Məhkəmə qərarları › İş №2(004)-2381/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2381/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2381/2021 05.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli STN03-3061 saylı alqı-satqı müqaviləsi üzrə 944 manat, xx.xx.2019-cu il tarixli STN09-0146 saylı alqı-satqı müqaviləsi üzrə 2453 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 3427 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC (TEXNOPLUS mağazası) ilə 2 alqı-satqı müqaviləsi imzalamışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli, STN03-3061 saylı alqı-satqı müqaviləsi üzrə dəyəri 1446 manat olan “Samsung televizor” almışdır. Müqavilə bağlanarkən Cavabdeh tərəfindən müqaviləyə əsasən 30 manat ilkin ödəniş edilmişdir. 1446 manat ümumi məbləğdən 30 manat ilkin ödəniş etdikdən sonra qalıq məbləğ 1416 manat etmişdir. Bu isə 12 aylıq ödəmə şərti ilə hər aya 118 manat ödəniş edilməli idi. Cavabdeh xx.xx.2019-cu il tarixində, STN03-3061 saylı alqı- satqı müqaviləsi üzrə ödəniş tarixçəsi: xx.xx.2019-cu ildə 118 manat, xx.xx.2019-cu ildə - 118 manat, xx.xx.2019-cu ildə - 191 manat, xx.xx.2019-cu ildə - 45 manat, xx.xx.2019-cu ildə - 120 manat, xx.xx.2019- 118 manat, xx.xx.2019-cu ildə -116 manat hesablanmışdır. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, STN03-3061 saylı alqı-satqı müqaviləsi üzrə 826 manat ödəniş edilmişdir. Ödənilməyən qalıq məbləğ 590 manatdır. Gecikdirmə ilə əlaqədar xx.xx.2020-ci il tarixinədək dəbbə pulu isə 354 manat etmişdir. 1-ci müqavilə yəni - xx.xx.2019-cu il tarixli, STN03-3061 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən TEXNOPLUS mağazasına qalıq borc və dəbbə pulu ilə birlikdə 944 manat ödəniş edilməlidir. Cavabdeh xx.xx.2019-cu il tarixli, STN09-0146 saylı alqı-satqı müqaviləsi üzrə dəyəri 1740 manat olan “Notebook HP” almışdır. Bu müqavilə isə ilkin ödənişsiz olaraq, 12 aylıq ödəmə şərti ilə, hər aya 144 manat ödəniş etmək şərti əsasında bağlanmışdır.Cavabdeh xx.xx.2019-cu il tarixli, STN09-0146 saylı alqı-satqı müqaviləsi üzrə ödəniş tarixçəsi: xx.xx.2020- 100 manat; xx.xx.2020- 100 manat hesablanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli, STN09-0146 saylı alqı-satqı müqaviləsi üzrə 200 manat ödəniş etmişdir. Ödənilməyən qalıq məbləğ 1540 manatdir. Gecikdirmə ilə əlaqədar xx.xx.2020-ci il tarixinədək dəbbə pulu isə 913 manat etmişdir. 2-ci müqavilə yəni xx.xx.2019-cu il tarixli, STN09-0146 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən TEXNOPLUS mağazasına qalıq borc və dəbbə pulu ilə birlikdə 2453 manat ödəniş edilməlidir. Hər iki müqavilə üzrə ümumi olaraq isə Cavabdeh tərəfindən TEXNOPLUS mağazasına 3397 manat ödəniş edilməlidir. Sonuncu dəfə isə cavabdeh - Cavabdeh ödənişlə əlaqədar xx.xx.2021-ci il tarixində pretenziya məktubu göndərilmiş və ödəmə üçün 10 günlük müddət təyin edilmişdir. Lakin borclu yenə də ödəniş etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh dəftərxana vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini əsas borc hissədə qəbul etdiyini, cərimənin çox yüksək hesablandığını bildirib, işə onun iştirakı olmadan baxaraq, iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və cavabdehin ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, STN03-3061 nömrəli müqavilədən görünür ki, fərdi sahibkar kimi fəaliyyət göstərən X1 (Texnoplus mağazası) Cavabdeh qiyməti 1446,00 manat olan Samsung UE49NU714OU markalı televizor satmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh əldə etdiyi əşya müqabilində ümumilikdə hesablanmış 1446,00 manat məbləği, 30 manat ilkin ödəniş etdikdən sonra, qalıq məbləği hər ay 118 manat olmaqla 12 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, STN09-0146 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh qiyməti 1740,00 manat olan HP 15-da0019nia markalı Notebook satmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh əldə etdiyi əşya müqabilində ümumilikdə hesablanmış 1740,00 manat məbləği, ilkin ödənişsiz, hər ay 114 manat, sonuncu ay isə 156 manat ödəmək şərti ilə 12 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh tərəfindən xx xxxx 2019-cu il tarixli, STN03-3061 saylı müqavilə üzrə 590,00 manat ödənilməmiş hissə, 354,00 manat cərimə borcu, xx xxxxxxx 2019-cu il tarixli, STN09-0146 saylı müqavilə üzrə 1540,00 manat ödənilməmiş hissə, 913,00 manat cərimə borcu yaranmışdır. xx xxxx 2019-cu il tarixli, STN03-3061 saylı müqavilə üzrə sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə 116 manat olmuşdur. xx xxxxxxx 2019-cu il tarixli, STN09- 0146 saylı müqavilə üzrə sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə 100 manat olmuşdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx xxxx 2021-ci il tarixli E-002/21 saylı məktubdan görünür ki, İddiaçı MMC Cavabdeh sözügedən müqavilələr üzrə ödəniş etməyəcəyi təqdirdə məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar etmişdir. İş materiallarında olan X1 ilə İddiaçı MMC arasında bağlanmış xx xxxxxxx 2020-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən V.Y.Quliyev hədiyyə alan İddiaçı MMC-nə əvəzsiz olaraq xx xxxx 2019-cu il tarixində 12 aylıq bağlanılan STN03- 3061 nömrəli alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını verir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı MMC (Texnoplus mağazası) ilə cavabdeh Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli və xx xxxxxxx 2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən cavabdeh Samsung UE49NU714OU markalı televizor, HP 15-da0019nia markalı Notebook almışdır. Müqavilələrin şərtlərinə əsasən cavabdeh Samsung UE49NU714OU markalı televizor üçün ümumilikdə hesablanmış 1446,00 manat məbləği, 30 manat ilkin ödəniş etdikdən sonra, qalıq məbləği hər ay 118 manat olmaqla 12 ay ərzində; HP 15-da0019nia markalı Notebook üçün ümumilikdə hesablanmış 1740,00 manat məbləği, (ilkin ödənişsiz) hər ay 144 manat, sonuncu ayı 156 manat olmaqla 12 ay ərzində ödəməli idi. “xxxx” MMC ümumi satış qiymətləri 1446,00 manat və 1740,00 manat olan həmin əşyaları qeyri-şərtsiz cavabdehə təqdim edərək üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh Samsung UE49NU714OU markalı televizor üçün 30 manat ilkin ödəniş daxil olmaqla, cəmi 826,00 manat ödəniş etdikdən sonra ödənişləri dayandırmış, bununla da xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun 590,00 manat ödənilməmiş hissə, 354,00 manat cərimə borcu yaranmışdır. Bundan başqa cavabdeh HP 15-da0019nia markalı Notebook üçün cəmi 200,00 manat ödəniş etdikdən sonra ödənişləri dayandırmış, bununla da xx.xx.2019cu il tarixli müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun 1540,00 manat ödənilməmiş hissə, 913,00 manat cərimə borcu yaranmışdır. İş üzrə İddiaçı MMC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh müqavilələr üzrə ödəniş etməmiş, bununla da müqavilə üzrə öhdəliklərin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh Sadiq oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, qeyd olunan müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddiaçı tərəfindən hesablanan 217,34 manat cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Bu səbəbdən, iddia tələbi bu hissədə qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli, STN03-3061 nömrəli müqavilə üzrə 50 manat, xx.xx.2019-cu il tarixli, STN09-0146 nömrəli müqavilə üzrə 100 manat müəyyən edilməli, həmin məbləğ Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, STN03-3061 saylı müqaviləyə əsasən ödənilməmiş 590,00 manat əsas və 50 manat cərimə olmaqla, cəmi 640 manat, xx.xx.2019-cu il tarixli, STN09-0146 nömrəli müqaviləyə əsasən ödənilməmiş 1540 manat əsas və 100 manat cərimə olmaqla, cəmi 1640 manat pul İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, STN03-3061 saylı alqı-satqı müqaviləsi üzrə 590,00 manat əsas və 50 manat cərimə olmaqla cəmi 640 (altı yüz qırx) manat, xx.xx.2019-cu il tarixli, STN09-0146 nömrəli alqı-satqı müqaviləsi üzrə 1540 manat əsas və 100 manat cərimə olmaqla, cəmi 1640 (bir min altı yüz qırx) manat, ümumilikdə 2280 (iki min iki yüz səksən) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar