Məhkəmə qərarları › İş №2(004)-2385/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2385/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2385/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirhadı qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirhadı qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 28 faizlə 12 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 Mirhadı qızı ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2021-dək Cavabdeh1 banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2607.06 AZN əsas borc, 456.51 AZN faiz, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 48.85 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3112.42 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 Mirhadı qızından İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2607.06 AZN əsas borc, 456.51 AZN faiz, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 48.85 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3112.42 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izhahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlərin kredit müqaviləsinin qüvvədə olma tarixinə faiz borcu üzrə 178.58 manat borcunun olması müəyyən edilsə də, bank faiz borcunun xx.xx.2021-ci il tarixinə olan 456.51 manat məbləğində tələb edir. Həmin faizin hansı miqdarda tutulması isə məhkəmənin səlahiyyətindədir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh1 iddia təlbini qismən qəbul edərək bildirdi ki, o sözü gedən bankın daimi müştərisi olmuş və bundan öncələrdə bankdan kredit götürərək vaxtlı-vaxtında qaytarmışdır. Hazırda da götürdüyü kredit bank tərəfindən verilmiş qrafike uyğun ödənişlər etmiş, lakin məlum pandemiya səbəbindən iş yerləri bağlandığı üçün borcunun ödənilməsində çətinliklər yaranmışdır. Bankın tələb etdiyi miqdarı birdəfəlik ödəmək iqtidarında deyildir. Bundan başqa bank tərəfindən faiz miqdarı çox hesablanmışdır. Bununla yanaşı bank tərəfindən əlavə olaraq 5 faizlə pul da istənilir ki, hesab edir ki bu məbləğdə şişirdilmişdir. Eyni zamanda kredit müqavilə üzrə zamin dayanmış digər cavabdeh onun anasıdır. Krediti özü götürmüş, anası isə formal olaraq zamin durmuşdur. Odur ki, sadalananları nəzərə alaraq, kredit borcunun hissə-hissə ödənilməsi və hesablanmış faiz məbləğlərinin azadılaraq ancaq ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 Mirhadı qızına məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmədə iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “xxxx” İKB ASC-dən illik 28 faizlə, 12 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 Mirhadı qızı ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq borcu yaranmışdır. İddiaçı, tərəfdən təqdim edilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən borclunun kredit müqaviləsinə əsasən kredit müqaviləsinin qüvvədə olma tarixinə 2607.06 manat əsas, 178.58 manat faiz, əldən çıxmış faydaya görə 48.85 manat borcunun olması müəyyən edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə iddia tələbinin cavabdehlərdən iddiaçının xeyrinə 456.51 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehlərdən 178.58 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya kredit müqaviləsinin qüvvədə olma tarixinə 178.58 manat məbləğində faiz borcu varıdır. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 48.85 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə isə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Beləliklə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirhadı qızından müştərək qaydada iddiaçı «xxxx» ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 2607 (iki kin atı yüz yeddi) manat 06 (altı) qəpik, faiz borcu üzrə 178 (bir yüz yetmiş səkkiz) manat 58 (əlli səkkiz) qəpik, gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz dərəcəsi üzrə 48 (qırx səkkiz) manat 85 (səksən beş) qəpik olmaqla, ümumilikdə 2834 (iki min səkkiz yüz otuz dörd) 22 (iyirmi iki) qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu 10 %, yəni 3 (üç) manatı iddiaçıya aid edilməli, qalan 90 %, yəni 27 (iyirmi yeddi) manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirhadı qızından müştərək qaydada tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirhadı qızından müştərək qaydada iddiaçı «xxxx» ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 2607 (iki kin atı yüz yeddi) manat 06 (altı) qəpik, faiz borcu üzrə 178 (bir yüz yetmiş səkkiz) manat 58 (əlli səkkiz) qəpik, gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz dərəcəsi üzrə 48 (qırx səkkiz) manat 85 (səksən beş) qəpik olmaqla, ümumilikdə 2834 (iki min səkkiz yüz otuz dörd) 22 (iyirmi iki) qəpik məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu 10 %, yəni 3 (üç) manatı iddiaçıya aid edilsin, qalan 90 %, yəni 27 (iyirmi yeddi) manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirhadı qızından müştərək qaydada tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar