Məhkəmə qərarları › İş №2(004)-2486/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2486/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2486/2021 11.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh Kavi oğluna qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh Kavi oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Kavi oğlundan əsas məbləğ borcu üzrə 13521,67 manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 1641,87 manat, cərimə borcu üzrə 431,88 manat olmaqla. cəmi 15595,42 manat borcun, 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07.06.2019-cu il tarixdə "xxxx" ASC və Cavabdeh Kavi oğlu arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 19 illik faiz olmaqla 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 26.02.2021-dək Cavabdeh Kavi oğlunun banka 07.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə 13521,67 manat əsas borc, 1641,87 manat faiz borcu, 431,88 manat cərimə borcu olmaqla cəmi 15595,42 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək və yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edərək, təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan 07 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh Kavi oğlu "xxxx" İKB ASC-dən 19 illik faiz olmaqla 36 ay müddətinə 20000 manat məbləğində borc pul verməyi, “borc alan” isə əsas borcu, faizləri, komisyon xərclərini və digər xərcləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan sonuncu 07.09.2021-ci il tarixli, 9/5717 saylı ekspert rəyindən görünür ki, cavabdehin 26.02.2021-ci il tarixə 13521,28 manat əsas, faiz borcu üzrə 1441,33 manat, rəy verilən tarixə, yəni 07.09.2021-ci il üçün 13521,28 manat əsas, 2804,35 manat faiz borcu mövcuddur. Həmçinin qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi Cavabdeh Kavi oğlu ilə İddiaçı ASC arasında bağlanmış 07.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh kavi oğluna cərimə hesablanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında 07 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh Kavi oğlu "xxxx" İKB ASC-dən 19 illik faiz olmaqla 36 ay müddətinə 20000 manat məbləğində borc pul verməyi, “borc alan” isə əsas borcu, faizləri, komisyon xərclərini və digər xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müvafiq müqavilə ilə üzərinə düşən öhdəliyi pozmuşdur. Belə ki, məhkəmə tərəfindən mübahisənin mahiyyəti üzrə düzgün həll olunması üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. İş materiallarında olan sonuncu 07.09.2021-ci il tarixli, 9/5717 saylı ekspert rəyindən görünür ki, cavabdehin 26.02.2021-ci il tarixə 13521,28 manat əsas, faiz borcu üzrə 1441,33 manat , 07.09.2021ci il tarixə 13521,28 manat əsas, 2804,35 manat faiz borcu mövcuddur. Məhkəmə həm iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Kavi oğlu arasında bağlanmış 07 iyun 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh Kavi oğlundan 07 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 13521,28 manat əsas borc, 1441,33 manat faiz borcu, 100 manat cərimə borcu cəmi 15062,61 manat məbləğində borc pul tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və yüksək məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 431,88 manat məbləğində deyil, 100 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. İş materiallarına əlavə edilmiş 12.02.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci Cavabdeh Kavi oğlundan tutulmalıdır. Belə ki, 07.09.2021-ci il tarixli, 9/5717 saylı ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertizanın tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh Kavi oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəməi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Kavi oğlu arasında bağlanmış 07 iyun 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh Kavi oğlundan 07 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 13521,28 (on üç min beş yüz iyirmi bir manat iyirmi səkkiz qəpik) manat əsas borc, 1441,33 (bir min dörd yüz qırx bir manat otuz üç qəpik) manat faiz borcu, 100 manat cərimə borcu, cəmi 15062,61 (on beş min altmış iki manat altmış bir qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh Kavi oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar