Məhkəmə qərarları › İş №2(004)-2453/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2453/2024

28.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2453/2024 28.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin ləğv edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin ləğv edilməsi” tələbinə dair iddia ərizələri məhkəməyə müraciət etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yaşlı və yataq xəstəsidir. Məhkəmə qətnaməsi ilə cavabdehdən hər ay 150 manat miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin, 2024-cü il üzrə yaşayış minimumu artırılmış və 270 manat həddində müəyyən edilmişdir. Odur ki, ilkin iddia tələbinin təmin edilməsi xahiş edilir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı pensiyaçıdır və kifayət qədər gəliri vardır. Odur ki, alimentin tutulmasına zərurət yoxdur. Odur ki, qarşılıqlı iddia tələbinin təmin edilməsi xahiş edilir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə qızı məhkəmə iclasında izahat verərək ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil oğlu məhkəmə iclasında izahat verərək ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-7289/2019 nömrəli qərarına əsasən müəyyən edilir ki, Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub 1-ci qrup əlil, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ata İddiaçı ödənilməsi qərara alınmışdır. İş materiallarına İddiaçı müvafiq tibbi sənədləri əlavə edilmişdir. Məhkəmə iclas protokoluna dindirilmiş şahidlərin izahatları əlavə edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, İddiaçı pensiyaçı qismində aylıq gəlirləri ümumilikdə 537,76 manat təşkil edir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləyir və aylıq gəlirləri 3985 manat təşkil edir. İddia tələbi üzrə mediasiya prosedurasına əməl edilmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunvericiliyin tələbinə əsasən alimentin artırılması üçün yeni əsaslar yarandığından məhkəmə aliment məbləğinin artırılmasını əsaslı hesab edir. Məhkəmə qərar qəbul edərkən əxlaq və mənəviyyat normalarını, ailə dəyərlərinin, ailə üzvlərinin (xüsusən valideyn-övlad) qarşılıqlı maraq və mənafelərinin, ailə bağlarının gücləndirilməsinin zəruriliyi ilə xüsusatları əsas götürür, ata İddiaçı yataq xəstəsi olmasını, öz bacısının yanında yaşamasını, oğul Cavabdeh gəlirlərinin yüksək miqdarını və tələb olunan aliment məbləğinin övladın aylıq əmək haqqısının cüzi hissəsini təşkil etməsini nəzərə alır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-7289/2019 nömrəli qərarında müəyyən edilmiş xüsusatlar əsas götürülməklə hal-hazırda alimentdən azad edilmə ilə bağlı yeni xüsusatlar mövcud deyildir. Belə ki, İddiaçı pensiyaçı olması və müvafiq gəlirlərinin mövcudluğu həmin vaxt da (2019-cu ildə) qüvvədə olmuşdur. Yəni, hazırda tərəflərin münasibətləri üzrə yeni xüsusatlar, hallar ortaya çıxmamışdır. İddiaçı ümumilikdə 537,76 manat pensiya alması dövlətin sosial siyasətinin təzahürüdür və bu xüsusat övladın valideyn qarşısında aliment öhdəliyinin dayandırılmasına əsas qismində çıxış edə bilməz. Nəzərə almaq lazımdır ki, bu barədə konkret xüsusat qanunvericilikdə də müəyyən edilməmişdir. Odur ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin izahatlarını məhkəmə mötəbər sübut qismində qəbul etmir. Belə ki, şahidlər yaxın qohum (xala, dayı) və qonşular (eybi girişdə lakin, ayrı mərtəbədə yaşayan, ayri binada yaşayan) olmaqla qonşu kimi ailə daxili münasibətlərinin incəliklərini bilə bilməzlər, yaxın qohumların izahatlarının obyektivliyini isə məhkəmə qəbul etmir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 7289/2019 nömrəli qərarına əsasən müəyyən edilmiş aliment miqdarı artırılmalı, ilkin iddia üzrə Cavabdeh hər ay 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulub 1ci qrup əlil, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ata İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 7289/2019 nömrəli qərarına əsasən müəyyən edilmiş aliment miqdarı artırılsın, ilkin iddia üzrə Cavabdeh hər ay 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulub 1ci qrup əlil, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ata İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar