Məhkəmə qərarları › İş №2(004)-2492/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2492/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2492/2022 06.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən əsas borc 1864,29 manat, faiz borcu 29,41 manat, cəmi 1893,37 manat pulun və ödənilmiş 38,93 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və 27.12.2019-cu il tarixli, 10- 19-23-108409 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh ilə kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə "xxxx" ASC arasında 1864.29 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla 27.12.2019-cu il tarixli, 10- 19-23-108409 saylı kredit müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmir. Göründüyü kimi, cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində «Muğanbank" ASC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. (Mülki Məcəllənin 421.2-ci maddəsi) Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 27.12.2019-cu il tarixli, 10-19-23-108409 kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana illik 1% olmaqla 60 ay müddətinə 1864,29 manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 27.12.2019-cu il tarixli, 10-19-23-108409 saylı müqaviləsi üzrə 1893,37 manat borcu mövcuddur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan 04.04.2022-ci il tarixli ödəniş qəbzindən (№8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 38,93 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Beləliklə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 27.12.2019-cu il tarixli, 10-19-23-108409 saylı kredit müqaviləsi bağlanmış və ona illik 1% dərəcəsi ilə 60 ay müddətinə 1864,29 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Cavabdehin banka 24.01.2022ci il tarixə 1864,29 manat əsas borcu və 29,41 manat faiz olmaqla, cəmi 1893,37 manat borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas və faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə iddia tələbinin İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1864,29 manat əsas borc və 29,41 manat faiz borcu olmaqla, cəmi 1893,37 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,93 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27.12.2019-cu il tarixli, 10-19-23- 108409 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 1864,29 (bir min səkkiz yüz altmış dörd manat iyirmi doqquz qəpik) manat əsas borc və 29,41 (iyirmi doqquz manat qırx bir qəpik) manat faiz borcu olmaqla, cəmi 1893,37 (bir min səkkiz yüz doxsan üç manat otuz yeddi qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38,93 (otuz səkkiz manat doxsan üç qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar