2 il 1 ay üçün 130 manat, habelə 50 manat cərimənin; 05.06.2019-cu il tarixli GNK-001675 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 280 manat əsas borcun, icranı gecikdirdiyinə görə illik 5 faiz olmaqla 2 il 6 ay üçün 36,4 manat, habelə 50 manat cərimənin, ümumilikdə isə 1.782,4 manat vəsaitin və ödənilmiş 37,82 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Əliyeva (Hümbətova) Arzu Aslan qızına məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmiş, lakin cavabdeh qeyd edilən ünvanda yaşamadığı üçün bildirişin çatıdırlması da mümkün olmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, cavabdeh Əliyeva (Hümbətova) Arzu Aslan qızı ilə İddiaçı MMC arasında bağlanmış 09.01.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 5964.40 manat olan məişət avadanlıqlarını nisyə satmış, alıcı həmin məbləği hər ay 412 manat ödəmək şərti ilə 12 ay müddətinə (ilkin ödəniş 1020.40 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür. 05.06.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 498.70 manata məişət avadanlıqlarını nisyə satmış, alıcı həmin məbləği hər ay 40 manat ödəmək şərti ilə 10 ay müddətinə (ilkin ödəniş 89.70 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin 09.01.2019-cu il tarixli müqavilə üzrə 3708 manat, 05.06.2019cu il tarixli üzrə isə 120 manat ödəniş etmişdir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış 09.01.2019-cu il tarixli EKK-001928 nömrəli və 05.06.2019-cu il tarixli GNK-001675 nömrəli müqavilələrinin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissəhissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh İddiaçı MMC-dən aldığı məişət avadanlıqları müqabilində verməli olduğu pul vəsaitini müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, MMC tərəfindən hesablanmış 05.06.2019-cu il tarixli müqavilə üzrə 50 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 05.06.2019-cu il tarixli müqavilə üzrə 25 manat məbləğinədək azaldılmalıdır. Məhkəmə iddia tələbinin icranı gecikdirdiyinə görə 09.01.2019-cu il tarixli müqavilə üzrə illik 5 faiz olmaqla 2 il 1 ay üçün 130 manat, 05.06.2019-cu il tarixli müqavilə üzrə isə 2 il 6 ay üçün 36.4 manat məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Belə ki, İddiaçı MMC ilə Əliyeva (Hümbətova) Arzu Aslan qızı arasında bağlanmış 09.01.2019-cu il tarixli EKK-001928 nömrəli və 05.06.2019-cu il tarixli GNK-001675 nömrəli müqavilələrinin müvafiq bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 3%-i həcmində mübahisəsiz olaraq peniya ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələri əsasən əsas borc üzrə hər hansısa bir əlavə faizlərin hesablanması nəzərdə tutulmamış, əsas borcun gecikdirilməsinə görə yalnız dəbbə ödnilməsi şərtləndirilmişdir. Məhkəmə bu hissədə iddianı təmin etməyərkən həm də iddiaçının nisyə alqı-satqı müqavilələri üzrə tələb olunan borc məbləğini vaxtında icra etməməsi nəticəsində hesablanmış cərimə borcu üzrə iddia tələbinin bir müqavilə üzrə tam, digər müqavilə üzrə isə qismən təmin edilməsini, tələb edilən və təmin edilmiş cərimə məbləğinin mahiyyət etibari ilə məhz əldən çıxmış fayda üzrə kompensasiya olmasını da, nəzərə alır. Bundan başqa iddiaçı tərəfindən müqavilələr üzrə gecikdirilmiş əsas borca görə illik 5 faiz miqdarında tələb edilən məbləğlə bağlı məhkəməyə sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 09.01.2019-cu il tarixli müqaviləyə əsasən 1236 (bir min iki yüz otuz altı) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu; 05.06.2019-cu il tarixli müqaviləyə əsasən 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə pulu; ümumilikdə 1591 (bir min beş yüz doxsan bir) manat məbləğində pul vəsaiti cavabdeh Əliyeva (Hümbətova) Arzu Aslan qızından tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 37 (otuz yeddi) manat 82 (səksən iki) qəpik dövlət rüsumunun 10.7%-i, yəni 4 (dörd) manat 07 (yeddi) qəpiyi iddiaçıya aid edilsin, qalan 89.3%-i, yəni 33 (otuz üç) manat 75 (yetmiş beş) qəpik məbləğində pul vəsaiti cavabdeh Əliyeva (Hümbətova) Arzu Aslan qızından tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasmm MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 09.01.2019-cu il tarixli müqaviləyə əsasən 1236 (bir min iki yüz otuz altı) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu; 05.06.2019-cu il tarixli müqaviləyə əsasən 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə pulu; ümumilikdə 1591 (bir min beş yüz doxsan bir) manat məbləğində pul vəsaiti cavabdeh Əliyeva (Hümbətova) Arzu Aslan qızından tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 37 (otuz yeddi) manat 82 (səksən iki) qəpik dövlət rüsumunun 10.7%-i, yəni 4 (dörd) manat 07 (yeddi) qəpiyi iddiaçıya aid edilsin, qalan 89.3%-i, yəni 33 (otuz üç) manat 75 (yetmiş beş) qəpik məbləğində pul vəsaiti cavabdeh Əliyeva (Hümbətova) Arzu Aslan qızından tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2360/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2360/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver