Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2421/2021 25.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 10.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.08.2019-cu il tarixli RPF-00792-16/19A nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) Cavabdeh2 14.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 23.02.2021-ci il tarixə yaranmış 4.755,82 manat əsas borc, 25,22 manat faiz borcu olmaqla, cəmi 4781,04 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı olmaqla, ümumilikdə 4.811,44 manat pulun müştərək qaydada tutularaq iddiaçı Bank “xxxx” ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank “xxxx” ASC borcalan Cavabdeh1 illik 1 faiz olmaqla, 12 ay güzəşt müddəti tətbiq müddətinə 60 ay müddətinə 4.756,45 manat kredit vermişdir. Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında “problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində 14.08.2019-cu il tarixli Kredit müqaviləsinə 2 saylı əlavə bağlanmışdır. Daha sonra 14.08.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında zamin durmuşdur. Güzəşt müddəti başa çatmasına baxmayaraq Müqavilənin müddətinin bitməsinə baxmayaraq, borclu öhdəliyini icra etməmişdir. Hazırda borclunun banka 4.755,82 manat əsas borc, 25.22 manat faiz borcu olmaqla, cəmi 4.781,04 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı Bank “xxxx” ASC-yə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin iddiaçı nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdehlər gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı Bank “xxxx” ASC-nin nümayəndəsi X1 24.05.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı və 185.5-ci maddələrinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bank “xxxx” ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 14.08.2019-cu il tarixli RPF-00792-16/19A nömrəli kredit müqaviləsinə əsasən Bank “xxxx” ASC borcalan Cavabdeh1 illik 1 faiz olmaqla 12 ay güzəşt müddəti tətbiq etməklə 60 ay müddətinə 4.756,45 manat kredit vermişdir. Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında “problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00792-16/19A saylı 14.08.2019-cu il tarixli Kredit müqaviləsinə 2 saylı əlavə bağlanmışdır. Bank “xxxx” ASC ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 14.08.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 öhdəliklərinin icrası üçün borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. 25.02.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, borcalan Cavabdeh1 23.02.2021-ci il tarixədək 7,15 manat ödəniş etmişdir. 23.02.2021-ci il tarixə borclunun Bank “xxxx” ASC-yə 4.755,82 manat əsas borc, 25,22 manat faiz borcu olmaqla, cəmi 4.781,04 manat borcu var. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zamin Cavabdeh2 həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.08.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) Cavabdeh2 14.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 23.02.2021-ci il tarixə yaranmış 4.755,82 manat əsas borc, 25,22 manat faiz borcu olmaqla, cəmi 4781,04 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı olmaqla, ümumilikdə 4.811,44 manat pul müştərək qaydada tutularaq iddiaçı Bank “xxxx” ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.08.2019-cu il tarixli RPF-00792-16/19A nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) Cavabdeh2 14.08.2019-cu il tarixli RPF- 00792-16/19A nömrəli kredit müqaviləsi üzrə 23.02.2021-ci il tarixə yaranmış 4.755,82 manat əsas borc, 25,22 manat faiz borcu olmaqla, cəmi 4781,04 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı olmaqla, ümumilikdə 4.811,44 (dörd min səkkiz yüz on bir manat qırx dörd qəpik) manat pul müştərək qaydada tutularaq iddiaçı Bank “xxxx” ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2421/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2421/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver