Məhkəmə qərarları › İş №2(004)-2430/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2430/2023

26.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2430/2023 26.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Ramiz oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Ramiz oğluna qarşı “alimentin miqdarının artırılması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Ramiz oğluna qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər uşağa münasibətdə 160 manat olmaqla müəyyən edilmiş alimentin artırılması və hər uşağa münasibətdə hər ay 250 manat olmaqla umumilikdə 500 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Ramiz oğlu iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-2509/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəflərin birgə nikahdan olan övladları xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər uşağa münasibətdə 160 manat olmaqla aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9253/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-2509/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9253/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən kasasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-1382/2020 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9253/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş materiallarını araşdırıraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbləri rəhbər götürülməklə İddiaçı tərəfindən aliment məbləğinin hər uşağa münasibətdə 250 manat məbləğində müəyyənləşdirilməsinin hüquqi əsasları, cavabdehin gəlirləri və digər məlumatlar məhkəməyə təqdim edilməmişdir. Nəticədə, iddiaçı iddia tələbində göstərilən xüsusatları sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, işin hallarının məhkəmənin öz təşəbbüsü ilə məhkəmə tərəfindən araşdırılması hakimin prosesdəki arbitr roluna ziddi olmaqla mülki prosessual qanunvericiliyin prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh yenidən ailə qurmuş, həmin ailədən 1 azyaşlı uşağı vardır. Himayəsində ailəsi və yaşlı anası vardır. Göstərilən xüsusatlar işin mübahisəsiz hallarıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı hazırda hərbi qulluqçudur və yenidən ailə qurmuşdur. Göstərilən xüsusatlar işin mübahisəsiz hallarıdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, tərəflərin qanuni mənafeləri, cavabdehin yeni ailəsi qarşısında öhdəlikləri, himayəsində 1 azyaşlı övladının olması xüsusatı, həmçinin iddia tələbi üzrə yetkinlik yaşına çatmayan uşaqların mənafelərinin qorunması, xərclərinin qarşılanması məqsədilə iddia tələbi qismən təmin edilməli, yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər uşağa münasibətdə 160 manat olmaqla müəyyən edilmiş alimentin artırılmalı və hər uşağa münasibətdə hər ay 200 (iki yüz) manat olmaqla ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləlikdə, ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər uşağa münasibətdə müəyyən edilmiş 160 (yüz altmış) manat məbləğində müəyyən edilmiş aliment məbləği artırılsın və hər uşağa münasibətdə hər ay 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul olmaqla məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar