Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2368/2022 25.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.03.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Yasamal Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli, 2(004)-3546/2020 saylı qətnaməsi ilə cavabdehdən tutulan aliment məbləğinin dəyişdirilərək hər ay 193 manat sabit pul məbləğində müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin həmin qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı uşağın saxlanılması üçün kifayət etmir. Odur ki, qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hal-hazırda mövcud olan dövlət tərəfindən uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumuna uyğunlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh ondan tutulacaq alimentin 50 faizinin uşağının adına bank hesabı açılaraq həmin hesaba köçürülməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə–qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarını müəyyən edərkən, məhkəmə uşağın və iddiaçının mənafelərini, onların əvvəlki təminat səviyyəsini, eyni zamanda 170 manat alimentin uşağın maddi tələbatını ödəməməsini, iddiaçının alimenti sabit pul məbləğində tutulması barədə tələbini, Respublikada 2022-ci ildə müəyyən olunmuş yaşayış minimumunu nəzərə alır və hesab edir ki, iddia tələbi təmin edilərək cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat aliment tutulmaqla iddiaçıya ödənilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Məhkəmə hesab edir ki, aliment yaşayış minimumu həddində, yəni uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin dəyəri həddində müəyyən edildiyindən onun 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsi uşağın bu gün minimum tələbatının ödənilməsini təmin etməyəcək. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin 50 faizi uşağın bank hesabına köçürülə bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçılar aliment alınması barədə iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı iddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, 43,20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli, 2(004)-3546/2020 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 28.03.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 43,20 (qırx üç manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2368/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2368/2022
25.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver