Məhkəmə qərarları › İş №2(004)-2373/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2373/2021

24.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2373/2021 24.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müracət edərək 3461 manat maddi zərər, 1000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu və hüquqi xidmətə görə 120 manat, cəmi 4611 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici dairəvi yolu, ev 20 giriş 3 mənzil 196-nın sahibidir. 25.12.2020-ci il tarixində mənzilini bir mərtəbə yuxarıda yerləşən 201-ci mənzildən suyun axması nəticəsində su basmışdır. Üst qonşudan mətbəx hissəsinə əvvəlcə damcı, daha sonra yüksək təzyiqlə su axmışdır. Hadisə nəticəsində tavanın alçipanı ilk öncə deformasiyaya uğramış, daha sonra isə parçalanmış və yerə düşmüşdür. Həmin dəqiqə MTK-nın işçilərini çağırmışdır və akt tərtib edilmişdir. Üst mənzildə yaşayan kirayəçiyə xəbərdarlıq edilmiş, ümumi kranın bağlanılması və ev sahibinin tapılması xahiş edilmişdir. Kirayənişinin deməyinə görə baş verənlərin səbəbi 2-3 ay öncə mətbəxdə su borusunun dəyişməsi və təmir edilməsi olmuşdur. Xəbərdarlıq ediləndən sonra 3 gün ərzində su dayanmadan axmışdır. 27 dekabr tarixində təcili olaraq bacısıgilə gedəsi olmuşdur. Evi tərk edərkən yuxarı qonşudan ümumi su kranının tam bağlanmasını xahiş etmişdir. Çünki axan su dayanmırdı. 28 dekabr tarixində evə qayıdan zaman suyun məcrasının genişləndiyini və suyun evi basdığını görmüşdür. Yenidən MTK işçilərini çağırıb onlarla birgə qonşuya getmiş və evin sahibinin gəlməsini tələb etmişlər. Qonşu isə laqeyd cavab verərək narahat edilməməsini xahiş etmişdir. İddiaçı isə oranı tərk edərək, məsələ həll olunmasa polisə şikayət edəcəyini bildirmişdir. Yalnız bundan sonra ev sahibi “tapılmışdır”. Özünü ev sahibi kimi tanıdan Sabir adlı şəxs evə baxıb dəymiş ziyanın tam ödənilməsinə söz vermişdir. Lakin həmin gecə mətbəx tavanının bir hissəsi qopub yerə düşmüşdür. Bir neçə gündən sonra Sabir 2 nəfər şəxslə evə baxan zaman iddiaçı tələb etmişdir ki, mətbəxin 2/3 hissəsi zədələndiyinə görə kəsilərək tavan quruduqdan sonra tam təmir edilsin. Onlar isə özləri ilə gətirdikləri kəsik alçipanları iddiaçının icazəsi olmadan tavana yapışdırmışdırlar. O, etiraz etmişdir. Növbəti gün ustalar gələrək işin tamamlandığını bildirib tavanı ağartmaq istəmişlər. İddiaçı isə tavanın yaş olduğunu və düzgün vurulmadığını bildirmişdir. Bunun qarşılığı olaraq təhqir edilmişdir. Növbəti gün Sabir gələndə o, tavanın sökülməsini tələb etmişdir. Lakin onlar tavanın ağardılmasında təkid edirdilər. Tavan sökülməyəcəyi təqdirdə evə əlavə ziyan gələ bilərdi. Ev sahibi isə qəti narazılıq edərək, başqa təmirin aparılmayacağını bildirmişdir. Həmin gün o güclü əsəb gərginliyi keçirmişdir. 01.02.2021-ci il tarixədək mətbəxdən istifadə edə bilməmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində onun mənzilində otaqların tavanları, dəhliz, mətbəx mebeli, lüstur yararsız vəziyyətə düşmüşdür. Bundan başqa cavabdehin məsuliyyətsizliyindən o dəfələrlə həkimə müraciət etmiş və bununla bağlı həkim rəyi və reseptləri var, ümumilikdə müalicəsinə 281 manat xərcləmişdir. Cavabdehin hərəkətləri nəticəsində o mənəvi və psixoloji sarsıntı keçirmişdir. Odur ki, mənəvi zərəri 1000 manat məbləğində qiymətləndirir. Bundan əlavə hüquqşünas xidmətlərindən istifadə üçün 120 manat ödəmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə su axıtma nəticəsində maddi zərər vurmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı maddi zərər tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, dəymiş maddi zərərin məbləği 3461 manat məbləğində təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyul 2021-ci il tarixli 10/3068 saylı ekspert rəyindən də görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 196 saylı mənzilin binanın 3-cü mərtəbəsində, cavabdehə məxsus 201 saylı mənzilin isə binanın 4-cü mərtəbəsində yerləşdiyini, 196 saylı mənzilin mətbəx tikilisinin tavanında qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də mənzilin yerləşdiyi binanın komendantının, elektrik ustasının imzaları ilə təsdiq olunaraq 25 dekabr 2020-ci il tarixdə tərtib etdiyi aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Xarici Dairəvi yolda yerləşən 20 saylı evin 3-cü girişi 196 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 201 saylı mənzildən su axıdıldığı və nəticədə 196 saylı mənzilin mətbəx tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Xarici Dairəvi yolda yerləşən 20 saylı evin 3-cü girişi 196 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 522 manat məbləğində müəyyən olunmuşdur. Göstərilənləri, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə mənzilə dəymiş zərərə görə 522 manat məbləğində pul vəsaiti tutulmalıdır. Bununla yanaşı məhkəməç hesab edir ki, iddia 281 manat müalicə xərcləri hissəsində təmin edilə bilməz. Belə ki, iddiaçı səhhətində yaranmış problemlərin cavabdehin hərəkətləri nəticəsində yarandığını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə mənəzi zərər iddiası ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci (zərərin əvəzinin ödənilməsi) və 23-cü maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» 24 aprel 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, əmlakın zədələnməsi, təqsirli şəxsin səhlənkarlığı mənəvi sarsıntı keçirməyə əsas olan hallardır. Bundan əlavə iddiaçı cavabdehin hərəkətləri nəticəsində məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını, zərərvuran şəxsin təqsirini və əmlak vəziyyətini, zərərçəkən şəxsin fərdi xüsusiyyətlərini, dəymiş zərərin məbləğini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 200 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 30 manat dövlət rüsumunun 5 manat hissəsi, hüquqi xidmətlərə görə ödənilmiş xərclərin 20 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertizanın dəyəri, yəni 50 manat ekspertiza xərcinin 42 manat hissəsi iddiaçıya, 8 manat hissəsi isə cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 522 (beş yüz iyirmi iki) manat məbləğində maddi zərər, 200 (iki yüz) manat mənəvi zərər, 5 (beş) manat məbləğində dövlət rüsumu, hüquqi xidmətlərə görə ödənilmiş 20 (iyirmi) manat xərc tutuluraq İddiaçı ödənilsin. 50 manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 08 (səkkiz) manat hissəsi Cavabdeh, 42 (qırx iki) manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar