Məhkəmə qərarları › İş №2(004)-2524/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-2524/2022

21.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2524/2022 21.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay 195 manat sabit pul məbləğinin və xx.xx.2005-ci il təvəllüdlü X4 müalicəsi üçün hər ay 100 manat sabit məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-230/2007 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 2480/2019 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2005-ci il təvəllüdlü X2 üçün 160 manat aliment tutulması müəyyən edilmişdir. Hazırda xx.xx.2005-ci il təvəllüdlü X4 17 yaşı var. Lakin Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Belə ki, uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci il tarixdə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Qeyd edilmişdir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan ödəməmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddiaçı iddia tələbinin təmin olunaraq alimentin artırılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılasına dair ərizə verərək, xx.xx.2005-ci il təvəllüdlü X2 üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğinin və əlavə olaraq xx.xx.2005-ci il təvəllüdlü X4 müalicə xərcləri üçün hər ay 100 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə hər hansı formada məlumat verməmişdir. Məhkəmə tərəfindən Cavabdeh məhkəmənin bildirişlərinin çatdırılması məqsədilə zəruri olan bütün tədbirlər görülmüşdür. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına iddiaçının etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X3 rayonunda doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. - Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən 28 iyul 2016-cı il tarixdə verilən AZ-İ seriyalı 227443 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 09 yanvar 2012-ci il tarixdə pozulmuş və nikahın pozulması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli 2(004)- 895/15 saylı qətnaməsindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sabit pul məbləği olaraq hər ay 103 manat miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi və xx.xx.2005-ci il təvəllüdlü X4 müalicəsi üçün cavabdehdən hər ay 100 manat xərcin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli 2(004)- 895/15 saylı qətnaməsindən həmçinin görünür ki, iş materiallarına əlavə olunan Ağdam rayon X7 kənd xəstəxanası tərəfindən 12 iyul 2014-cü il tarixdə verilmiş 039 saylı Tibbi arayışa əsasən X4 həqiqətən də Qərvənd kənd xəstəxanasında xəstə kimi qeydiyyatdan keçməsi ona “serebral ensefalopatiyasının qalıq əlamətləri”, “xroniki anemiya”, “əqli inkişafdan geriqalma” diaqnozunun qoyulması müəyyən edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 2480/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X2 üçün tutulan alimentin miqdarının artırılması və Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutlaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etmişdir. Hazırda iddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş hər ay 160 (yüz altmış) manat aliment hazırda yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilib. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq, hər ay Cavabdeh 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment, eyni zamanda əlavə xərclərə görə hər ay 100 (bir yüz) manat sabit pul məbləği tutularaq, İddiaçı ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment, eyni zamanda əlavə xərclərə görə hər ay 100 (bir yüz) manat sabit pul məbləği tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Cavabdeh qətnamənin rəsmi qaydada ona verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar