Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2431/2021 21.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 cəlb olunmaqla cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC-yə qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmayılov X3 Vüqar Mehman oğlu üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Taksi 4 London Taxis” minik markalı ** AT *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin və əldən çıxmış fayda kimi 5314,77 manat məbləğində pulun "xxxx" MMC və "xxxx" MMC-dən müştərək qaydada tutularaq ona ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, iddiaçının mülkiyyətində olan “Taksi 4 London” minik markalı, **-AT-*** dövlət nömrəli təyinatı sərnişin daşınması məqsədli olan avtomobil vardır. Həmin avtomabil idarə olunması üçün hər günü 25 manat olmaqla X7 verilmişdir. Çünki bu avtomobil yalnız sərnişin daşınmağa yarayır. 28.11.2020-ci il tarixdə, saat 17 radələrində iddiaçıya məlum olmuşdur ki, "xxxx" MMC-nin etibarnaməsi əsasında X6 idarə etdiyi "xxxx" MMC-nin mülkiyyətində olan "SACHMAN SX 3314DR366" markalı yük nəqliyyat markalı **-JX-*** dövlət nömrə nişanlı avtomabillə iddiaçıya məxsus “Taksi 4 London” minik markalı, **-AT- *** dövlət nömrəli avtomabillə yanaşı X1 idarə etdiyi “BMW” markalı, **-UY-*** dövlət nömrə nişanlı avtomobilə də ciddi zərər vurmaqla zəncirvari toqquşma baş vermişdir. X6 01.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Hadisədən sonra "xxxx" ASC-nin əməkdaşları qəza baş vermiş yerə gəlmiş və lazimi sübutları yığdıqdan sonra belə hal məlum olmuşdur ki, “Taksi 4 London” minik markalı, **-AT-*** dövlət nömrəli avtomabillə yanaşı X1 idarə etdiyi “BMW” markalı, **-UY-*** dövlət nömrə nişanlı avtomabilə də külli miqdarda zərər dəymiş, lakin sığorta ödənişi “BMW” markalı, **-UY-*** dövlət nömrə nişanlı avtomobilə daha çox zərər dəydiyindən çox hissəsi həmin avtomabilin mülkiyyətçisinə verilməlidir. Sığorta AKT1-CML-3422/2020-AKT3987/20 Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair məlumatdan görünür ki, “Taksi 4 London” minik markalı, **-AT-*** dövlət nömrəli avtomabilin mülkiyyətçisinə dəymiş zərəri 4524 AZN müəyyən edilmiş lakin 1209,23 AZN ödənilmişdir. Ödənişin daha çox hissəsi “BMW” markalı, **-UY-*** dövlət nömrə nişanlı avtomabilin mülkiyyətçisinə verilmişdir. Göründüyü kimi 4524 AZN -1209,23 AZN çıxıldıqda qalan 3314,77 AZN məbləğ cavabdehlərin vaxtında ödəməli olduqları vəsait olmasına baxmayaraq dəfələrlə cavabdehlərlə əlaqə qurulmasına, danışıqlar aparılmasına baxmayaraq mümkünsüz olmuşdur. Bununla yanaşı əldən çıxmış faydada mövcuddur. Belə ki, “Taksi 4 London” minik markalı, **-AT-*** dövlət nömrəli təyinatı sərnişin daşınması məqsədili olan avtomabil aylıq 600 azn iddiaçıya pul ödədiyi təqdirdə iddiaçı hadisə baş verdiyi vaxtdan bu günə kimi həmin vəsaitdən məhrum olmuşdur. İddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, iddia tələbini məbləğ hissəsində qəbul etmir. Sürücü ilə söhbət edəndə məlum olur ki, London taksisinin sürücüsü kobud surətdə qaydanı pozduğu halda məsuliyyətə cəlb olunmamışdır. London taksisi qoşa xətdən geri dönərək qaydanı pozmuşdur. Sürücü izahatlarında bunu qeyd etməmişdir. 4500 manat ziyan məbləği ümumi yazılmışdır, detalların adları ilə yazılmamışdır. Əslində hər bir detalın adı qiyməti yazılmalı idi. MMC tərəfindən həmin inzibati protokolu mübahisələndiriləcəkdir. Cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı, 01.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 28.11.2020-ci il tarixdə, saat 17:00-da Abşeron rayon DYPŞ ərazisində “Shacman” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarında olan 15.12.2020-ci il tarixli CML-3422/2020-AKT3987/20 saylı sığorta aktına əsasən 28.11.2020-ci il tarixdə, Abşeron rayonu ərazisində baş vermiş toqquşma nəticəsində “Taksi 4 London” minik markalı, **-AT-*** dövlət nömrəli avtomobilə dəymiş 4524 manat məbləğində zərər müəyyən edilmiş və 1209,23 manat sığorta ödənişi müəyyən edilmişdir. İş materiallarında olan sığorta hadisəsi hesab edilən halın təfərruatları barədə arayışın surətinə əsasən 28.11.2020-ci il tarixdə Abşeron rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində "xxxx" MMC-nin mülkiyyətində olan “Shacman” yük markalı, **- JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 təqsirli olduğu müəyyən edilmişdir. İş materiallarında olan AB seriyalı, 269276 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Shacman” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir. İş materiallarında olan AC seriyalı, 864573 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Taksi 4 London” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 04.01.2020-ci il tarixli, 01/2020 saylı icarə müqaviləsinin surətinə əsasən “Shacman” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC tərəfindən Cavabdeh1 MMC-yə icarəyə verilmişdir. İş materiallarında olan 01.04.2020-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh1 MMC tərəfindən “Shacman” yük markalı, **-JX-*** dövlət nömrə nişanlı avtomobili idarə edilməsi X5 etibar edilmişdir. İş materiallarında olan 04.08.2021-ci il tarixli, 9/3055 saylı ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, «X11» MMC-nin 02.12.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Taksi 4 London Taxis” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3924 manat müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, 28.11.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində X2 təqsirli olduğu müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan “Taksi 4 London” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İddiaçı cavabdehlərdən dəymiş 5314,77 manat məbləğində ziyanın müştərək qaydada tutulmasını tələb etsə də, məhkəmə iddianı ancaq 2714,77 manat tutulması hissəsində əsaslı hesab edir. Çünki, ekspert rəyinə əsasən hadisə nəticəsində iddiaçıya 3924 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Nəzərə alsaq ki, iddiaçıya 1209,23 manat məbləğində sığorta ödənişi olunmuşdur, həmin azadolma məbləği ümumi dəymiş ziyan məbləğindən, yəni 3924 manatdan çıxıldıqda yerdə qalan məbləğ 2714,77 manat təşkil edir. Eyni zamanda iddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC-dən müştərək qaydada dəymiş ziyanın tutulmasını tələb etsə də, məhkəmə iddianı ancaq Cavabdeh1 MMC-yə münasibətdə əsaslı hesab edir. Çünki, hadisə baş verən zaman cavabdeh X2 idarə etdiyi nəqliyyat vasitəsi cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olsa da, icarə müqaviləsi əsasında Cavabdeh1 MMC-yə verilmiş, MMC-nin əməkdaşı X6 tərəfindən xidməti ehtiyacların təmin olunması məqsədilə idarə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vurulmuş zərər mülkiyyətçidən deyil, yalnız Cavabdeh1 MMC-dən tutulmalıdır. “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 53.1 və 53.2-ci maddələrinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, iddiaçı əldən çıxmış faydanı tələb etsə də məhkəməyə sözügedən nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair sübut, o cümlədən həmin nəqliyyat vasitəsinin icarəyə verilməsi nəticəsində gəlir əldə etməsinə dair qəbzlər təqdim etmədiyinə görə məhkəmə iddianı əldən çıxmış faydanın ödənilməsi hissəsində əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 MMC-dən “Taksi 4 London” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2714,77 (iki min yeddi yüz on dörd manat, yetmiş yeddi qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Cavabdeh1 MMC-dən keçirilmiş ekspertiza xərci olan 100 (yüz) manat dövlət nəfinə və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən “Taksi 4 London” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3924 (üç min doqquz yüz iyirmi dörd) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat Cavabdeh1 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2431/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2431/2021
21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver