Məhkəmə qərarları › İş №2(004)-2494/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2494/2023

06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2494/2023 06.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-823/2022 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay 100 manat sabit pul məbləğində alimentin miqdarının artırılması və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyası ilə bağlı ödədiyi 50 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etdi, iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, İddiaçı ilə onun birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X4 adlı iki uşağı var. Xızı rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə onun arasında bağlanmış nikah pozulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-823/2018 nömrəli qətnaməsinə əsasən xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 hər birinə hər ay 100 manat aliment ödəmişdir. Qızı 18 yaşına çatmışdır, oğluna aliment ödəməyə davam edir. Boşandıqdan hazırkı vaxta kimi alimenti anasının və qardaşının köməkliyi ilə vaxtında ödəmişdir. Hazırda işləmir, günə muzd olmaqla kənddə fəhlə işləyir. Təsərrüfatında iri və xırda buynuzlu heyvanı yoxdur. Maddi durumu ağırdır. O, iddiaçı ilə boşanandan sonra X2 ilə ailə qurmuş və həmin nikahdan xx.xx.2012ci il təvəllüdlü Xədicə və xx.xx.2014-cü il təvəllüdlü Rüstəm adlı iki uşağı var. Həyat yoldaşı işləmir. Ailənin maddi təminatı onun üzərindədir. Onun işi daimi deyildir. Kənddə fəhlə kimi dəvət ediləndə işləyə bilir və aylıq qazancı çox aşağıdır. O, hər ay İsmayılın saxlanması üçün 120 manat aliment ödəyə bilər. Hər ay 220 manat aliment ödəməyə maddi imkanı yoxdur. Bunları nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı və Cavabdeh xx.xx.2003-cü ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan onların xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X4 adlı iki uşağı var. Xızı rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-823/2018 nömrəli qətnaməsi ilə alimentin miqdarı artırılmış, tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Uşaqlardan xx.xx.2002-ci il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixdə yetkinlik yaşına çatmışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün həy ay 140 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə, uşağın mənafeyini, tərəflərin maddi durumunu, cavabdehin yenidən evlənməsini, həmin nikahdan iki azyaşlı uşağının olmasını, özünün və arvadının işləmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1 üçün təyin edilmiş hər ay 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Cavabdeh mediasiya xərci kimi ödənilmiş 50 manat tutularaq İddiaçı ödənilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-823/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1 üçün təyin edilmiş hər ay 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar