Məhkəmə qərarları › İş №2(004)-2450/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2450/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2450/2023 15.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 "xxxx" KB ASC-nin xeyrinə ümumilikdə 3821,08 manat borcun və 60,02 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduqları ünvan üzrə və eləcə də, qeydiyyatda olduqları ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildirişlər göndərilmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" KB ASC tərəfindən borclu X3 istehlak məqsədi ilə 24 ay müddətinə illik 26% ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə X4 və Cavabdeh3 xx.xx.2018-ci il tarixli, 381micNAR/18 saylı zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərilərinə götürmüşdülər. Lakin, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, borclu X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 567 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X2 vərəsəsi Cavabdeh1 müəyyən edilmiş və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak X3 məxsus “BMW X-5” minik markalı, **-RM-*** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 25 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus 2/3 hissədən 3 otaq (y/s-42,4 kv.m.k/s-33,4 kv.m) payından ibarət olmuşdur. xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə cavabdehlərin cəmi 3821,08 manat borcu vardır. Borclulara dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq onlar müqavilədən irəli gələn öhdəlikərini icra etməmişlər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci madddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Eyni Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi, Cavabdeh1 X2 qanun üzrə vərəsəsi kimi tanınaraq ona mülkiyyət və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verildiyindən, Cavabdeh1 miras qoyanın borcunu kreditorlara münasibətdə tam olaraq ödəməyə borclu olduğundan sözü gedən pul məbləği də, cavbadeh Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcu müştərək qaydada zaminlər X1 və Cavabdeh3 tutulmasına dair hissəsi ilə razılaşmır. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 442, 445.1, 462.1, 477.0.4, 739.2, 1151.1, 1243.1, 1243.2 və 1306.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 cəmi 3821,08 (üç min səkkiz yüz iyirimi bir manat 08 qəpik) manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 60,02 (altmış manat 02 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 cəmi 3821,08 (üç min səkkiz yüz iyirmi bir manat 08 qəpik) manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 60,02 (altmış manat 02 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq "xxxx" KB ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar