Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2361/2021 16.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə İddiaçı X2 cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı sığorta hadisəsi nəticəsində vurulmuş zərərin düzgün hesablanması, ödənilməsi və gecikdirməyə görə dəbbə pulunun hesablanması tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, cavabdehlərdən sığorta hadisəsi nəticəsində ona dəymiş ziyana görə 6000 manat zərərin, gecikməyə görə sığorta məbləğinin 0,1 faizi həcmində dəbbə pulu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, 13 avqust 2020-ci il tarixdə Sumqayıt şəhər sakini olan Cavabdeh1 idarə etdiyi “Kamaz 55111 yük” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçının yaşadığı İsmayıllı rayon Tircan kəndində yerləşən həyətinə tikinti məqsədi ilə istifadə etmək üçün mişar daşı gətirmişdir. Həmin vaxt sürücünün səhlənkarlığı nəticəsində yüklü avtomaşın geriyə gedərək tövlə binasını dağıdaraq tamamilə yararsız vəziyyətə salmışdır. Qeyd edilən hadisə nəticəsində təqribən tövləsinə 6500 manat məbləğində zərər dəymişdir. “Kamaz 55111 yük” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil “Azsığorta’ ASC tərəfindən sığortalı olduğundan vurulmuş zərər sığorta şirkəti tərəfindən ödənilməli idi. Lakin şirkət tərəfindən cəmi 328 manat sığorta pulu hesablanmışdır. O, həmin hesablanmış zərərlə razılaşmayaraq şirkətə zərərin yenidən hesablanması barədə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin şirkət yerində baxış keçirmədən, yalnız fotolora baxaraq sığorta ödənişinin təqribən 670 manat hesablandığını şifahi qaydada telefon vasitəsi ilə bildirmişdir. O, bununla razılaşmadıqda yenidən 2500 manat təklif edilmişdir. Lakin cavabdeh sığorta şirkətinin onunla belə bazar açması onu qane etməmişdir. Şirkət əməkdaşı tərəfindən yerində təkrarən baxış keçirilməklə zərər yenidən hesablanması təmin edilməmiş, sığorta hadisəsi nəticəsində vurulmuş zərər düzgün hesablanıb ödənilməmişdir. Belə ki, tövlə binası tamamilə sökülməli, bunun üçün ən azı 500 manat tələb olunur. Yenidən tikilməsi üçün təkrar material alınmalıdır. Bunun üçün ən azı 3500 manat vəsait tələb olunur. Usta xərci isə ən azı 2000 manat təşkil edir. Onun sadə hesablamaları ilə 6000 manat xərc tələb olunur. Cavabdeh sığorta şirkəti isə ona qeyri-rəsmi olaraq cəmi 2500 manat təklif edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddianı qismən qəbul edərək izahatında bildirdi ki, göstərilən məbləğ şişirdilmişdir. İlk öncə fotolar əsasında qiymət təklif edilib. Sonra yerli baxış keçirilmişdir. Son qiymət, yəni 670 manat zərər çəkmiş şəxsə təklif edilmişdir. Sığorta şirkətinin məsuliyyət həddi 5000 manat təşkil edir. Belə ki, sıgorta müqaviləsində sııgorta məbləgi 5000 manat müəyyən edilmişdir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 13.1.-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2.-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 20.2.-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli 10/2651 saylı rəyinə əsasən İsmayıllı rayonu Tircan kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsində nəqliyyat hadisəsi nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 1765,5 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə dəymiş zərər ekspert rəyi ilə 1765,5 manat məbləgində müəyyən edildiyindən və bu məbləğ sığorta məbləgi ilə əhatə olunduğundan iddia sığorta şirkətinə qarşı hissədə təmin edilməli, digər cavabdehə münasibətdə isə rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının sığorta məbləğinin 0,1 faizi həcmində dəbbə pulu tələbi də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə hesab edir ki, cavabdeh sığorta şirkəti tərəfindən dəymiş zərər düzgün hesablanmadığından və qanunla müəyyən edilmiş müddətdə sığorta ödənişi verilmədiyindən, iddia 01 sentyabr 2020-ci il tarixdən 16 noyabr 2021-ci il tarixədək olan müddət üçün 1765,5 manat zərər məbləğinin 0,1 faizi (1765,5 x 0,1%) x 1 il 1 ay 15 gün)= 723,86 manat dəbbə tələbi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 12,50 manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, ekspertiza xərci də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 1765,5 (min yeddi yüz altmış beş manat əlli qəpik) manat sıgorta ödənişi, 723,86 (yeddi yüz iyirmi üç manat səksən altı qəpik) manat dəbbə pulu, 12,50 (on iki manat əlli qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı X3 ödənilsin. 50 manat ekspertiza xərcinin 29 (iyirmi doqquz) manatı iddiaçı X1, 21 (iyirmi bir) manatı cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X4 kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, Sfift Bik CTREAZ22; Mərkəzin VÖEN-i **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2361/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2361/2021
16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver