Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2523/2024 28.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) vəsaitin alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xüsusi hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 1(009)- 104/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 228.4 və 234.1 -ci maddələri ilə təqsirli bilinib 03 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən onun üzərinə cəza çəkdiyi müddət ərzində axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və hökmün icrası barədə hakimin göstərişi icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Məhkum Cavabdeh xx.xx.2021-ci il tarixdə idarənin qeydiyyatına alınmış və ona “Attenti” markalı 1 ədəd elektron qolbaq onun ayağına bağlanılmış, 1 ədəd mobil nəzarət qurğusu, həmin qurğunun 1 ədəd enerji adapterindən ibarət elektron nəzarət vasitələri tətbiq edilmişdir. Eyni zamanda məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərində çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh cəza müddəti bitdiyi üçün ona tətbiq edilmiş, elektron nəzarət vasitəsi ondan təhvil alınmış və Elektron Monitorinq İdarəsinə təhvil verilmişdir. Daha sonra müəyyən olunmuşdur ki, ondan təhvil götürülmüş 35650250 saylı mobil qurğunun plastik qapağına yapışdırıcı vurub, nəticədə ana platanın bir hissəsi qapağa yapışaraq yararsız hala düşmüş, təmiri mümkün olmamış, istifadəyə tam yararsız olduğu aşkar olunmuşdur. Bununla bağlı, Cavabdeh izahatı alınmış, izahatında Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15- 2.5-ci maddəsinin tələbləri, yəni tətbiq edilmiş elektron nəzarət vasitələrini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı barədə xəbərdar edildiyini qeyd etmişdir. Məhkum tərəfindən elektron nəzarət vasitəsinin dəyərinin könüllü şəkildə ödənilməsi ilə bağlı tərəfimizdən Cavabdeh müvafiq bildiriş göndərilmiş, lakin məhkum keçən müddət ərzində elektron nəzarət vasitəsinin dəyərini ödəməmişdir. Hazırki vaxtda Cavabdeh cəza müddəti bitdiyi üçün idarənin qeydiyyatından çıxarılmış, zərərin əvəzinin ödənilməsi ilə bağlı onunla əlaqə yaradılmağa çalışılsa da mümkün olmamışdır. “Attenti” markalı elektron nəzarət vasitələrini tədarük edən "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyindən görünür ki, Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinin mobil qurğusunun ana platada korriziya müşahidə olunur, təmiri mümükün deyil, istifadəyə tam yararsızdır. "xxxx" QSC-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə göndərdiyi xx.xx.2021-ci il tarixli məktubunda məhkumlar tərəfindən onlara verilmiş elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında həmin vasitələrin dəst şəklində dəyərinin ödənilməsi müəyyən edilmişdir. Həmin nəzarət vasitələri dəstinin dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) (ƏDV daxil) təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığına görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsi tərəfindən Probasiya Xidmətinə verilmiş xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən yerli qurumlara təhvil verilmiş, istifadə zamanı zədələnmiş və ya digər üsulla yararsz vəziyyətə salınmış elektron nəzarət vasitələrinin dəyərinin məhkumlardan tutulmasını təmin etmək məqsədilə məhkəmələrdə iddia tələbləri üzrə təmsil etmək, o cümlədən iddia ərizəsini yazmaq və imzalamaq, iddia predmetini və ya əsasını dəyişdirmək, məhkəmələr tərəfindən çıxarılmış qərarlardan şikayət etmək, bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən verilən xidməti tapşırıqların yerinə yetirilməsinə dair qanunla müəyyən edilmiş hərəkətlər etmək Probasiya Xidmətinin bütün yerli qurumlarının rəislərinə və icra məmurlarına etibar olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qəbul etmədiyini bildirərək, onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə n baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-104/2021 saylı, 01 iyul 2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 228.4-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun üzərinə ünvan 3 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhəri ərazisini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-104/2021 saylı, 22 iyul 2021-ci il tarixli Hökmün icrası barədə göstəriş məktubuna əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair Səbail Rayon Məhkəməsinin 1(009)-104/2021 saylı, 01 iyul 2021-ci il tarixli hökmü icra edilməsi üçün Bakı şəhəri Probasiya İdarəsinə göndərilmişdir. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Texniki rəydən görünür ki, 20 fevral 2024-cü il tarixli texniki baxış nəticəsində qurğunun plastik qapağına yapışdırıcı vurulub. Nəticədə ana platanın bir hissəsi qapağa yapışaraq yararsız hala düşüb. Təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Azərbaycan Respublikası “X1”nin 117 saylı, 30 sentyabr 2024-cü il tarixli ekspertizanın keçirilməsindən imtina məktubuna əlavə edilmiş eyni tarixli Məlumatdan görünür ki, tədqiq olunan “Attenti” markalı 35650250 seriya nömrəli mobil qurğunun qüsurlu olub-olmamasını müəyyən edilməsi üçün baxış keçirilməsi zəruri olduğundan, “X1” MMCnin əməkdaşı İddiaçı icra məmuru X2 ilə əlaqə saxlamış, lakin icra məmuru tədqiqat obyektinin təqdim edilməsini mümkün olmadığını bildirmişdir. Odur ki, ekspertizanın keçirilməsi barədə xx.xx.2024-cü il tarixli, 2(004)-2523/2024 saylı qərardad icra olunmadan geri qaytarıılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Səbail Rayon Məhkəməsinin 1(009)-104/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün icrasını təmin etmək məqsədilə Bakı şəhəri Probasiya İdarəsinin əməkdaşı tərəfindən Cavabdeh ayağına “Attenti” markalı 1 ədəd elektron qolbaq bağlanılmış, Cavabdeh cəza müddəti bitdikdən sonra elektron nəzarət vasitəsi ondan təhvil alınmışdır. İddiaçı iddia edir ki, elektron qolbaq cavabdeh tərəfindən zədələndiyindən istifadəyə tam yararsız hala düşmüş, odur ki, 2277.40 manat məbləğində maddi zərər cavabdeh tərəfindən qarşılanmalıdır. Məhkəmə gedişatında “Attenti” markalı 35650250 seriya nömrəli mobil qurğunun işlək vəziyyətdə olub-olmamasını, həmin qurğuda qüsurun olub-olmadığını, qüsur aşkar olunduğu təqdirdə həmin qüsurun yaranma səbəbini, habelə qüsurun yaranma zamanını və dəymiş ziyanın məbləğini müəyyən etmək üçün məhkəmə tərəfindən məhkəməəmtəəşünaslıq və komputer-texniki ekspertizaları təyin edilsə də, İddiaçı tərəfindən tədqiqat obyekti ekspertizaya təqdim edilmədiyindən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən zəruri tədqiqat predmeti ekspertizaya təqdim edilməyərək, ekspertizanın keçirilməsinə maneçilik törədilmişdir. Bundan əlavə, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyana məruz qaldığını iddia etməsinə baxmayaraq, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, iddia tələbi yetərincə əsaslandırılmamış, habelə iddiaçı tərəfindən iddia predmetinin əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə ekspertizanın keçirilməsinə müvafiq şərait yaradılmamışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2523/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2523/2024
28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver