Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2540/2021 01.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh QSC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 16.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək “xxxx” ASC-nin Xaçmaz filialı ilə onun arasında bağlanmış 07.07.2006-cı il tarixli kredit müqaviləsi üzrə borcun tam silinməsi vəzifəsinin Cavabdeh QSC-nin üzərinə qoyulması və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 24.05.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 07.07.2006-cı il tarixli, 551/06 nömrəli kredit müqaviləsi etibarsız hesab edilməsi və həmin müqavilə üzrə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, cavabdeh “xxxx” QSC ona qarşı əsas və faiz borcunun qaytarmaq tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, ondan faiz borcu üzrə 7956,02 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub “xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, guya bankın Xaçmaz Filialı ilə onun arasında 07.07.2006-cı il tarixində 551/06 saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə görə, ona illik 15 % tətbiq edilməklə, 12 ay müddətinə 101025 ABŞ dolları məbləğində pul vəsaiti verilmiş, o isə öz öhdəliklərini lazımi qaydada icra etməmiş və banka 7956,02 ABŞ dolları məbləğində faiz borcu qalmışdır. Həmin iş üzrə aparılmış məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.04.2016-cı il tarixli 7040 saylı ekspert rəyi ilə “xxxx” QSC-nin sübut kimi istinad etdiyi “xxxx" ASC-nin Xaçmaz Filialı ilə mənimlə bağlanmış 07.07.2006-cı il tarixli kredit müqaviləsində “Borc alan” qrafasındakı imzanın, habelə həmin filiala yazılmış ərizədə “Məmmədova” soyadı və onun qarşısındakı imzanın, bankdan 101025 ABŞ dolları məbləğindəki pulun götürülməsi barədə məxaric kassa orderində “Borc alan" sözünün qarşısındakı imzanın ona məxsus olmaması halı öz təsdiqini tapdığından, prosessual qənaət prinsipinə əsaslanaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı ilə onun arasında müqavilə hüquq münasibətlərindən irəli gələn hər hansı bir öhdəlik münasibətləri yaranmamışdır və iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Səbail Rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli 2(009)-326/2020 saylı qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamədən “xxxx" QSC-nin verdiyi apellyasiya şikayəti isə, Bakı Apellyasiya Məhkəməsinin 17.08.2020-ci ii tarixli 2(103)-5490/2020 saylı qətnaməsi ilə təmin edilməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsi cavabdehlə bağlanmamışdır, həmin müqavilə cavabdeh tərəfindən imzalanmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 17.08.2020-ci il tarixli 2(103)- 5490/2020 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin qətnamə əsasında onun adına yazılmış kredit borcunun silinməsini cavabdehdən dəfələrlə tələb etsə də, ona şifahi olaraq bildirilmişdir ki, kredit borcunun silinməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığı üçün, borcun onun adından silinməsi qeyri-mümkündür. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahat verərək bildirir ki, iddianı qəbul etmir. X4 Kreditə təhvil-təslim aktına uyğun tələb hüququ keçən zaman şəxs bankda borclu göstərilmişdir. Apelyasiya Məhkəməsinin qətnaməsində isə borcun silinməsi və müqavilənin etibarsızlığı ilə bağlı göstəriş yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 07.07.2006cı il tarixli, 551/06 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı illik 15 % dərəcəsi ilə 12 ay müddətinə 101025 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 17.08.2020-ci ii tarixli 2(103)-5490/2020 saylı qətnaməsindən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.04.2016-cı il tarixli, 7040 saylı ekspert rəyini mümkün və mötəbər sübut kimi qəbul edərək, 07.07.2006-cı il tarixli Kredit Müqaviləsində “Borc alan” qrafasındakı imzanın, habelə həmin filiala yazılmış ərizədə “Məmmədova” soyadı və onun qarşısındakı imzanın, bankdan 101,025 ABŞ dolları məbləğindəki pulun götürülməsi barədə məxaric kassa orderində “Borc alan” sözünün qarşısındakı imzanın İddiaçı məxsus olmaması halı öz təsdiqini tapdığından, prosessual qənaət prinsipinə əsaslanaraq, belə qənaətə gəlmişdir ki, bank və İddiaçı arasında müqavilə hüquq münasibətlərindən irəli gələn hər hansı bir öhdəlik münasibətləri yaranmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli “xxxx ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Fərmanının 2.3.1-ci bəndinə əsasən Cavabdeh BOKT QSC “xxxx” ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək vəzifəsini yerinə yetirir. İşin halları ondan ibarətdir ki, İddiaçı ilə “xxxx ASC arasında bağlanmış 07.07.2006cı il tarixli, 551/06 nömrəli kredit müqaviləsi mövcuddur. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, həmin müqaviləni İddiaçı imzalamamış və onun bank qarşısında öhdəliyi yoxdur. İddiaçı müqavilənin etibarsız hesab edilməsini və borcun silinməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Çünki sözügedən kredit müqaviləsinin İddiaçı tərəfindən imzalanmaması və onun bu müqavilə üzrə öhdəliyinin olmaması öz təsdiqini qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 07.07.2006-cı il tarixli, 551/06 nömrəli kredit müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə üzrə İddiaçı borcu silinməlidir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 07.07.2006-cı il tarixli, 551/06 nömrəli kredit müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilə üzrə İddiaçı borcu silinsin. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2540/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2540/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver