Məhkəmə qərarları › İş №2(004)-248/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-248/2022

14.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-248/2022 14.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən mənzildən su sızması nəticəsində İddiaçı2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 528, X3, Bina Q ünvanında yerləşən ümumi sahəsi 164.4 kv.m olan qeyriyaşayış sahəsinə dəymiş maddi ziyanın-4112 manat məbləğində pulun cavabdehdən tutularaq 2182 manat məbləğində hissəsinin İddiaçı2, 1930 manatlıq hissəsinin və əlavə 300 manat qiymətləndirmə haqqının isə İddiaçı1 ödənilməsi və cavabdehin öz mənzilində olan su və kanalizasiya xətlərində olan nasazlıqların aradan qaldırılması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 528, X3, Bina Q ünvanında yerləşən ümumi sahəsi 164.4 kv/m olan qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. İddiaçı1 həmin obyekti “playstation” oyun zalı kimi istifadə etmişdir. Həmin qeyri-yaşayış sahəsinə Yasamal rayonu, 528-ci Məhəllə, ev “Q” mənzil 39-un mülkiyyətçisi Cavabdeh mənzilinin hamam və mətbəxinin su borusunun nasazlığı səbəbindən aşağı mərtəbədə yerləşən “Playstation” oyun zalına su axıdılmış və nəticədə iddiaçılara maddi ziyan vurulmuşdur. Nəticədə aşağı mərtbədə yerləşən oyun zalının otaqlarının tavanı qopub tökülmüş, döşəməsi (laminatı) yararsız hala düşmüş, elektrik xətləri sıradan çıxmış, 3 (üç) ədəd PS-3 (playstation-3) aparatı, 1 (bir) ədəd LG markalı televizor və digər əşyalar sıradan çıxmışdır. Yuxarıda qeyd edilən məsələlər Yasamal rayonu 21 saylı MKİS əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli Akt-da da öz təsdiqini tapmışdır. Məsələ ilə bağlı olaraq “Dinar” firması tərəfindən qiymətləndirilmə aparılmışdır. 09 fevral 2021-ci il tarixli “əmlakın qiymətləndirilməsi və keçirilən baxışın nəticələri haqqında AKT-la müəyyən olunmuşdur ki, qeyri-yaşayış sahəsinə tavandan sızmış suya görə dəymiş ziyanın məbləği 4112 (dörd min yüz on iki) manat təşkil edir. Qiymətləndirilmə Aktından da göründüyü kimi, İddiaçı1 1930 manat (divan(otaq l)-60 man., divan(otaq 2)-270 man., Tv smart HOekran- 1300 man.,Playstation 3- 300 man.)), digər İddiaçı2 2182 manat (4112-1930=2182) məbləğində maddi ziyan vurulmuşdur. Hesab edir ki, Cavabdeh vurduğu ziyana görə 4112 manat məbləğində pulun alınaraq, iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında da göstərilir ki, tərəflər sübutetmə yükü ilə tam yüklənə bilməz. İddiaçılar məhkəməyə müraciət etməzdən öncə mənzilinə dəymiş ziyanla əlaqədar Mənzil Kommunal İstismar Sahəsinə müraciət etmiş və nəticədə 21 saylı MKİS-n əməkdaşları tərəfindən akt tərtib edilərək göstərilmişdir ki, Yasamal rayonu, A.Sultanova küçəsi, 528-ci məhəllə, ev “Q” mənzil 39-un sahibi Cavabdeh mənzilinin hamam və mətbəxinin su borusunun nasazlığı səbəbindən aşağı mərtəbədə yerləşən “Playstation” oyun zalına su axıdılmış və maddi ziyan vurulmuşdur. Daha sonra iddiaçılar bütün sübutları və tərtib olunmuş aktı məhkəməyə təqdim etmiş, yalnız bundan sonra sözügedən qeyri-yaşayış sahəsini təmir etdirmişdir. Hesab edir ki, həm tərəfindən təqdim edilmiş sübutlardan, həm də sonuncu ekspert rəyindən də aydın görünür ki, həqiqətən də su sızması faktı mövcuddur və ekspert ifadəsində evin təmir edildiyini, artıq vaxt keçdiyinə görə həmin su sızması faktını müəyyən edə bilmədiyini qeyd etsə də, iddiaçı su sızması faktının baş verdiyi dövrdə lazım olan bütün sübutları toplamış və məhkəməyə təqdim etmişdir. Ona görə də tərəfindən təqdim edilmiş sübutları, Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyi, həmçinin məhhəmə araşdırılması zamanı toplanmış sübutları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Belə ki, 21 saylı MKİS-in tərtib etdiyi akt qərəzlidir. Onlar on ildir jekə ödəniş etmir, çünki binanın yaxşılaşdırılması üçün heç bir iş görməmişlər. Bundan başqa onun mənzilinə baxış keçirilərkən hər hansı qüsur aşkar olunmamışdır. Akt tərtib olunarkən onların bundan ümumiyyətlə xəbərləri olmamiş, onların evinə baxış keçirilməmişdir. Ümumiyyətlə, bina köhnə bina olduğundan, istismar müddəti keçdiyindən hesab edir ki, su sızması kimi problemlər hər zaman yaşanmağa davam edəcək və bu problem hələ də həll edilməmiş qalacaqdır. Problemin həlli üçün binanın yenidən sökülüb-tikilməsi zərurəti var və bütün qonşular eyni problemlə üzləşmək məcburiyyətində qalmışdır. Günün bu gündə şaxtalarında nəmişlik var. Binanın isitmə sisitemini və su təhcizatını təmin edən borular kohnə olduğundan daim su sizmaları olur və bu borular binanın zirzəmi hisəsinin tavanındna keçirki, hansı ki, o zirzəmidə də, iddiaçının bildirdiyi sahə yerləşir. MKİS belə bir arayış tərtib etməklə məsuliyyəti öz üzərindən atır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş ekspert X2 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixli 10/3539 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd etdiyi “Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, X3, Bina Q ünvanında yerləşən qeyri-yaşayış sahəsinə həmin qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 39 saylı mənzildən su axıdıldığı və nəticədə qeyri-yaşayış sahəsinin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 39 saylı mənzilə baxış keçirilən zaman sözügedən mənzilin su-kanalizasiya xəttlərinin üzərində hər hansı bir qüsurun olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, qeyri-yaşayış sahəsinə su sızmasının səbəbi dəqiqliklə müəyyən etmək mümkün olmamışdır” ifadələrində texniki səhvə yol verilmişdir. Belə ki, onların icraatında bu tip işlər çoxdur, hər düşündüyünü yazmağa imkan olmur. Əslində o rəydə qeyri-yaşayış sahəsinə su axıdıldığı və nəticədə qeyri-yaşayış sahəsinin tikililərinə ziyan vurulduğunun müəyyən olunmasını, lakin həmin qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 39 saylı mənzildən su axıdılmasının müəyyən edilmədiyini yazmaq istəmişdir. Nəzərə çatdırmaq istəyir ki, o, ilk növbədə iddiaçının mənzilinə baxış keçirmiş və qərardadda da qeyd olunduğu kimi iş materiallarını da nəzərdən keçirərək rəy vermişdir. Qeyd etmək istəyir ki, iddiaçının evində bəzi otaqlarında su sızma faktı olmuş, otaqlara ziyan dəymiş, lakin daha sonra iddiaçı tərəfindən təmir edilmişdir. Yerində baxış zamanı iddiaçının özü də orada iştirak etmiş və ifadəsində qeyd etmişdir ki, həqitətən də təmir işləri aparmışdır. Daha sonra su sızma faktını müəyyən etmək üçün və qərardadda sırf 39-cu mənzillə bağlı sual qoyulduğundan, yuxarı mərtəbədə yerləşən 39-cu mənzilə baxış keçiriləndə su-kanalizasiya xəttlərində hər hansı bir qüsurun olmadığını və su sızması halının baş vermədiyini müəyyən etmişdir. Bundan başqa bildirmək istəyir ki, rəyin nəticə hissəsində texniki səhvə yol verərək 39-cu mənzili göstəmiş olsa da, burada söhbət ümumi binadan gedirdi. Belə ki, sözügedən binalar köhnə olduğundan və istismar müddəti başa çatdığından ümumi kanalizasiya xəttlərində qüsurlar ortaya çıxa bilər. İddiaçının mənzilində isə artıq təmir işləri aparıldığından həmin mənzilə su sızması halını, yaxud su sızmasının mənbəyini müəyyən etmək mümkün olmamışdır. Əgər su 39 saylı mənzildən axsaydı mənzildə korroziya, yaxud pas izləri olardı, lakin izlərə rast gəlinməmişdir. Həmin binada pilləkənlə aşağı düşdükdə yarımzirzəmi və onun üzərində isə mənzillər yerləşir. Ümumi binanın su kanalizasiya xəttlərinin isə zirzəmi ilə binadakı mənzillərin arasından panellərdən keçməsi ehtimalı var və orada nasazlıqlar və su sızması halları yarana bilər. Lakin tavanla 1-ci mərtəbədəki mənzil arasına baxış keçirilməsi və orada su sızması halının olmasını müəyyən etmək mümkün deyil. Ona görə də hesab edir ki, sözügedən qeyri-yaşayış sahəsinə su sızmasının səbəbi ümumi binadakı su-kanalizasiya xəttlərində yaranmış qüsurlar səbəbindən ola bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, icarəyə verən İddiaçı2 ilə icarəçi İddiaçı1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən, icarayə verən Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 528, X3, Bina Q ünvanında yerləşən ümumi sahəsi 164.4 kv.m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət üzrə ona məxsus olan göstərilən hissədə icarəçi İddiaçı1 xx.xx.2021-ci il tarixədək aylıq 400 manata icarəyə vermişdir. xx.xx.2020-ci il tarixdə sı sızma nəticəsində qeyd edilən qeyri-yaşayış sahəsi, eləcə də orada yerləşən avadanlıqlara ziyan dəymiş və bu barədə 21 saylı MKİS-in möhürü ilə arayış tərtib edilmişdir. Dinar firmasının xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən tavandan sızmış suya görə dəymiş ziyanın məbləği 4112 manat təşkil etmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/10 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 528, X3, Bina Q ünvanında yerləşən qeyri-yaşayış sahəsində su sızması nəticəsində yaranan qüsurlar ilkin vəziyyətdə saxlanılmadığından və iş üzrə cavabdeh şəxsə məxsus Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 528, X3, Bina Q ünvanında yerləşən 39 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından qərardadda ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24.1.2022-ci il tarixli, 10/5649 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, X3, Bina Q ünvanında yerləşən qeyri-yaşayış sahəsinə həmin qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 39 saylı mənzildən su axıdıldığı və nəticədə qeyri-yaşayış sahəsinin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 39 saylı mənzilə baxış keçirilən zaman sözügedən mənzilin su kanalizasiya xəttlərinin üzərində hər hansı bir qüsurun olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, qeyri-yaşayış sahəsinə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, qeyriyaşayış sahəsinə su sızması 39 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 39 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, X3, Bina Q ünvanında yerləşən qeyri-yaşayış sahəsinə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1920 manat məbləğində müəyyən olunmuşdur. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfindən onun hüquqlarını pozulmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçılar onlara məxsus qeyri-yaşayış sahəsinə və orada yerləşən əmlaka cavabdehə məxsus mənzildən su axıldılması nəticəsində ümumilikdə 4112 manat məlbəğində ziyanın dəyməsini iddia etsələr də, bu barədə məhkəməyə hər hansı tutarlı sübutlar təqdim edə bilməmişlər. Bunun əksi olaraq məhkəmə iclasında dindirilmiş ekspertiza mərkəzinin ekspertinin izahatına əsasən sözü gedən qeyri-yaşayış sahəsinə su axıdılması nəticəsində maddi ziyanın dəyməsi, lakin həmin ziyanın yaranmasına cavabdehə məxsus mənzildən suyun axıldılmasının səbəb olmaması müəyyən edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, müvafiq ekspertiza rəyinin bəndləri arasında ziddiyyətlər olduğundan məhkəmə tərəfindən ekspert məhkəmə iclasına dəvət edilmiş və ekspert İsa Eyvazzadə izahatında bildirmişdir ki, iş çoxluğundan rəy verilərkən ümumi cümlələrə görə texniki səhvə yol verilmişdir. Belə ki, onun niyyəti rəyi tərtib edərkən qeyriyaşayış sahəsinə suyun 39 saylı mənzildən axdılmamasının müəyyən edilməsi olmuşdur. Bundan başqa ekspert sözü gedən qeyri-yaşayış sahəsinə su sızmanın sözü gedən binanın su, kanalizasiya və istilik sistemi borularından axıdılmasını da, istisna etməmişdir. Məhkəmə iddiaçılar tərəfindən sübut qismində tədim edilmiş MİKS aktına qiymət verərək qeyd edir ki, sözü gedən akt tərtib edilən zaman cavabdehin iştirakı təmin edilməmiş və eləcə də, cavabdehə məxsus mənzilə, suyun axıdılması qeyd edilmiş mənzilinə baxış keçirilməmişdir. Bundan başqa məhkəmə onu da nəzərə alır ki, sonuncunun belə bir akt tərtib etməsində marağı, su sızıntıları baş vermə ehtimalı olan boruların MİKS-in balansında olması olmuşdur. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertiza rəyinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, hazırki rəy ilk iddianın əsaslı olmasının təsdiqi kimi qəbul edilə və qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar