Məhkəmə qərarları › İş №2(004)-2509/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2509/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2509/2022 06.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 20.09.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 8000 manat məbləğində pul verir, borc alan krediti 20.03.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh pulun ona qaytarılması məqsədi ilə sözlər versə də bugünə qədər ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Cavabdeh pulu aldığı vaxtdan ona heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda qeyd olunan məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 20.09.2021-ci il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən borc verən (İddiaçı) borc alana (Cavabdeh) 8000 manat məbləğində pul verir, borc alan krediti 20.03.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan ünvan ünvanladığı 20.09.2021-ci il tarixli 2306 saylı məktubunda qeyd edilmişdir ki, Bakı şəh., Q.Qarayev pr., ev 58, m.40-da qeydiyyatda olan İddiaçı tərəfindən notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 8000 manat məbləğində pulun Cavabdeh verilməsi üçün bankınızda olan AZ94AİİB******************** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan 20-09-2021 17-20 nömrəli qəbzin surətindən görünür ki, 8000 manat məbləğində pul ******************** nömrəli depozit hesabına köçürülməsi üçün İddiaçı tərəfindən "xxxx" ASC-nin 50 saylı Notariat şöbəsinə köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, 20.09.2021-ci il tarixli Kredit Müqaviləsinə əsasən İddiaçı Cavabdeh 20.03.2022-ci il tarixədək 8000 manat məbləğində pulu borc vermişdir və cavabdeh həmin borcu qaytaracağı barədə öhdəlik götürmüşdür. Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlı olduğundan, iddia ərizəsi təmin edilməli, Cavabdeh 8000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********* nömrəli qəbzdən görünür ki, Acalova X2 Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində rüsum ödəmişdir. Bu baxımdan məhkəmə həmçinin iddianın 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır və iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat pul vəsaiti və 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar