Məhkəmə qərarları › İş №2(004)-247/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-247/2024

19.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-247/2024 19.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı X4 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat və 7900 (yeddi min doqquz yüz manat) ABŞ dolları əsas borcun və dövlət rüsumu kimi köçürdüyü 176,40 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona özünü AR FHN-nin əməkdaşı kimi təqdim edərək həmin qurumda onu işə düzəltmək adı ilə aldadaraq ondan 7900 (yeddi min doqquz yüz) ABŞ dolları məbləğində pul almış, bundan başqa o, onun vasitəsi ilə dostu Taleh Əliyevin də pulunu alaraq ələ keçirmişdir. Bu pulların ondan alınması 2021-ci ilin dekabrında o, ona 7900 ABŞ dollarını, 2022-ci mart ayında isə T.Əliyevin 15000 manat pulunu vermiş, lakin cavabdehin verdiyi vədə əməl etməməsi ilə bağlı o, Sumqayıt şəhər Prokurorluğuna şikayət etmiş, araşdırma aparılmış və təqdim edilmiş səs-yazıları, şahid ifadələri ilə də qeyd edilən pulların cavabdeh tərəfindən alınaraq qaytarılmadığı sübuta yetmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Ona həmin qərarla izah edilmişdir ki, o, cavabdehə qarşı pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməlidir. Göründüyü kimi cavabdeh ona aid olan pulları ələ keçirmiş və tanışı T.Əliyev 15000 (on beş min) manat pulu cavabdehə onun vasitəsi ilə verdiyi üçün həmin pulu ondan istəyir, ona görə də hər iki pul vəsaiti cavabdehdən alınaraq ona qaytarılmalıdır. Cavabdeh iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı göstərilən tələblə (yəni pul tələbinə dair) Bakı səhər Yasamal rayon Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası MPM-nin 154-cü maddəsinə əsasən isdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Hüquqlarının müdafiəsi üçün qanunda göstərilən hüququndan istifadə etmək məcburiyyətində qalmışdır. İddiaçı - İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ondan 7900 ABŞ dolları və guya dostuna məxsus 15000 manat pulun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun bu iddiası tamamilə əsassız və yalanlardan ibarətdir və iddia ərizəsində yazdıqlarıda bir cəfəngiyatdır desə haqsız sayılmaz. Bu məsələ ilə əlaqədar olaraq onların işi Sumqayıt səhər Prokurorluğunda araşdırılmış, şahid ifadələri ilə öz təsdiqini belə tapmamışdır. Belə ki, o, iddiaçıdan nə də dostundan 15000 manat miqdarında pulu heç bir vaxt almamış və bu şəxsidə yalnız şikayət ərizəsi ilə prokurorluğa müraciət edərkən görmüş və tanımışdır. Lakin iddiaçını Sumqayıt, Bakı səhərində saysız insanlar tanıyır ki, bu şəxs məhşur faizə pul verəndir və bu üsulla bir çox insanların belə həyatını məhv etmişdir. Belə ki, o, bu şəxsdən özü və dostları üçün ümumilikdə 7900 ABŞ dolları dəyərində hissə-hissə olmaqla pullar götürmüş və ona bu pulun iki qatını ödəmişdir. Bunu sübut edəcək yetərli qədər şahidləri və səs yazıları belə vardır və prokurorluğun qərarında da bununla bağlı ətraflı göstərilmişdir. Bütün bu qədər olanlar bir tərəfə, onunla bağlı bir çox insan var ki, bu şəxsin onun kimi qurbanıdır və onlar bununla əlaqədar olaraq aiddiyyatı üzrə Vergilər Nazirliyinə və AR DİN yanında Baş - Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə belə şikayət ərizəsini verəcək. Yuxarıda yazılanları nəzərə alaraq, İddiaçı ona qarşı pul tələbinə dair iddiası tamamilə əsassız olduğundan rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və izahatında əlavə olaraq bildirdi ki, cavabdehi, 6-7 il ildir ki, tanıyırdı. Cavabdeh onun işlətdiyi çayxanaya uzun müddət gəlib-getmiş, yaxşı münasibətləri olmuşdur. Sonuncu dəfə ondan borca pul götürəndə bildirmişdir ki, iş görəcək və ordan qazancı olacaq, ordan götürdüyündən onlara da hörmət edəcəkdir. Cavabdeh bundan əvvəldə ondan borca pul götürmüş və geri qaytarmışdır. Bu səbəbdən o, ona etibar etmişdir. Cavabdeh ona demişdir ki, işə düzəlmək istəyən olsa düzəldə bilər. O da bu barədə Talehə demişdi. Taleh onun çayxanasının yanında velosipet dükanı işlədir. Yayda üç ay işləyir, yeddi-səkkiz ay işsiz olur. Cavabdeh ona iş barədə deyəndə, o da Talehə bu barədə demiş, o da ona etibar edib cavabdehlə razılaşaraq onu işə düzəltmək məqsədilə pul vermişdir. Cavabdeh Talehi Fövqalada Hallar Nazirliyinə sürücü olaraq düzəldəcəyini bildirmişdir. Götürdüyü puldan bu günə kimi dəqiq yadında olmasa, hardasa 500-700 manat civarında pul qaytarmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, Fövqalada Hallar Nazirliyində sürücü işləyir. Bu işlə bağlı onun iş yerində araşdırma olmuş və onun günahsız olduğu sübuta yetirilmişdir. Əgər onun bu işlə bağlı nəsə günahı olsaydı işdən onu indi çıxartmışdılar. Bundan başqa bildirmişdir ki, iddiaçıdan 7900 ABŞ dolları olmaqla hər ay 200 dollar ödəməklə faizə pul götürmüşdür. Lakin aralarında rəsmi müqavilə və ya hər hansı bir razılaşma olmamışdır. Pulu şifahi formada almışdır. Həmin borcun 7000 dollarını onun iş yoldaşı onun adına götürmüş, 900 dolları isə onun borcu olmuşdur. Həmin borcu da faiz ilə birlikdə artıqlaması ilə qaytarmışdır. İddiaçının hazırda tələb etdiyi pul faizə olan puldur. İddiaçı dəfələrlə qarşısını kəsib maaş kartını tələb edib, evinə gələrək ona hədə qorxu gəlib. Hətda ona bildirmişdir ki, “pulu vermisən iş yoldaşına o sənin problemindir, get iş yoldaşını öldür o pulu keçim sənə”. Onun iddiaçıya heç bir borcu yoxdur. Borcunu artıqlaması ilə qaytarmışdır. Bundan başqa o, Taleh adlı şəxsi tanımır və ondan heç vaxt borca pul almamışdır. Onu burda birdə istintaqda izahat verərkən görmüşdür. Bundan əlavə bildirmişdir ki, iddiaçı bildirir ki, o, güya Talehi işə düzəldəcəkdi. Məlumdur ki, Fövqalada Hallar Nazirliyində 30 yaşdan yuxarı heç kimi işə götürmürlər. Talehin isə ən aşağısı 40a yaxın yaşı var. Qeyd olunanları nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 izahat verərək bildirdi ki, o, velosiped dükanı işlədir. İşi mövsumla bağlıdır. Yayda üç ay iş olur, sonda isə aylarla işsiz olur. O, cavabdehi tanımır. İddiaçını tanıyır, puluda ona etibar edib vermişdir. Çünki, həm Vüqarla bir kənddəndilər, həm də ki, yerini yurdunu bilir. Vüqar ona gəlib bildirdi ki, adam var işə düzəldir. O da, razılaşmışdır. Vüqarla birlikdə parkda cavabdehlə görüşmüş, Vüqar pulu ona vermişdir. Pulu o, Vüqara vermiş, o da cavabdehə verib. Pulunun bir hissəsini Vüqar qaytarıb, qalan hissənidə az-az qaytaracaqdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, o, əvvələr Fövqəlada Hallar Nazirliyində bölmə komandiri vəzifəsində işləyirdi. Sonradan işdən çıxmışdır. Cavabdehlə on bir il bir yerdə işləmişdi. Ona təcili pul lazım olduğu üçün Dostəliyə müraciət etmişdir. Dostəli onun yanında zəng edərək «əmi» kimi dediyi Vüqardan onu tanıdığını, iş yoldaşı olduğunu deyərək ondan borca pul istədi. 7200 dollar olmaqla 10000 manat pul almışdır. Bir il olmaqla ayda 1200 dollar olmaqla bir il müddətinə pul ödəmişdir. Hətta gecikdiyi günlərə görə də sonradan artıqlaması ilə qaytarmışdır. Bir iki dəfə gecikdirdiyinə görə üstünə əlavə faiz gəliblər. 10000 min manat pul götürsə də, 40000 min pul ödəmişdir. Hər şey əlindən çıxmışdı, bircə qalmışdır ki, ailəsi dağılsın. Onda ödəyə bilmədiyi üçün Dostəliyə demişdir ki, “gedək danışaq artıq ödəyə bilmirəm”. Vüqarın işlədiyi dükana gedib üzürxaqlıq etdi ki, “sənə artıqlaması ilə ödəniş etmişəm, daha artıq ödəyə bilmirəm”. Borcun silinməsini istəmişdir. Vüqar razılaşmadı, sonra bir az keçmədi idmançı qardaşı post patrul ilə gələrək hədə qorxu gəlməyə başladılar. Borcu Dostəli vasitəsi ilə götürmüş, qaytaranda Dostəliyə ödəniş edirdi. Pulu ya Dostəlinin kartına ya da Vüqar Dostəliyə kart alıb ora ödəniş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, İddiaçı 2-3 dəfə görmüş, cavabdeh isə onun qonşusudur. 2023-cü ilin avqust ayının əvvəllərində o, telefon ilə danışaraq, evinin qarşısında səs eşitmiş, evdən çıxıb görmüşdür ki, qapısının qarşısında Vüqarla Dostəli mübahisə edirlər. O, eşitmişdir ki, Vüqar Dostəliyə “pulumu qaytar, faizimi qaytar” deyir və onun yanında cavan bir adam da var idi. O, hardasa 20-25 dəqiqə söhbətə müdaxilə etməmiş, fikirləşmişdir ki, əgər əlbəyaxa olsalar, onda müdaxilə edəcək. Bunlar gedendən sonra o, Dostəliyə yaxınlaşmış və nə məsələ olduğunu soruşmuş, Dostəli isə ona bir pul məsələsi olduğunu, ondan gəlib faiz istədiklərini bildirmişdir. Soruşanda ki onun borcu var kiməsə, demişdir ki, onun borcu yoxdur, o, Vüqardan faizə pul almış və iş yoldaşına vermişdir. Bundan sonra bir həftə keçmiş və o, Sumqayıt şəhərində Bağlar massivində olarkən, Dostəliyə zəng vuraraq mebel əşyalarının götürülməsində köməklik göstərməsini xahiş etmiş, o da 30-40 dəqiqə sonra deyilən yerə gəlmişdir. O, su almaq üçün marketə getmiş, çıxanda görmüşdür ki, Vüqar ona məxsus ağ rəngli avtomobildən düşərək Dostəlinin dalıyca qaça-qaça düşmüş və onu əlində olan bıçaqla vurmaq istəmişdir. Dostəli bu zaman qışqırmış, köməyə çağırmış, post patrul avtomobili 50-60 metr yaxınlığında idi. Bu zaman o, yenə pul söhbətini eşitmişdir. O, Vüqara yaxınlaşanda, Vüqar avtomobilinə əyləşib qaçıb getmişdir və post patrul avtomobili onun dalıyca getmişdir. O, Dostəlini sakitləşdirmiş və nə məsələ olduğunu ona danışmağı bildirmişdir. Dostəli söyləmişdir ki, o, Vüqardan iş yoldaşı üçün faizə pul götürmüş, vaxtıvatında ödənişləri etmiş, faizləri də ödəmiş, faiz çoxaldığından, Vüqar hal-hazırda ondan həmin çox olan məbləği istəyir, o da onu ödəyə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, cavabdeh onun dostudur, iddiaçını isə bir dəfə görüb, tanıyır. Vüqar Dostəliyə pul vermiş, Döstəli isə ona ödənişlər edirdi, sonra Vüqar ondan əlavə pul istəmişdi. Dostəli öz maaş kartını ona verərək, Vüqar verməsini xahiş etmişdir. Lakin Vüqar həmin kartın kodunu bilmədiyi üçün ordan pul çıxarda bilməmişdir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər prokurorluğunun müstəntiqi Xaqani Süleymanlının 05 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, Taleh Əliyevi tanımır, onu heç vaxt görməmiş, 15000 manat pulunu almamışdır. Əvvəllər Sumqayıt şəhəri 42 nömrəli xətt marşrutunda dispetçer işləmiş, həmin ərəfədə borc pula ehtiyacı yaranmış, onunla eyni xətdə işləyən Comərt adlı sürücü işləyən şəxs ona İddiaçı faizə pul verdiyini demişdir. O bu münasibətlə tanıdığı Vüqardan dəfələrlə faizə pul almışdır. Vüqar ona hər dəfə pul verəndə qarantiya kimi nə sənəd, nə qiymətli əşya, nə də başqa şəxsin zaminliyini tələb etməmişdir. İddiaçı faizə 7900 ABŞ dolları pul almış, 2020-ci ildə və 2022-ci ilin mart ayında qədər bunun üçün hər ay 1200 ABŞ dolları pul ödəmişdir. Bunu sübut edən səs yazısı da var. İddiaçı ondan heç vaxt kimisə fövqəladə hallar əməkdaşı kimi işə düzəltməyi xahiş etməmiş, aralarında belə bir söhbət olmamışdır. 2020-ci ildə sələmçiliklə məşğul olan Vüqardan hər 100 ABŞ dollarına 30 manat faiz haqqı olmaqla ümumi 7900 ABŞ dolları almış, yuxarıda göstərdiyi müddətdə hər ay 1200 ABŞ dolları olmaqla qaytarmışdır. İndi isə Vüqar ondan həmin pulu almaq üçün şikayət edir. İddiaçılə heç bir vaxt Sumqayıt şəhərində hansısa parkda görüşməmişdir. Vüqar pul üçün üç dəfə onun qapısına gəlmiş, ilk dəfə 2022-ci ilin yay aylarında tək gəlib, o evdə olmadığına görə arvadı Aynurə Məmmədova onun evdə olmadığını Vüqara demiş, ikinci dəfə də belə bir hal baş verib, üçüncü dəfə isə evdə olmuş, məhəllədə Vüqarla görüşüb söhbət etmiş, bu vaxt Vüqar ona pulu verməsə onu ödürəcəyini demişdir. Həmin vaxt Vüqarın əlində bıçaq, silaha oxşar əşya olmamışdır. Vüqar bundan əvvəl də eyni halda onu öldürəcəyini demişdi. Araşdırma zamanı izahatı alınmış X7 izahatında göstərmişdir ki, 2011-ci ildə ailə qurduğu Dostəli ilə nikahından 2014-cü ildə doğulmuş oğlu Həsən anadan gəlmə tək xəyalıdır, Həsənin müalicəsinə illərdən bəri xərc çəksə də xeyri olmamışdır, ailə qurduğu vaxtda Dostəli dispetçer işləmiş, 2013-cü ildə Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Səbail rayon İdarəsində yanğınsöndürən avtomobilin sürücüsü işləmiş, əvvəl aylıq 450- 480 manat əmək haqqı almış, indi isə 770 manat əmək haqqı alır. 2020-ci ilin martında oğlu Həsənin müalicəsinə görə maddi çətinliyi yarandığından dispetçer işlədiyi vaxtdan tanıdığı Comərtin vasitəsilə tanıdığı şəxsdən sələmə pul götürmüşdür. Taleh əri Dostəlinin guya işə düzəltmək adı ilə aldadaraq pulunu ələ keçirməsi barədə dedikləri yalandır. Dostəli aldığı borcu isə qaytarmaqdan imtina etmir. Həmin qərara əsasən təqdim edilən səsyazıları ilə əlaqədar İddiaçı əlavə izahatı alındıqda göstərmişdir ki, 2021-ci ilin qış aylarından 2022-ci ilin mart ayınadək ötən müddət ərzində Cavabdeh müxtəlif vaxtlarda ayrı-ayrı məbləğlərdə cəmi 7900 ABŞ dolları borc vermişdir. Dostəli parfumeriya işi ilə məşğul olduğunu demiş, borcu götürəndə 3-4 aya qaytaracağını vəd etmişdir. Cavabdeh 7900 ABŞ dollarından pul qaytarmamışdır. Dostəli həmin pul ilə yaxşı qazanc əldə etdiyini deyərək ona 200-300 manat olmaqla, cəmi 800 manat vermişdir. Ancaq, bunu əsas borca aid etmir. Cavabdeh 7900 ABŞ dolları borcunu qaytarmadığına görə məhkəməyə və başqa hüquq mühafizə orqanlarına şikayət etməmiş, şifahi olaraq Dostəlidən borcu tələb etmiş, evinə getmişdir. Ailə üzvləri, tanışları onu Dostəlinin pulu qaytaracağına inandırmışdırlar. Dostəli və arvadı yalan danışır. Dostəli cəmi 800 manat qaytarmış, əsas borcu qaytarmamışdır, ona 7900 ABŞ dollar borculur. Talehi Dostəli ilə o, tanış etmiş, 15000 manat pulun FHN-ə işə düzəltməkdən ötrü verilməsini Taleh özü birbaşa Dostəli ilə danışıb, o sadəcə bu işdə şahid olmuşdur. Dostəlini öldürməklə hədələməmiş, Talehə heç bir təsiri yoxdur, müstəqil özü gəlib Dostəlidən şikayət edib, buna görə Talehin şərləməklə əlaqədar dedikləri tamamilə yalandır. Dostəlinin işdən çıxması deyil, əksinə işləyib pulunu qaytarması vacibdir. Dostəli özü guya pulun faizini ödədiyini desə də, artıq 5 aydır ki, pulun ödənilmədiyi səslərə əsasən təsdiq olunur. Dostəli ondan pul alır, qazanc edir və artıqlaması ilə qaytarır. O, sahibkardır, pulun dövriyyəsindən qazanc əldə edir. Səs yazılarından 15000 manat pulu Dostəlinin bankdan götürməsini öz dili ilə demişdir, bu pulu artıq işi düzələ bilmədiyi üçün Taleyə qaytarmağa bankdan götürürdü. Talehin yanında yalançı çıxmış, buna görə də birinci növbədə Talehin pulunu qaytarmasını ondan tələb etmişdir. Pulu Dostəliyə verib, həmin puldan da qazanc əldə edəcəyi doğrudur, ancaq, konkret faiz barəsində danışığı olmayıb. Dostəli onu şirnikləndirmiş, aldatmış, pullarını almış, etibar qazanıb guya Talehi işə düzəldəcəyini demişdir, Taleh də ona şirinlik verəcəkdi deyə, öz marağı var idi. İndi isə Dostəlinin bütün bunları düşünülmüş şəkildə planlıyıb, Talehə və ona ziyan vurduğunu başa düşmüşdür. Müvafiq qərarla müəyyən edilmişdir ki, toplanmış sübutların təhlili ilə Cavabdeh ilə İddiaçı arasında hər hansı məbləğdə alınmış pulun müəyyən şərtlərlə qaytarılması məzmununda mülki xarakterli münasibətlər mövcuddur. Hər nə qədər, İddiaçı Cavabdeh aldığı pulun qarşılığında faiz istənilməsi, həyata keçirilən gəlir əldə etmək məqsədi güdən bu fəaliyyətin hüquqauyğunluğunu mübahisə doğursa da, faktiki əqd qanunsuz, yalançı və etibarsız olduğu hallarda, mülki münasibətlərin başladığı andan əvvəlki vəziyyətin bərpası istisna edilmir, sadəcə qanunsuz, əsassız hissədə tələb hüququnun itirilməsi, mahiyyəti etibarilə verdiyi pulun geri tələb edilməsi hüququnu şəxsin özündə saxlayır. Bu baxımdan Cavabdeh ilə İddiaçı arasında 7900 ABŞ dollarına münasibətdə pulun qaytarılmamasına dair xüsusatlar mülki xarakterli olaraq qiymətləndirilərək dələduzluq və mülkiyyət ilə əlaqədar cinayət məsuliyyətinə səbəb olmur. Taleh Əliyevə məxsus 15 000 manat vəsaitin ələ keçirilməsi məqsədi ilə əlaqədar müəyyən edilmişdir ki, həmin vəsaitin Cavabdeh məhz Taleh Əliyevin fövqəladə hallar əməkdaşı kimi işə düzəldilməsindən ötrü verilməsi onun öz izahatı və İddiaçı izahatından başqa heç bir dəlillə təsdiqini tapmır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı Cavabdeh 7900 ABŞ dolları məbləğində pulu borca vermişdir. Cavabdeh 7900 ABŞ dolları məbləğində borca pul almış və indiyədək həmin borcundan cəmi 800 manat məbləğində ödəniş etmişdir. Bu hal iddiaçının və cavabdehin Sumqayıt şəhər prokurorluğunda izahatı alınarkən etirafedici izahatları ilə təsdiq edilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər prokurorluğunun müstəntiqi Xaqani Süleymanlının 05 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 7900 ABŞ dolları məbləğində pul borca verilməsi müəyyən edilmişdir. Cavabdeh hər ay 1200 ABŞ dolları pul ödəməsini qeyd etsə də, bu hal heç bir sənədlə sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə tərəflər arasında yazılı borc müqaviləsi bağlanmalı olduğu halda (məbləğ üç min manatdan çox olduğu üçün) tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 7900 ABŞ dolları məbləğində borc alaraq, bu günə qədər əldə etdiyi pul məbləğini iddiaçıya qaytarmamış, borcundan yalnız 800 manat ödəniş etmiş və bununla da cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə cavabdehin iddiaçıya hal-hazırda 7429,50 (yeddi min dörd yüz iyirmi doqquz dollar 50 sent) ABŞ dolları məbləğində borcu olduğu müəyyən edilmişdir. Bu fakt işin mübahisəsiz halı olmaqla, cavabdehin etirafedici izahatı ilə öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbinin ümumilikdə 7900 ABŞ dolları məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh tərəfindən ümumi 800 manat pulun (800:1,7=470,50 ABŞ dolları (xx.xx.2024-cü il tarixə olan valyuta məzənnəsinə uyğun olaraq) iddiaçıya ödənilməsini nəzərə alaraq, Cavabdeh 7429,50 (yeddi min dörd yüz iyirmi doqquz dollar 50 sent) ABŞ dolları məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən, şahid ifadələrinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Məhkəmə qeyd edir ki, şahid ifadələri o zaman mötəbər sayıla bilər ki, həmin ifadələr iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapsın. Hazırki şahid ifadələri cavabdehin və eləcə də, cavabdehin arvadı X1 cinayət işinin araşdırılması zamanı verdiyi ifadələrlə ziddiyyət təşkil edir. Belə ki, cinayət işinin araşdırılması zamanı izahata alınmış cavabdehin arvadı X3 izahatında bildirmişdir ki, əri Cavabdeh 2020-ci ilin martında oğlu Həsənin müalicəsinə görə maddi çətinliyi yarandığından dispetçer işlədiyi vaxtdan Comərtin vasitəsilə tanıdığı şəxsdən sələmə pul götürmüşdür. Dostəli aldığı borcu isə qaytarmaqdan imtina etmir. Eyni zamanda şahid qismində dindirilmiş X2 Dostəlinin Vüqar adlı şəxsdən borc alaraq ona verdiyi pulu, elə Dostəli vasitəsilə də geri ödəməsinə dair verdiyi izahatı da iş materialları ilə sübuta yetməmişdir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Məhkəmə iddia tələbinin cavabdehdən əlavə borca verilmiş 15000 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehə 7900 ABŞ dollarından əlavə iddiaçının Talehi işə düzəltmək məqsədilə cavabdehə 15000 manat pul vəsaitinin borca verdiyini iddia etsə də, 15000 manat ilə bağlı məhkəməyə hər hansı bir sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə də, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7429,50 (yeddi min dörd yüz iyirmi doqquz dollar 50 sent) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 176,40 (yüz yetmiş altı manat 40 qəpik) manat dövlət rüsumunun 88,20 (səksən səkkiz manat 20 qəpik) manatı Cavabdeh tutularaq İddiaçı ödənilməli, 88,20 (səksən səkkiz manat 20 qəpik) manatı isə İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7429,50 (yeddi min dörd yüz iyirmi doqquz dollar 50 sent) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 176,40 (yüz yetmiş altı manat 40 qəpik) manat dövlət rüsumunun 88,20 (səksən səkkiz manat 20 qəpik) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin, 88,20 (səksən səkkiz manat 20 qəpik) manatı isə İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar