Məhkəmə qərarları › İş №2(004)-2362/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2362/2023

14.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2362/2023 14.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “zərərin əvəzi olaraq 10000 manat pul ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “zərərin əvəzi olaraq 10000 manat pul ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində ünvan 1 ünvanının qarşısında küçə ticarəti ilə məşğul olan zaman Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşlarıiddiaçıya məxsus piştaxtanı sındırmış, onun əmlakını zədələmiş, nalayiq ifadələrlə iddiaçını və ailəsinin təhqir etmişlər. Nəticədə, iddiaçı özünə qəsd etmiş və cavabdeh orqanın əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 10.000 manat maddi zərər vurulmuşdur. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia ərizəsində göstərilən xüsusatları müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Yasamal Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərara əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə özünü yandırması faktı ilə əlaqədar aparılmış araşdırmanın nəticəsində toplanmış 380-C-22 nömrəli yoxlama materialı üzrə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırma hissəsinə əsasən müəyyən olunur ki, İddiaçı asılı olduğu şəxs və ya şəxslər tərəfindən bu və ya digər formada mütəmadi təzyiqlərə məruz qalması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. MM-in 1119.1-ci maddəsinə əsasən, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, real zərər və əldən çıxmış fayda başa düşülür. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə Yasamal Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarının preyudisiallığı nəzərə alınmaqla yuxarıda qeyd olunan 1-ci (birinci) və 3-cü (üçüncü ) dispozitiv şərtlər ödənilmir. İkinci dispozitiv şərtin mövcudluğu müəyyən olunsa da, həmin xüsusata dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, iddia olunan 10.000 manat zərərin əmələ gəlməsi və hesablanması hallarına dair hər hansı sənəd, sübut təqdim edilməmiş, mülahizə bildirilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü iddiaçının üzərinə olsa da, iddiaçı tərəfindən iddia tələbində göstərilən xüsusatların sübut edilməsi təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Belə ki, iş materiallarına əsasən iddiaçının həqiqətən də özünə qəsd edərək zərər vurması müəyyən edilsə də, məhz həmin zərərin cavabdehin təqsiri üzündən əmələ gələməsi halları müəyyən edilmir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “zərərin əvəzi olaraq 10000 manat pul ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan və sübuta yetirilmədiyindən təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “zərərin əvəzi olaraq 10000 manat pul ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar