Məhkəmə qərarları › İş №2(004)-2390/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2390/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2390/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçının səlahiyətli nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin səlahiyətli nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8.300 ABŞ dolları məbləğində pulun, 6.581,25 manat Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış məbləğin, əldən çıxmış fayda kimi 10.000 manatın, mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun, cəmi 26.611,25 manat və 8.300 ABŞ dolları (ödəniş gününə dolların manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2004-cü il tarixdən münasibəti olmuşdur və o, 2006-2007-ci illərdə birgə fərdi sahibkarlıqla məşğul olmaq adı ilə ondan 8.300 ABŞ dolları məbləğində pul almışdır. Lakin öhdəliklərini yerinə yetirməkdən yayınmışdır. Dəfələrlə pulun qaytarılması barədə bildirsə də, o həmişə bununla bağlı vaxt istəyərək pulu qaytaracağını vəd etmişdir. Aralarında olan dostluq münasibətinə görə istədiyi möhləti ona vermişdir. Lakin son bir ildə artıq cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Pulun verilməsi zamanı şahidlər iştirak etmişdir. Cavabdehdən pulunun alınıb qaytarılması üçün hüquq mühafizə orqanlarına müraciət etsə də, mübahisənin mülki xarakterli olması əsası ilə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Göründüy kimi cavabdeh öz öhdəliyini icra etməmiş və bununla da ona maddi ziyan vurmuşdur. Cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilmədiyi üçün, cavabdehə verdiyi həmin məbləğdən səmərəli istifadə edib, iş qurub gəlir əldə edə bilmədiyi üçün ona 10.000 manat məbləğində əldən çıxmış faydanın əvəzi də ödənilməlidir. Belə ki, həmin pul vəsaitindən istifadə etməklə iş qura və ya həmin pul vəsaitini banka əmanət müqaviləsi üzrə yerləşdirib gəlir əldə edə bilərdi.Həmçinin, hesab edir ki, cavabdeh vurduğu maddi ziyanla yanaşı, həmçinin ona 10.000 manat məbləğində mənəvi zərəri də ödəməyə borcludur. Azərbaycan Respublikası Mərkəzi Bankının 18.12.2020-ci il tarixə müəyyən etdiyi uçot faiz dərəcəsi 6.25% təşkil etmişdir. Tərəfindən 2006-ci il tarixdə cavabdehə verilmiş 8.300 ABŞ dolları məbləğinə (həmin dövr AZN məzənnəsi nəzərə alınmaqla 6.500 AZN) Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsi illik 438.75 (6.500x6.25%: 100= 438.75) AZN təşkil edir. 8.300 ABŞ dolları (həmin dövr üçün AZN məzənnə ilə 6.500 manat) pul vəsaitinin cavabdehə verilməsindən 15 il müddətində vaxt keçmişdir ki, həmin məbləğ üzrə bank uçot faiz dərəcəsinin ümumi məbləği 6.581,25 manat (438.75x15=6.581,25) təşkil edir. Cavabdeh iddia ərizəsinə etirazla və iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 5 vərəqdən ibarət, bunun əslində cəmi bir abzası işin faktiki hallarından, qalan hissəsi qanunvericilikdə aidiyyəti olan olmayan maddələr düzümündən ibarət iddia ərizəsi şər və böhtan xarakterli olmaqla qərəzli və məqsədyönlü tərtib edilmişdir. Məqsəd onu şərləmək, işgüzar nüfuzuna xələl gətirməkdir. İddianın birinci cümləsi budur ki, 2004-cü il tarixdən münasibəti var. Bununla əlaqədar bildirir ki, iddiaçını 2004-cü il tarixdən Xüsusi Dövlət Mühafizə Xidmətində birgə xidmət etdiyi vaxtdan tanıyır. Rəhbərlik etdiyi idarədə şöbə rəisi vəzifəsində xidmətdə yol verdiyi kobud nöqsanlara görə şöbə rəisi vəzifəsindən digər vəzifəyə keçirilmiş, 2008-ci ıl tarixdə Xidmətdən xaric edilmişdir. Bu işdə bu günədək özünü yox, onu təqsirli hesab edir. Bundan sonra onu nüfuzdan salmaq məqsədi ilə dəfələrlə müxtəlif orqanlara şər və böhtan xarakterli şikayət ərizələri ilə müraciət etmişdir. Həmçinin, bu müraciətlərdə heç bir zaman pul borcu məsələsini qaldırmamışdır. Bu özü onu göstərir ki, pul borcu ilə əlaqədar aralarında heç bir məsələ olmamışdır. Yalnız sonuncu dəfə digər böhtanları əsassız olduğu üçün üstünə yeni böhtan - guya pul borcu məsələsini atmışdır. Bununla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə də pul borcu ilə bağlı müraciəti olmuş, orada araşdırma aparılmış, lakin böhtan xarakterli müraciəti 23.11,2020-ci il tarixli qərarla özünə və onu buna təhrik edənlərə qaytarılmışdır. İddiaçıdan nə xidmət dövründə, nə xidmətdən sonra pul almamış, pul verməmiş, heç bir biznes fəaliyyəti olmamışdır. Dəfələrlə pulun qaytarılmasını bildirmişdir. Pulu olan 13 il gözləyib birdən-birə 2020-ci il tarixdə pul tələb etmir. Bu sadəcə iddiaçının ona böhtan atmaq üçün uydurduğu fantaziyadır. 5 vərəqlik iddia ərizəsində bir sübut yoxdur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, pul almış, pul vermişdir. Növbəti cümlədə qeyd edilir ki, şahidləri vardır. Təmamilə saxtakarlıqdır. Şahidi olan şəxs elə polis bölməsində şahidlərin təqdim edərdi ki, sübutu var. Polis bölməsində gördükdən sonra ki, böhtanı alınmır, sonradan məsləhət veriblər ki, üzə durmaq üçün özünə şahid axtar tap, yoxsa məhkəmə də böhtanını üzünə qaytaracaq. Təqdim edilən iddia ərizəsi yalnız söz yığını və maddələrin düzümündən ibarət ərizədir. İddia ərizəsindən də göründüyü şərin atıldığı dövr kimi 2006-2007-ci illər qeyd edilmişdir. Öz şərinin tarixi kimi göndərdiyi pretenziya ərizəsində də 2006- 2007-ci illəri əhatə etdiyini etiraf etmişdir. AR Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilənlərə əsasən böhtan məqsədli iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini, eyni zamanda böhtandan ibarət iddia tələbində qeyd edilən əsaslar üzrə iddia müddətinin keçməsi əsası ilə də hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməklə də iddiadan imtina barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının səlahiyətli nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbi əsassız olduğundan, həmçinin, iddia müddətit tətbiq edilməklə, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, İddiaçıla yaxın dostluq və tanışlıq münasibəti olmuşdur. 2007-ci ildə, Elmar müəllim onu Pəncərə restoranına çağırmışdır. Özündən başqa masada əvvəldən tanıdığı Bəxtiyar müəllim və Elmarın rəisi Cavabdeh var idi. Elmar müəllim ondan 7000 ABŞ dolları istəmiş, o da gedib evdən götürüb pulu Elmar müəllimə vermiş və çıxıb getmişdir. Elmar müəllimdən hər dəfə pulu istəyəndə o deyirdi ki, o da rəisi Vüsal müəllimi gözləyir o verən kimi qaytaracaq. Bu günə kimi Elmar müəllim ona sözügedən vəsaitdən heç nə qaytarmamışdır. Həmin vəsaiti masanın yaxınlığında Elmar müəllimə vermişdir. Aralarında məsafə təxminən 2-3 metr idi, Elmar müəllim özü qarşıya gəlmiş və vəsaiti sayıb ondan təhvil almışdır. Həmin vəsaiti Vüsal müəllimlə iş görmək üçün aldığını bilirdi. Vüsal müəllimin kim olduğunu bildiyi üçün inanmış və pulu vermişdir.Elmar müəllimin pulu Vüsal müəllimə verməsini görməmişdir.Sadəcə eşitmişdir ki, pulu Vüsal müəllimə veribdir. Məhkəmə proses iştirakçılarının izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü, 385.1-386.1-ci və 739-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X2 23.11.2020-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən, 13.11.2020-ci il tarixdə İddiaçı Yasamal RPİ-nin 27-ci PB-nə ərizə ilə müraciət edərək, Cavabdeh Sahib oğlunun 2006- 2007-ci illərdə birgə fərdi sahibkarlıqla məşğul olmaq adı ilə ondan 8300 ABŞ dolları pul aldığını, lakin sonuncunun heç bir iş görməyərək ona ümumilikdə Azərbaycan Respublikası Mülki qanunvericiliyin 448-449-cu maddələrinə əsasən 13700 ABŞ dolları məbləğində maddi ziyan vurduğunu bildirərək pulunun geri qaytarıllmasında köməklik göstərilməsini xahiş etmişdir. İzahatı alınan İddiaçı ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək oxşar izahat vermişdir. izahatı alınan Cavabdeh İddiaçı 2004-cü ildən etibarən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində şöbə rəisi vəzifəsində çalışdığını, xidmətdə yol verdiyi nöqsanlara, qeyripeşəkarlıq fəaliyyətinə, hərbi qulluqçuya yaraşmayan hərəkətlər törətdiyinə və böyük rəislərə qarşı hörmətsizlik edərək kollektivdə daim mübahisə şəraiti yaratdığı səbəbnindən 2008-ci ildən XDMX-ti oraqnından xaric edildiyini bildirmişdir. Bundan sonra İddiaçı onu nüfuzdan salmaq niyyəti ilə dəfələrlə müxtəlif orqanlara barəsində şər və böhtan xarakterli şikayətlər etməyə başlamışdır. Əlavə olaraq o izahatında İddiaçıla heç vaxt iş birliyi qurmadığını, buna görədə ondan heç vaxt pul almadlığını və sonuncunun şikayətinin böhtan xarakterli olduğunu qeyd etmişdir. Aparılmış araşdırma zamanı sübuta yetirilmişdir ki, tərəflər arasında olan mübahisə mülki xarakterli olmaqla öz həllini məhkəmə yolu ilə tapmalıdır. Odur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırda İddiaçı iddia edir ki, Cavabdeh 2006-2007-ci illərdə birgə fərdi sahibkarlıqla məşğul olmaq üçün verdiyi 8.300 ABŞ dolları məbləğində pulun qaytarılmaması nəticəsində ona 6.581,25 manat Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış məbləğ, əldən çıxmış fayda kimi 10.000 manat, mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində zərər vurulmuşdur. Buna baxmayaraq, iddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsinə heç bir mötəbər sübut əlavə etməmiş, həmçinin, məhkəmə baxışı zamanı məhkəməyə təqdim edə bilməmişdir. Habelə, iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. O, müdafiə etdiyi tələbi ümumiyyətlə əsaslandıra bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar