Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2483/2022 31.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı «Yelobank” ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «Yelobank” ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 24.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 3560.61 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 31.03.2022-dək Cavabdeh banka 24.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2701.61 manat əsas borc, 7.19 manat faiz, 9.65 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2718.45 borcu vardır. Cavabdeh 24.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 9.65 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 4.83 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2701.61 manat əsas borc, 7.19 manat faiz, 4.83 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2713.63 manat borcun və 47.14 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iş məhkəmə olan zaman ödənişlər etmiş, sonuncu dəfə 26.05.2022-ci il tarixdə 75 manat ödəniş edilmiş və cavabdehin əsas borcu 2284.61 manat təşkil edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, qonşusu 2013-cü il tarixdə avtomobil almaq məqsədi ilə onun adına kredit götürmüş və bir müddət avtomobili idarə etdikdən sonra başqa bir şəxsə vermişdir. Sonradan onunla kredit müqaviləsinin restrukturizasiyası edilmişdir. Onun kreditin ödənilməməsindən məlumatı olmamış və bank tərəfindən ona hər hansı bir bildiriş gəlməmişdir. Ödənişlərin edilməməsi barədə məlumat tutduqdan sonra qonşusuna bu barədə iradını bildirmiş və avtomobilə dair verilmiş etibarnamələri də, ləğv elətdirmişdir. Lakin buna baxmayaraq avtomobilin bugünə qədər yeri müəyyən edilməmişdir. Hazırki iş yerindən də ona ödənişlərində problemlər olacağı təqdirdə işindən azad olunacağı barədə xəbərdarlıq edilmişdir. Odur ki, məhkəmədən qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə bağlanmış 24.12.2019-cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri müqaviləsinə əsasən "xxxx" ASC-dən sonuncuya illik 1 faizlə, 60 ay müddətinə 3560.61 manat məbləğində kredit verilmişdir. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmiş, nəticədə cavabdehin bank qarşısında borcu yaranmışdır. İş məhkəmə olan zaman cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər etmiş, sonuncu dəfə 26.05.2022-ci il tarixdə 75 manat ödəniş edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Cavabdehin hal-hazırda 2284.61 manat məbləğində əsas borcu vardır. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 2701.61 manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və əsas borc üzrə 2284.61 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 31.05.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin əsas borc üzrə banka 2284.61 manat məbləğində borcu vardır. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 7.19 manat faiz borcun tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, maliyyə arayışına əsasən cavabdehin faiz borc üzrə 31.05.2022-ci il tarixinə (sonuncu maliyyə arayışına əsasən) 11.39 manat borcu olması müəyyən edilsə də, həmin hissədə iddia tələbi irəli sürülmüş tələb həcmində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 24.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4.83 manat məbləğində cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2284 (iki min iki yüz səksən dörd) manat 61 (altmış bir) qəpik əsas, 7 (yeddi) manat 19 (on doqquz) qəpik faiz borcu, 4 (dörd) manat 83 (səksən üç) qəpik cərimə borcu olmaqla, cəmi 2296 (iki min iki yüz doxsan altı) manat 63 (altmış üç) qəpik pul vəsaiti pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 47 (qırx yeddi) manat 14 (on dörd) qəpik məbləğində dövlət rüsumunun 15.37% yəni, 7 (yeddi) manat 24 (iyirmi dörd) qəpiyi iddiaçıya aid edilsin, qalan 84.63% yəni, 39 (otuz doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti isə Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2284 (iki min iki yüz səksən dörd) manat 61 (altmış bir) qəpik əsas, 7 (yeddi) manat 19 (on doqquz) qəpik faiz borcu, 4 (dörd) manat 83 (səksən üç) qəpik cərimə borcu olmaqla, cəmi 2296 (iki min iki yüz doxsan altı) manat 63 (altmış üç) qəpik pul vəsaiti pul İddiaçı ASC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 47 (qırx yeddi) manat 14 (on dörd) qəpik məbləğində dövlət rüsumunun 15.37% yəni, 7 (yeddi) manat 24 (iyirmi dörd) qəpiyi iddiaçıya aid edilsin, qalan 84.63% yəni, 39 (otuz doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti isə Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2483/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2483/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver