Məhkəmə qərarları › İş №2(004)-255/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-255/2020

04.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-255/2020 04.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinə dəymiş 5000 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin noyabr-dekabr aylarında Cavabdeh ASC tərəfindən təhlükəsizlik qaydalarına riayət etmədən ağır texnikanı əraziyə yeridərək və həmçinin evlərin yaşının 1 əsrdən çox olmasını, eləcə də küçənin darlığını nəzərə almadan qazıntı işləri aparılmışdır. Belə olan halda yaxında yaşayan sakinlərin evlərinin divarları qazıntı zamanı dəhşətli sirkələnmə nəticəsində çatlamışdır. Həmin ziyan dəymiş evlərdən biri də onun mənzili olsa da hazırda uzun aylar keçməsinə baxmayaraq yazılı surətdə etdiyi müraciətlərinə Cavabdeh ASC-nin rəhbərliyi tərəfindən onu qane etməyən cavablar göndərərək, guya ki, apardıqları yağış suları ilə əlaqədar kanalizasiya xətlərinin çəklişi ilə bağlı mənzilinin qəzalı vəziyyətə düşməsi ilə heç bir əlaqəsi yoxdur. Belə olan halda özlərini məsuliyyətdən kənarda qoymaq üçün lahiyənin icraçılarından Arif adlı şəxs onun mənzilində olmuş, əsl gerçək olan vəziyyəti görüb danırlar. Hansı ki, özləri də yaxşı bilir ki, mənzilinə dəyən ziyan qazıntı işləri aparılan vaxt olmuşdur. Hətta o zaman apardıqları işlərin qutarmasından sonra sakinlərin mənzillərinə dəyən ziyanla bağlı dövlət tərəfindən kompensasiya ödəyəcəklərini Elbrus adlı məsul şəxs demişdir. Lakin görülən işlər qurtardıqdan sonra verilən vədlər yerinə yetirilməmişdir. Belə olan halda aidiyyəti üzrə təşkilati orqanlara yazılı surətdə dəfələrlə müraciət etmişdir. Hal-hazırda işin icraçılarından olan məsul şəxslər kompensasiya ödənilməsini deyə hər dəfə bir bəhanə gətirərək vaxtı uzadırlar. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, Cavabdeh su və kanalzasiya xidmətləri ilə məşğul olan dövlət şirkətidir. 2016-cı ildə Bakı şəhərində və onun ətrafında yerləşən rayonlarda yağış sularının yığılması və onun fəsadları ilə bağlı Nazirlər Kabinetində müşavirə keçirilmiş və nəticədə yağış sularının neytrallaşdırılması üçün layihələr hazırlanmışdır. Bu layihələrin sifarişçisi kimi Cavabdeh seçilmişdir. Cavabdeh ASC sifarişçi olaraq tender keçirmiş, tenderin qalibi olan X1 MMC ilə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən üçüncü şəxslər qarşısında yaranan problemlə bağlı məsuliyyəti podratçı şirkət daşıyır. Ona görə də hazırki mülki iş üzrə Cavabdeh ASC deyil, X1 MMC cavabdehlik daşıyır. Ona görə də o, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 083185 saylı, Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsi 27 saylı mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən İddiaçı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsi 27 saylı mənzildə deformasiya və çatların yaranmasının Cavabdeh ASC-nin sifarişi ilə podratçı təşkilat “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Əfəndiyev küçəsində dəmir-beton borularla yağış kollektorunun tikintisi ilə əlaqədar yerinə yetirilən qazıntı işləri ilə əlaqəsi yoxdur. İş materiallarında olan 565 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evin qarşısında Cavabdeh ASC tərəfindən tərəfindən tikinti işlərinin aparıldığını, həmin tikinti işləri aparılan zaman iri yük maşınlarının hərəkətini, qazıntı işlərinin aparılmasını, torpağın kipləşdirilməsini nəzərə alaraq, İddiaçı məxsus fərdi yaşayış evində əmələ gələn çatların Cavabdeh ASC tərəfindən fərdi yaşayış evi qarşısında aparılan qazıntı işlərinin nəticəsində yarana bilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırki bazar qiymətinin 2595 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsi 27 saylı mənzil Cavabdeh ASC tərəfindən aparılmış qazıntı işləri nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Hazırda İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinə dəymiş 5000 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərər 5000 manat məbləğində deyil, məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatına uyğun müəyyən edilməlidir. İş materiallarında olan 565 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırki bazar qiyməti 2595 manat məbləğində müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən İddiaçı məxsus fərdi evində əmələ gələn çatlar Cavabdeh ASC tərəfindən həmin yaşayış evi qarşısında aparılan qazıntı işlərinin nəticəsində yaranmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 2595 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlardan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 100 manat Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 2595 (iki min beş yüz doxsan beş) manat məbləğində pul, 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar