Məhkəmə qərarları › İş №2(004)-2474/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2474/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2474/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 12.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 12 saylı notariat kontorunda 03.12.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 42500 manat pulun dollar ekvivalenti olan 25000 ABŞ dolları və ona vurduğu maddi və mənəvi zərərə görə 10000 manat pulun Cavabdeh onun xeyrinə tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 08.06.2021-ci il tarixdə etiraz ərizəsi verərək iddia tələbinin qismən təmin edilməsi, 03.12.2018-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borc 26350 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması və iddia tələbinin qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək bildirir ki, iddiaçı 3 dekabr 2018-ci il tarixdə rəsmi olaraq Bakı Şəhəri 12 saylı Notariat kontorunda Cavabdeh ilə 1 il müddətə olmaq şərti ilə kredit müqaviləsi bağlamaqla notariusun vasitəsi ilə cavabdehə 85000 manat, yəni 50000 ABŞ dolları ekvivalentində pul vermişdir. Cavabdeh həmin pulun 25000 ABŞ dollarını 18.11.2020-ci il tarixdə ona geri qaytarmışdır. Bundan sonra bir neçə dəfə cavabdehə yazılı olaraq poçt vasitəsi ilə 07.10.2020-ci il və 02.02.2021-ci il tarixdə müraciət edərək bildirmişdir ki, 3 dekabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən ona olan borcunu tam ödəsin, lakin cavabdeh bugünə qədər ona olan 25000 ABŞ dolları borcunu ödəmək üçün lazımı hərəkətlər etmir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, on yeddi ildir ki, bank sahəsində çalışır, turizm inkişaf etməyə başlayanda isə otel fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bir neçə otel işlətmişdir. Sonra hazırda fəaliyyət göstərən oteli açmaq istəmiş, oteli təmir etmək istəyərkən əlində vəsait olmuşdur. İmdad da ona şərik kimi vəsait verə biləcəyini bildirmişdir. O, İmdaddan vəsaiti almış və otel təmir mərhələsində olarkən İmdada aylıq 850 manat pul ödəməyə başlamışdır. Mart ayında otelin açılışı olmuş, dərhal sonra isə pandemiya başladığından otelin fəaliyyəti dayanmışdır. Lakin otel fəaliyyəti dayandırdıqdan sonra da aylıq 850 manat məbləğində pulu İmdada ödəməyə 4-5 ay da davam etmişdir. Otelin gəliri olmadığı üçün İmdada pulu ödəyə bilmədiyini bildirmiş, İmdad isə israrla borcunu istəmişdir. Həmin ilin iyun ayında mülkiyyətində olan maşını sataraq İmdada 20000 ABŞ dolları məbləğində pul vermiş və aylıq 850 manat məbləğində ödəniş edə bilmədiyini bildirmişdir. Həmin ilin oktyabr ayında isə digər avtomobilini sataraq 5000 ABŞ dolları məbləğində pul vermişdir. Borcunu inkar etmir, lakin iddiaçının bildirdiyi qədər deyil 15000 ABŞ dolları məbləğində borcu ödəməyə razıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 izahat verərək bildirir ki, həqiqətən cavabdeh iddiaçıdan əlli min dollar pulu almışdır. Cavabdeh otel fəaliyyəti ilə məşğuldur. Pulu da bu fəliyyətə sərf etmək üçün götürmüşdür. Lakin pandemiya səbəbindən otellərin işləmədiyi üçün qazanc əldə edə bilməmişdir. 25000 dollardan əlavə olaraq cavabdeh müqavilədən sonra 19 ay müddətində hər ay 850 manat olmaqla, ümumilikdə 16150 manat pul ödəmişdir. Bu hallar isə iddia ərizəsində qeyd olunmamışdır. Cavabdeh ümumilikdə 58650 manat pul ödəmişdir. Hazırda isə onun 26350 manat borcu vardır. 26350 manat olan borcunu cavabdeh hissə-hissə ödəməyə razıdır. Cavabdehin hər ay 850 manatı notarius vasitəsilə verməməyinin səbəbi dostluq və tanışlıq münasibətinin olması və şahidlərin olmasıdır. İki il ərzində iddiaçının cavabdehdən pul tələb etməməsinin səbəbi məhz hər ay ona cavabdeh tərəfindən 850 manat məbləğində ödəniş edilməsidir. İddiaçı isə həmin pulu ümumi məbləğdən deyil, faiz borcundan çıxmış, halbuki, müqavilə üzrə faiz nəzərdə tutulmamışdır. İddianın qismən təmin olunaraq cavabdehdən 15000 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03.12.2018ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən İddiaçı tərəfindən Cavabdeh 03.12.2019-cu il tarixədək qaytarmaq şərti ilə 85000 manat, dollar ekvivalenti ilə 50000 ABŞ dolları məbləğində borc verilmişdir. İş materiallarında olan İddiaçı 18.11.2020-ci il tarixli, **********911 saylı notarial qaydada yazılmış ərizəsinin surətinə əsasən 03.12.2018-ci il tarixli, 3M-1169 reyestrli kredit müqaviləsinə əsasən X3 ona olan 50000 ABŞ dolları borcundan 25000 ABŞ dolları məbləğini qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirir ki, cavabdeh onun müdiri olmuşdur. İmdadla İlqar arasında otelin təsis olunmasına pul qoyulması və aylıq 1% ödənilməsi barədə razılıq olmuşdur. İlqar iki maşınını sataraq cəmi 25000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Hər ay 850 manat olmaqla İmdada ödəniş olunmuşdur. O özü də pulu qəbul otağına qoyur, İmdad pulu oradan götürürdü. Sonra isə pandemiya səbəbəindən otellər fəaliyyətini dayandırmışdır. 19-20 ay ərzində cavabdeh İmdada hər ay 850 manat ödəmiş, sonra isə iki maşınını sataraq 20000 ABŞ dolları və 5000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirir ki, cavabdehin qardaşıdır. Otelin baş mühasibi olmuşdur. İmdada hər ay 850 manat məbləğində pul verildiyini oteldə hamı bilirdi. 2020-ci ilin mart ayına kimi zərfdə 850 manat məbləğini o şəxsən İmdada vermişdir. Hər ay 850 manatın verilərkən bu rəsmiləşdirilməmiş, imza ilə təsdiqlənməmişdir. Beləliklə, iş materialları ilə sübut olunur ki, tərəflər arasında 85000 manat verilməsi barədə borc müqaviləsinin bağlanması və 25000 ABŞ dolları borcdan ödəniş olunması işin mübahisəsiz halıdır. Cavabdeh 25000 dollardan əlavə 16510 manat ödədiyini bildirsə də, buna dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Cavabdehin vəsatəti əsasında dindirilmiş şahidlərdən biri cavabdehin qardaşı, digəri isə işçisidir. Məhkəmə hesab edir ki, yalnız həmin şahidlərin ifadəsi notariat qaydada bağlanmış müqavilə üzrə borcun ödənilməsinin sübut olunması üçün yetərli deyil. Məhkəmə o cümlədən qeyd edir ki, borc müqaviləsindən, o cümlədən borc müqaviləsində əl yazma ilə qeyd edilən yazıdan görünür ki, borc manatla verilmişdir. Məhkəmə iddia tələbini cavabdehdən 42500 manat borcun tutulması hissəsində əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı eyni zamanda, cavabdehdən ona vurduğu maddi və mənəvi zərərin əvəzi olaraq 10000 manat tələb edir. Məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilə bilməz, çünki iddiaçı maddi və mənəvi zərərin cavabdehdən tutulmasını xahiş etsə də, məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəydiyini sübut edə bilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 03.12.2018ci il tarixli kredit müqaviləsi üzrə 42500 (qırx iki min beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 03.12.2018-ci il tarixli kredit müqaviləsi üzrə 42500 (qırx iki min beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar