Məhkəmə qərarları › İş №2(004)-2481/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2481/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2481/2021 11.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X9 oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 və cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 (əvvəlki soyad və ad Cavabdeh) qarşı “kredit müqaviləsinin ləğv edilməsi əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3 (əvvəlki soyad və ad Cavabdeh) arasında bağlanmış Kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X1 (əvvəlki soyad və ad Cavabdeh), İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə üzrə 257194.86 (iki yüz əlli yeddi min yüz doxsan dörd dollar 76 sent) dollar, 02 mart 2021-ci il tarixə faiz borcu üzrə 202656.74 (iki yüz iki min altı yüz əlli altı dollar 74 sent) dollar, 02 mart 2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 83657.63(səksən üç min altı yüz əlli yeddi dollar 63 sent) dollar, cəmi 543509.23 (beş yüz qırx üç min beş yüz doqquz dollar 23 sent) dollar kredit borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti müvafiq iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh X4 arasında bağlanmış 17.11.2015-ci il tarixli, 100-54207/KK №-li kredit kartı üzrə kredit xətti müqaviləsinə 30.12.2015-ci il tarixli və 15.11.2016-cı il tarixli əlavələrə əsasən əsasən ona illik 25(iyirmi beş) faiz dərəcəsi ilə 320 000 (üç yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit kartı üzrə kredir xətti müqaviləsinin 2.3-cü bəndinə əsasən Cavabdeh Məhəmməd Cahangirzadə kredit xətti üzrə verilmiş krediti qəbul edib ondan müqavilə ilə müəyyən olunun qaydada və şərtlərə istifadə etməyi, krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında qaytarmağı öhdəsinə götürür. 17.11.2015-ci il tarixli, 100-54207/KK №-li Kredit kartı müqaviləsinə 15 noyabr 2016-cı il tarixli müqaviləyə əlavəyə dair №-li sazişə əsasən müqavilənin müddəti 17 noyabr 2017ci il tarixə kimi uzadılır. Kredit kartı müqaviləsinin 4.3-cü bəndinə əsasən “Borcalan” cari ayın 25-dək istifadə etdiyi kredit məbləğin (kredit qalığının) ən azı 10%-ni həmin tarixdən etibarən 10(on) təqvim günü ərzində ödəməlidir. Borcalan həmin məbləği ödəmədikdə kredit qalığının 10% hissənin ödənilməmiş məbləğinə illik 40 faiz dərəcəsilə, kredit qalığının qalan hissəsinə isə illik 25% dərəcəsi ilə faiz hesablanır. Cavabdeh Məhəmməd Cahangirzadə öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, nəticədə iddia qaldırılan günə onun Banka əsas borc üzrə 257194.86 (iki yüz əlli yeddi min yüz doxsan dörd dollar 76 sent) dollar, 02 mart 2021-ci il tarixə faiz borcu üzrə 202656.74 (iki yüz iki min altı yüz əlli altı dollar 74 sent) dollar, 02 mart 2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 83657.63(səksən üç min altı yüz əlli yeddi dollar 63 sent) dollar, cəmi 543509.23 (beş yüz qırx üç min beş yüz doqquz dollar 23 sent) dollar məbləğində borcu yaranmışdır Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil iddia iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi qanunla müəyyən edilmiş müddətlər keçdikdən sonra verildiyinə görə iddiadan imtina edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlaını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2015ci il tarixində kredit verilməsi haqqında 100-54207/KK saylı müqavilənin məzmunundan görünür ki, həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik 27 (iyirmi yeddi) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir; İddiaçı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2015ci il tarixli 01 saylı əlavə sazişə əsasən 17 noyabr 2015-ci il tarixində kredit verilməsi haqqında 100-54207/KK saylı müqavilənin məzmununda 20000(iyirmi min) ABŞ dolları sözləri 320000 (üç yüz min) ABŞ dolları sözləri ilə əvəz edilməsi qeyd olunmuşdur; İddiaçı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2016cı il tarixli 01 saylı əlavə sazişə əsasən 17 noyabr 2015-ci il tarixində kredit verilməsi haqqında 100-54207/KK saylı müqavilənin müddətinin 17 noyabr 2017-ci il uzadılması qeyd olunmuşdur; İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin 02 mart 2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, X4 (əvvəli ad, soyad Cavabdeh) öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, nəticədə iddia qaldırılan günə onun Banka əsas borc üzrə 257194.86 (iki yüz əlli yeddi min yüz doxsan dörd dollar 76 sent) dollar, 02 mart 2021-ci il tarixə faiz borcu üzrə 202656.74 (iki yüz iki min altı yüz əlli altı dollar 74 sent) dollar, 02 mart 2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 83657.63(səksən üç min altı yüz əlli yeddi dollar 63 sent) dollar, cəmi 543509.23 (beş yüz qırx üç min beş yüz doqquz dollar 23 sent) dollar məbləğində borcu qalmışdır; İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin X3 ünvanladığı 19 fevral 2021-ci il tarixli bildirişin məzmunundan görünür ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hesablanmış borc məbləğinin ödənilməsi 3 (üç) gün ərzində bank tərəfindən tələb edilmiş, əks təqdirdə X8 müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir; 10.11.2016-cı il tarixli 00**-EC-***07 nömrəli məxaric orderindən və 104/1 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən 177900 (yüz yetmiş ABŞ dolları pul 0***-*******1 nömrəli kart hesabından alınmışdır. ASAN3 tərəfindən 08.05.2015-ci il tarixdə verilmiş AZE seriyalı 00100595 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 16.03.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 ünvan 1 ünvanında qeydiyyatdadır; Xətai RPİ tərəfindən 29.08.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışında Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti ev 57 mənzil 50 qeyd olunmuşdur; 09.03.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı” Açıq Səhmdar Cəmiyyəti müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh X4 arasında ona illik 25(iyirmi beş) faiz dərəcəsi ilə 320 000 (üç yüz min) ABŞ dolları məbləğində kredit verilməsinə dair 17.11.2015-ci il tarixli, 100-54207/KK №-li kredit kartı üzrə kredit xətti müqaviləsinə 30.12.2015-ci il tarixli və 15.11.2016-cı il tarixli əlavələr bağlanmışdır. 17.11.2015-ci il tarixli, 100-54207/KK №-li Kredit kartı müqaviləsinə 15 noyabr 2016-cı il tarixli müqaviləyə əlavəyə dair №-li sazişə əsasən müqavilənin müddəti 17 noyabr 2017-ci il tarixə kimi uzadılmışdır. Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə məhkəmə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.1 və 554.4-cü maddələrinə əsasən-müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsində göstərlir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, müvafiq kredit kartı üzrə kredit xətti müqaviləsi tərəflər arasında 17 noyabr 2015-ci il tarixdə 12 (on iki) ay müddətinə bağlanılmış, 15 noyabr 2016-cı il tarixli Əlavə Sazişlə müqavilənin müddəti 17 noyabr 2017-ci tarixinə kimi uzadılmışdır, yəni sözügedən müqavilənin bitmə müddəti 17 noyabr 2017-ci il müəyyən edilmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti 12 mart 2021-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edərək, müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 (əvvəlki soyad və ad Cavabdeh) qarşı “kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar