Məhkəmə qərarları › İş №2(004)-252/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-252/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-252/2022 31.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh arasında bağlanmış 28.02.2019-cu il tarixli DEN-00062-14/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 60 (altmış) ay müddətinə, 28.02.2024-cü il tarixinədək əlavə müqavilələr bağlanmaqla 150000 (bir yüz əlli min) manatadək məbləğində kredit verilə biləcəyi razılaşdırılmışdır. İddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh arasında bağlanmış 11.12.2019cu il tarixli DEN-C0062-14/19A saylı əlavə kredit müqaviləsinə 90500 manat məbləğində krediti illik 19 faizlə 18 ay müddətinə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və onu 4 ay güzəşt müddəti daxil olmaqla 11.06.2021-ci il tarixinədək faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində Cavabdeh 28.02.2019-cu il tarixdə iddiaçıyla DENG-00062- 14/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 17A Bank BTB ASC “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında Bakı şəhərində bağlanmış 15.05.2018-ci il tarixli BKN-00007-14/18A saylı kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank BTB ASC “Əcəmi” filialı və Cavabdeh arasında bağlanmış 28.02.2019-cu tarixli DENG-00062-14/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bank BTB ASC “Əcəmi” fılialna ipoteka qoymuşdur. 19 may 2020-ci il tarixdə 28 fevral 2019-cu il tarixli DEN-00062-14/19A saylı əsas kredit müqaviləsinə, 28 fevral 2019-cu il tarixli DENG-00062-14/19A sonrakı ipoteka müqaviləsinə və 16 noyabr 2020-ci il tarixli 11 dekabr 2019-cu il tarixli DEN-C0062-14/19A saylı əlavə kredit müqaviləsinə əlavə saziş əlavə saziş bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.10-cu və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 25.08.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 90123.96 manat, faizlərin məbləği 14888.06 manat, dəbbə borcu 1914.07 manat təşkil edir. Beləliklə cavabdehin 25.08.2021-ci il tarixinə ümumi borcu 106926.09 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı Bank "xxxx" ASCnin “Əcəmi ” filialı ilə Cavabdeh arasında bağlanmış 11.12.2019-cu il tarixli, DEN-C0062- 14/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 25.08.2021-ci il tarixinə olan 90123.96 manat əsas borc, 14888.06 manat faiz borcu, 1914.07 manat dəbbə borcu, ümumilikdə 106926.09 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 28.02.2019-cu il tarixli, DENG-00062-14/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonıı, İnşaatçılar prospekti 17A saylı qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, əmlakların açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetləri açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 17A saylı qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildirişlər göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış DEN-00062-14/19A saylı, 28.02.2019-cu il tarixli əsas kredit müqaviləsinə əsasən bank cavabdehə 60ay müddətinə, 28.02.2024-cü il tarixinədək əlavə müqavilələr bağlamaqla 150000 manat məbləğində kredit verilməsini nəzərdə tutmuş, 11.12.2019-cu il tarixli, DEN-C0062-14/19A saylı əlavə kredit müqaviləsinə əsasən bank cavabdehə 18 ay müddətinə illik 19 faiz olmaqla 90500 manat məbləğində kredit vermişdir. Verilmiş kreditin təminatı olaraq 28.02.2019-cu il tarixli DENG-00062-14/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 17A nömrəli qeyri-yaşayış sahəsi banka ipoteka qoyulmuşdur. Tərəflər arasında bağlanmış Əlavə Sazişlərə əsasən kredit müqaviləsinin və illik faiz dərəcəsində dəyişikliklər edilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə cavabdehin bank qarşısında borcu yaranmışdır. X4 Mərkəzi MMC-nin YDQ 175 nömrəli saylı, 10.01.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 17A nömrəli qeyri-yaşayış sahəsinin likvid qiyməti 390000 manat müəyyən edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin iddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi ” filialı ilə Cavabdeh arasında bağlanmış 11.12.2019-cu il tarixli, DEN-C0062-14/19A saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli və Cavabdeh ilə iddiaçı Bank "xxxx" ASC arasında bağlanmış 11.12.2019-cu il tarixli, DEN-C0062-14/19A saylı kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsindən irəli gələn 25.08.2021-ci il tarixinə olan 90123.96 manat əsas borc, 14888.06 manat faiz borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 90123.96 manat əsas borc, 14888.06 manat faiz borcu tutulmalıdır. İş materiallarında olan maliyyə arayışına əsasən, cavabdehin 25.08.2021-ci il tarixinə 90123.96 manat əsas, 14888.06 manat faiz borcu varıdır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 1914.07 manat məbləğində dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 900 manat məbləğinədək azaldılmalıdır. Məhkəmə həmçinin iddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh Alahverdi oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 17A nömrəli qeyri-yaşayış sahəsinə yönəlməsi, həmin əmlakın açıq hərracda satılması; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5. maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7 maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1 maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1 maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.3.1 maddələrinə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 17A nömrəli qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində qeyri-yaşayış sahəsini könüllü surətdə tərk etmədikdə həmin qeyri-yaşayış sahəsindən çıxarılmalı və qeyri-yaşayış sahəsi boşaldılmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması hissəsi ilə belə nəticəyə gəlir ki, ipoteka və girov ilə yüklü edilmiş əmlakların satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi İcra Haqqında Qanuna əsasən icra mərhələsində həll edildiyindən iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə iddiaçı Bank "xxxx" ASC arasında bağlanmış 11.12.2019-cu il tarixli, DEN-C0062-14/19A saylı kredit müqaviləsi ləğv edilməli; Cavabdeh iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 90123.96 manat, faiz borcu üzrə 14888.06 manat, cərimə üzrə 900 manat, cəmi 105912.02 manat məbləğində pul vəsaiti tutulmalı; tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus iş üzrə ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 17A nömrəli qeyri-yaşayış sahəsinə yönəldilməli və qeyri-yaşayış sahəsi açıq hərracdan satılmalı, qeyri-yaşayış sahəsinin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh Bank "xxxx" ASC-yə borcu ödənilməli; ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh verilməli; ipoteka predmetinin ilkin satış məbləği 390000 manat müəyyən edilməli; ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 17A nömrəli qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində qeyri-yaşayış sahəsini könüllü surətdə boşaltmadıqda, həmin qeyriyaşayış sahəsi boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu 40 (qırx) qəpik xidmət haqqı Cavabdeh tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq «X4 Mərkəzi» MMC-nin xeyrinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə iddiaçı Bank "xxxx" ASC arasında bağlanmış 11.12.2019-cu il tarixli, DEN-C0062-14/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 90123 (doxsan min yüz iyirmi üç) manat 96 (doxsan altı) qəpik, faiz borcu üzrə 14888 (on dörd min səkkiz yüz səksən səkkiz) manat, cərimə üzrə 900 (doqquz yüz) manat, cəmi 105912 (bir yüz beş min doqquz yüz on iki) manat 02 (iki) qəpik məbləğində pul vəsaiti tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus iş üzrə ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 17A nömrəli qeyri-yaşayış sahəsinə yönəldilsin və qeyri-yaşayış sahəsi açıq hərracdan satılsın, qeyri-yaşayış sahəsinin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh Bank "xxxx" ASC-yə borcu ödənilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh verilsin. İpoteka predmetinin ilkin satış məbləği 390000 (üç yüz doxsan min) manat müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 17A nömrəli qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində qeyri-yaşayış sahəsini könüllü surətdə boşaltmadıqda, həmin qeyri-yaşayış sahəsi boşaldılsın. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu 40 (qırx) qəpik xidmət haqqı Cavabdeh tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq «X4 Mərkəzi» MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar