Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2434/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin Cavabdehna qarşı kredit borcu tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” Kommersiya Bankı ASC Cavabdehna qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1969.66 manat əsas, 39.52 manat faiz borcu olmaqla, cəmi 2009.18 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5, maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə “xxxx” Kommersiya Bankı ASC arasında bağlanmış 23.11.2018-cil il tarixli, 4521nkBANK/18 nömrəli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, cavabdehə istehlak məqsədləri üçün 29 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə 5596 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş qrafikindən müəyyən olunur ki, Cavabdeh kredit borcunu 23.12.2018-ci il tarixindən 23.04.2021-ci il tarixədək, banka sonuncu ay 7.7 manat olmaqla hər ay 230 manat ödəməklə kredit borcunu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” Kommersiya Bankı ASC-nin 04.03.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdehnun 04.03.2021-ci il tarixə banka 1969.66 manat əsas borc, 39.52 manat faiz borcu olmaqla, cəmi 2009 manat borcu vardır. İş materiallarında olan “xxxx” Kommersiya Bankı ASC tərəfindən Cavabdehna ünvanlanmış 30.09.2020-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə Cavabdehna xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, 5596 manat krediti cavabdehə vermiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini qismən yerinə yetirmiş, borcunu tam və vaxtında ödəməmişdir. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 23.11.2018-cil il tarixli, 4521nkBANK/18 nömrəli kredit müqaviləsi üzrə 1969.66 manat əsas, 39.52 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdehndan tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən məbləğ ödəniş etsə də, öhdəliyinə uyğun olaraq tam ödəniş etməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehndan 1969.66 manat əsas, 39.52 manat faiz borcu olmaqla, cəmi 2009.18 (iki min doqquz manat on səkkiz qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2434/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2434/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver