Məhkəmə qərarları › İş №2(004)-2491/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2491/2023

06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2491/2023 06.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hazırda himayəsində olan yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X2 üçün Xətai rayon məhkəməsinin 2(011)- 4518/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində 220 (ik yüz iyirmi) manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xətai rayon məhkəməsinin 2(011)- 4518/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Xətai rayon Məhkəməsinin 2(011)-7936/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsində nəzərdə tutulan alimentin miqdarı artırılaraq 20 sentyabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 170 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Bu məbləğ uşağın minimum dolanacaq xərclərini ödəmədiyi üçün cavabdeh tərəfindən verilən alimentin artırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 149-150-ci maddələrini rəhbər tutaraq Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-4518/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək birgə nikahdan olan 20 sentyabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh. Zakir oğlundan hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciəti əsasında 2(004)-2491/2023 saylı iş məhkəmənin icraatındadır. Məlumdur ki, onun İddiaçı ilə nikahından X11 dünyaya gəlmişdir. Tərəflər bir müddət nikahda qalsalar da sonradan bu nikahları pozulmuş və birgə nikahdan doğulmuş X2 ilə bağlı aliment təyin edilmişdir. Bundan sonra Əliyev X10 Aysel Raqib qızı ilə yenidən ailə həyatı qurmuşdur. Onun sonrakı nikahından daha iki övladı 27 noyabr 2017-ci il təvəllüdlü X9 və 08 noyabr 2019-cu il təvəllüdlü X16 (Cavabdeh həmin vaxtı xaricdə olduğundan və tərəflərin münasibətləri faktiki pozulduğundan ana uşağa öz soyadını vermişdir) adlı övladları dünyaya gəlmişdir. Bir müddət sonra onun ikinci nikahı da pozulmuş, ikinci nikahdan doğulmuş uşaqları analarının yanında qalmışdır. Bundan sonra onun ikinci nikahı üzrə həyat yoldaşı olmuş X7 müraciəti üzrə aliment ödəməyə başlamışdır. Beləliklə, onun hazırda Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-3616/2022 saylı qətnaməsi ilə 17 noyabr 2017-ci il təvəllüdlü X1 üçün və Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4853/2020 saylı qətnaməsi ilə 08 noyabr 2019-cu il təvəllüdlü X3 üçün hər ay hər uşaq üçün 170 manat (ümumilikdə 340 manat) sabit pul məbləğində aliment tutulmuşdur. O, hazırda üç uşağının saxlanılması üçün əlindən gələni etməkdədir. Elə bu məqsədlə o, hazırda üç uşağa aliment ödəyir və çalışdığı qədər bu aliment öhdəliyini gecikdirmir. Onu da bildirmişdir ki, o, bir müddət əvvələ qədər işləsə də hazırda yenə işsizdir. Son iki ayın alimentinin ödənilməsini ondan (valideynlərindən) xahiş etmişdir. Bununla da o, yenə də çalışır ki, uşaqlarının qarşısında öhdəliyini icra edə bilsin. O bu öhdəliyini icra edə bilməsi üçün mütəmadi olaraq valideynlərindən kömək istəyir. O, aliment öhdəliyini icra edə bilməsi məqsədilə əvvəlki illərdə aldığı borcun qalıqları hələ də qalmışdır. Hazırda qeyd edilən aliment məbləğlərinin artırılması onun çətin vəziyyətini daha da çətinləşdirəkdir. Hesab edir ki, məhkəmə işə baxarkən yuxarıda qeyd edilənləri, Cavabdeh hazırki maddi durumunu, ümumilikdə hazırda alimentin artırılması istənilən uşaqdan əlavə o digər nikahdan olan iki uşağına da aliment ödəməsini, onun hər hansı digər gəlir yerinin və əmlakının olmamasını da nəzərə almalıdır. Göstərilənlərə əsasən icraatda olan iş üzrə İddiaçı tərəfindən alimentin artırılması tələbinə dair iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, hal-hazırda işləyir və 250 manat rəsmi olmaqla 500-600 manat məbləğində maaş alır. İddiaçı eyni zamanda qeyd etmişdir ki, Cavabdeh İsveç Krallığında yaşayır və orada taksi fəaliyyəti ilə məşğul olur. İddiaçı cavabdehin işi və gəliri ilə bağlı məhkəməyə sübut qismində sənədlər təqdim etmişdir. Sənədlər iş materiallarına daxil edilmişdir. Cavabdehin nümayəndəsi X8 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, məhkəməyə ilk öncə iddiaya dair etiraz göndərsələr də, hazırda iddianı qismən etiraf edir. Oğlu Cavabdeh Azərbaycan Respublikasının vətəndaşıdır. Oğlu hazırda İsveçdə deyil. İşlə bağlı mütəmadi olaraq Rusiya və Türkiyəyə gedir. Cavabdehin ikinci nikahından da iki övladı vardır və ümumilikdə üç uşağa aliment ödəyir və çalışdığı qədər bu aliment öhdəliyini gecikdirmir. Hazırda işləmədiyi üçün alimentin ödənilməsi üçün valideynlərinə müraciət etmişdir. Cavabdehin aliment öhdəliyini icra etmək məqsədilə əvvəlki illərdə aldığı borcun qalıqları hələ də qalmaqdadır. Qeyd edilən aliment məbləğinin 220 manatadək artırılması onun çətin vəziyyətini daha da çətinləşdirəcəkdir. Odur ki, məhkəmədən iddia tələbinin 193 manat miqdarında təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4518/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-7936/2014 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh hər ay xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər 170 manat (bir yüz yetmiş) sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat, 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı birgə nikahdan anadan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsə də, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilsədə, alimentin artırılması üçün bu əsas ola bilməz. Alimentin artırılması üçün qanunda göstərilən paralel əsaslar da mövcud olmalıdır. Eyni zamanda məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Cavabdehin yenidən nikaha daxil olmasını və həmin nikahdan iki azyaşlı uşaqlarının olmasını da nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin tam təmin edilərək alimentin 220 manat məbləğində müəyyən edilməsi cavabdehin maddi cəhətdən çətin vəziyyətə düşməsinə gətirib çıxara bilər. Eyni zamanda xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin nümayəndəsi X4 hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin ödənilməsinə razı olduğu da nəzərə alınmalıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən həm də, iddiaçının hal-hazırda işləməsini və ayda 250 manat rəsmi olmaqla aylıq təxminən 500 manat məbləğində gəlirlərinin olmasını da nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4518/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4518/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar