Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2448/2023 17.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC sığorta şirkətində sığortalı olan **-AC- *** dövlət qeydiyyat nişanlı “TATRA T815 2A0S01” yük markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona məxsus **-BF-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” minik markalı avtomobilinə dəymiş 3321 manat məbləğində zərərin, ziyan aktının tərtib olunması üçün ödədiyi 50 manat rüsum və 53 manat məhkəmə rüsumu olmaqla, ümumi olaraq 3424 manat pulun, "xxxx" ASC sığorta şirkəti tərəfində ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 yanvar 2023-cü il tarixdə Quba şəhəri ərazisində **-AC-*** dövlət qeydiyyat nişanlı “TATRA T815 2A0S01” yük markalı və ona məxsus **-BF-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” minik markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində onun avtomobilinə və yol hərəkət nişanına zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi "xxxx" ASC sığorta şirkətində sığortalı olan **-AC-*** dövlət qeydiyyat nişanlı “TATRA T815 2A0S01” yük markalı avtomobilin sürücüsünun təqsiri üzündən baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə 3321 manat dəyərində zərər dəymişdir. Bu zərər məbləği hadisədən sonra Quba şəhərində fəaliyyət göstərən avto təmir stansiyasının ustaları tərəfindən avtomobilinə baxış keçirərək müəyyən olunmuş və bu barədə ziyan aktı tərtib edilmişdir. Əvvəlcə "xxxx" ASC sığorta şirkəti baş vermiş yol nəqliyyat hadisəsinin baş verməsində real olaraq təqsirkar olan “TATRA T815 2A0S01” yük markalı avtomobilin sürücüsünün günahı olmadığını irəli sürərək onun avtomobilinə dəymiş zərəri ödəməkdən boyun qaçırdı. İndi isə onun avtomobilinə dəymiş zərər məbləği olaraq 1100 manat qiymətləndirilməsi barəsində mobil nömrəsinə SMS bildiriş göndərmişdir. O, dəfələrlə bu məbləğin avtomobilinin təmiri üçün az olduğunu bildirsə də, sığorta ödənişi olaraq hesablanmış bu məbləğin artırılmayacağını bildirdi. Daha sonra cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia ərizəsinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi, xx.xx.2023-cü il tarixində üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC-də icbari qaydada sığortalanmış “TATRA T8İ5 2A0S01” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin və iddiaçıya məxsus “VAZ 2106” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş, sığortalı avtomobilin sürücüsü barəsində xx.xx.2023-cü il tarixli, TP ******* saylı İnzibati Tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Hadisə nəticəsində “VAZ 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər sığortaçı tərəfindən qiymətləndirilərək, zərər məbləği 1100 manat müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişinin həyata keçirilməsi mümkün olması bildirilmişdir. Bununla bağlı, xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktı tərtib edilmişdir. Lakin iddiaçı özünün sifarişi ilə aldığı xx.xx.2023-cü il tarixli zərər aktına istinad edərək real zərər məbləğindən təqribən üç dəfə artıq olan 3321 manat tələb etmiş və təklif olunan 1100 manat sığorta ödənişini almaqdan imtina edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “İcbari sığortalar haqqında” qanunu ilə müəyyən edilmiş konkret tənzimləmə qaydalarına riayət etmədən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbindən belə çıxır ki, icbari sığorta üzrə istənilən zərərçəkmiş şəxs qanunla və Mülki Məcəllə ilə təsbit edilmiş hüquqların həyata keçirilməsinə cəhd belə etmədən birbaşa məhkəməyə müraciət edərək, ona dəymiş zərərin müstəqil ekspert tərəfindən deyil, özünün təyin etdiyi və ya digər qərəzli rəyə istinad etməklə, həqiqi zərər məbləğindən dəfələrlə çox pul tələb edə bilər. Halbuki, zərərin daha dəqiq qiymətləndirilməsi üçün qanunverici sığorta sahəsində məhz müstəqil ekspert subyektlərini nəzərdə tutmuşdur və belə fəaliyyət lisenziyalaşdırılan fəaliyyət olmaqla, müstəqil ekspertlərin reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərirlər. Sübut etməyə ehtiyac yoxdur ki, şəxsin məhkəməyə müraciət etməsi üçün ilkin şərt “mübahisə”nin olmasıdır. Mübahisənin olması isə qanundan və ya digər normativ aktlardan irəli gələn hüquqların pozulmasım ehtiva edir. İddiaçının istinad etdiyi hazırkı güman edilən “pozuntu” məhkəmədə baxılmalı olan “mübahisə” hesab edilə bilməz. Başqa sözlə desək, mübahisə həqiqi və ciddi olmalıdır. Belə olan halda, mövcud olmayan mübahisə üzrə iddiaçının həqiqi və ciddi olmayan tələbi ilə bağlı məhkəmənin hazırda mübahisələndirilən qətnaməni qəbul etməsi yuxarıda istinad edilən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini bir daha təsdiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş qaydalara riayət etmədən məhkəməyə müraciət etmişdir ki, bu səbəbdən başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından söhbət gedə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə izahatları və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən ünvanlanan “Sığorta ödənişinin verilməsinə dair SMS Bildiriş”də qeyd edilmişdir ki, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1100 manat olaraq qiymətləndirilmişdir. İş materiallarında olan İXP ******* saylı İnzibati Xəta haqqında protokola əsasən “TATRA T815 2A0S01” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 AR inzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrinə əsasən inzibati xəta törədilməsində təqsirli bilinmişdir. İş materiallarında olan TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2023-cü il tarixində AR inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 359 nömrəli zərər aktından görünür ki, "xxxx" Firmasına məxsus avto texniki təmir stansiyasının ustaları “VAZ 2106” minik markalı, **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı, buraxılış ili 2004-cü il olan avtomaşına baxış keçirərək qəza zamanı avtomobilə dəymiş zərər 3321 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 315 nömrəli, xx.xx.2023-cü il tarixli “Auto Box” tərəfindən verilmiş qiymətləndirmə aktına əsasən “VAZ 2106” minik markalı, **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəyən zərər 1100 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 06 iyul 2023-cü il tarixli, 66 nömrəli “Avtomobilə dəymiş zərərin müəyyən edilməsi barədə” mütəxəssis rəyinə əsasən “VAZ 2106” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin məbləği 2425 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli Hesab-fakturasından görünür ki, avtomobilin qiymətləndirilməsi barədə hesabatların dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 897.4-cü maddəsinə görə İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin məhkəmə iclasında veridkləri izahatlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış “TATRA T815 2A0S01” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, İddiaçı tərəfindən idarə olunan “VAZ 2106” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşudur. Həmin hadisə X1 təqsiri səbəbindən baş vermiş və İXP ******* saylı İnzibati Xəta haqqında protokola əsasən “TATRA T815 2A0S01” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 AR inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələrinə əsasən inzibati xəta törədilməsində təqsirli bilinərək TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 06 iyul 2023-cü il tarixli, 66 nömrəli “Avtomobilə dəymiş zərərin müəyyən edilməsi barədə” mütəxəssis rəyinə əsasən “VAZ 2106” minik markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin məbləği 2425 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən iddiaçıya məxsus “VAZ 2106” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2425 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu 53 manat məbləğində deyil, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 44,25 manat məbləğində cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin, iddia tələbində ziyan aktının tərtib olunması üçün ödənilmiş 50 manat rüsumun cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, qeyd olunan ziyan aktı iş üzrə mötəbər sübut hesab olunmadığı üçün onun tərtib olunması üçün ödənilmiş 50 manat rüsumun cavabdehdən tutulması qanunsuzdur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertizanın tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 2425 (iki min dörd yüz iyirmi beş) manat, ödənilmiş 44,25 (qırx dörd manat iyirmi beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2448/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2448/2023
17.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver