Məhkəmə qərarları › İş №2(004)-2404/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2404/2022

19.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2404/2022 19.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 320 № akt qeydi ilə 31 yanvar 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan 29 dekabr 2016-cı il təvəllüdlü X4 dünyaya gəlmişdir. Daha sonra 2020-ci ildə rəsmi qaydada ayrılmağa qərara gəlmişlər və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-941/2020 saylı, 28 01 2020-ci il tarixli məhkəmə qətnaməsi ilə, Cavabdeh ilə X5 arasında 31 yanvar 2016-cı il tarixdə 3 saylı Bakı “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində 320 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 29.12.2016-cı il tarixdə doğulmuş X2 anası X3 yanında qalması, 29.12.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək Cavabdeh X3 xeyrinə hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qızının normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları qızı üçün təşkil etmək, təkbaşına onun üçün olduqca çətindir, hətta qeyrimümkündür deyərdi. Lakin, cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 941/2020 saylı, 28.01 2020-ci il tarixli qətnaməsində qeyd olunmuş alimenti ödəməklə atalıq vəzifəsini və öhdəliyini icra etmiş hesab edir. Cavabdehin hazırda ödədiyi aliment məbləği ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumdan çox aşağı bir aliment məbləğidir Qeyd etdiyi kimi, qızının normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bır köməklik göstərmir. Hal-hazırda qızının yetkinlik yaşına çatmamasını nəzərə alınsa, ödənilən aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Qızı elmi inkişafını yetişdirmək üçün məktəbə qədər və həmçinin xüsusi kurslara gedir. Bu səbəbdən də zamanla məsrəfi artmağa başlıyır. Bundan başqa 2022-ci il üzrə ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və hər uşaq uçün 193 manat müəyyən edilmişdir. Bundan əlavə bildirim ki, qanunvericilikdə nəzərə tutulmuş qaydada, cavabdehə ilkin olaraq işin mediasiyada həlli üçün təklif göndərilsə də, o mediasiya prosesindən yayınmış və nəticədə 01 aprel 2022-ci il tarixdə mediator tərəfindən iclas keçirilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Göstərilənlərə əsasən 29 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan aliment məbləği artırılaraq hər ay 193 (bir yüz doxsan üç manat) sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini etiraf edərək bildirdi ki, o iddiaçının tələb etdiyi 193 manat məbləğində alimenti ödəməyə razıdır. Belə ki, hazırda neft şirkətində işləyir aylıq 500 manat məbləğində əmək haqqı olur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-941/2020 saylı, 28.01.2020-cı il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, Cavabdeh ilə X5 arasında 31 yanvar 2016-cı il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 320 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması; tərəflərin birgə nikahından 29.12.2016-cı il tarixdə doğulmuş X2 anası X3 yanında qalması, 29.12.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək Cavabdeh X3 xeyrinə hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması; aliment məhkəməyə müraciət edildiyi gündən, yəni 18 dekabr 2019-cu il tarixdən hesablanması və qətnamənin alimentə dair hissəsinin dərhal icraya yönəldilməsi qərara alınmışdır. Eyni zamanda işin halları ilə müəyyən edilmişdir ki, cavabdeh iddia tələbini etiraf edir və alimentin artırılmasına etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-941/2020 saylı, 28.01.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, 29.12.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-941/2020 saylı, 28.01.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, 29.12.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar