Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2552/2024 01.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 kreditor İddiaçı-nin xeyrinə 2262,78 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5670/2016 saylı, 19 aprel 2016cı il tarixli məhkəmə əmri ilə xx.xx.1957-ci il tarixdə Əli-Bayramlı rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və xx.xx.1967-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2262 (iki min iki yüz altmış iki) ABŞ dolları 78 (yetmiş səkkiz) sent, cərimə borcu isə 192 (yüz doxsan iki) ABŞ dolları 68 (altmış səkkiz) sent, cəmi 2455 (iki min dörd yüz əlli beş) ABŞ dolları 46 (qırx altı) sent məbləğində pul ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarı və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Bundan sonra borclu Cavabdeh1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5670/2016 saylı, 19 aprel 2016-cı il tarixli məhkəmə əmrinə etiraz ərizəsi verərək, əmrin ləğv edilməsini və mülki işin ümumi iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2552/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5670/2016 saylı, 19 aprel 2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş və işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı-nin xeyrinə 993,06 ABŞ dolları borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, borclu Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank borcluya 15 ay müddətinə, illik 0% olmaqla 3197 ABŞ dolları məbləğində kredit vermişdir. Borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməçoşdir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddət bir kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh2 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər. Cavabdehlər müvafiq məhkəə əmri şıxarıldıqdan sonra da, borcu ödəməmişdilər. Lakin məhkəmə əmri çıxarıldıqdan sonra Cavabdeh1 qeyd olunan kredit borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı fərmanın təsir dairəsinə düşmüşdür və bu səbəbdən xx.xx.2019-cu il tarixdə onun kredit borcundan 1173.89 ABŞ dolları məbləğində pul vəsaiti silinmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə icra mərhələsinidə isə 34.59 ABŞ dolları ödəniş olunmuşdur. Təqdim etdiyi maliyyə arayışı və hesabdan çıxarışa uyğun olaraq, hal-hazırda Cavabdeh1 hazırki kredit müqaviləsi üzrə 993.06 ABŞ dolları ödənilməmiş əsas borcu vardır. Əlavə olaraq bildirdi ki, tələbi üzrə 2016-cı ildə məhkəmə əmri çıxarılmış və qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. xx.xx.2019-cu ildə borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı fərmanın təsir dairəsinə düşmüş və onun kredit borcundan 1173.89 ABŞ dolları məbləğində pul vəsaiti silinmişdir. Məhkəməyə təqdim olunmuş hesabdan çıxarışa əsasən xx.xx.2019-cu il tarixdə 2168.32 manatdan, 1995.61 manat dollar kreditinə, 172.71 manat isə bolkart kreditinə yönəldilmişdir. Hazırki müqavilə üzrə restrukturizasiya olunan məbləğdir 1995.61 manat yəni ABŞ dolları ilə 1173.89 ABŞ dolları. Bundan başqa Fərman qəbul olunan zaman problemli müştərilərin sayı çox olduğu üçün onlara fərdi qaydada müraciət olunması nəzərdə tutulmayıbdır. Bu barədə kütləvi informasiya vasitələrində dəfələrlə bildirilmişdir. Lakin onların problemli kreditlərlə bağlı işlər üzrə əməkdaşları borcluya və onun işləyən yaxın qohumlarına bu barədə məlumat vermişlər. Borclunu banka dəvət edərək beş illik müddətlə bir il güzəşt olunmaqla dolları manata çevirməklə krediti restrukturizasiya etsinlər, lakin tərəf yaxınlaşmadığı üçün və həmin fərmanın icrası xx.xx.2019-cu il tarixədək qüvvədə olduğu üçün həmin dolları manata çevirməklə krediti restrukturizasiya etmək mümkün olmamışdır. Bu baxımdan hazırda kredit üzrə tutulmalar çıxıldıqdan sonra borclunun bu günə olan borcu 993.06 ABŞ dolları təşkil edir. Banka icra mərhələsində tutulma ilə ödənilən məbləğ isə, cəmi 58.80 manatdır. Həmin köçürülən məbləğdə çıxılaraq yekun məbləğ məhkəməyə təqdim olunub. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini etiraf etməyərək bildirdi ki, Cavabdeh1 3197 ABŞ dolları məbləğində kredit götürmüşdür. O, mütəmadi ödənişləri etmiş və onun dediyinə görə hazırda maksimum cəmi 500 ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmə tərəfindən məhkəmə əmri qəbul olunandan sonra da, cavabdeh ödənişlər etmişdir. Sonradan onun borcu restrukturizasiya olunmuş, lakin bu barədə cavabdehə məlumat verilməmişdir. Bundan başqa Prezidentin fərmanında qeyd olunur ki, belə işlər geri götürülməlidir. İcra mərhələsində onun pensiyasındanda tutmalar olmuşdur ki, iddiaçı bunu nəzərə almır. Hətda iddiaçı hesab edir ki, onun ümumiyyətlə borcu qalmamışdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını, dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, xx.xx.2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 15 ay müddətinə, illik 29 faiz dərəcəsi olmaqla 3197 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə bank qarşısında məsuliyyət daşıyaraq borcları yaranmışdır. Eyni zamanda iş materialları ilə o da, müəyyən edilmişdir ki, hal-hazırda borclu Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı-yə 993,06 ABŞ dolları əsas borcu vardır. Belə ki, hesabdan çıxarışa əsasən xx.xx.2015-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5670/2016 saylı, 19 aprel 2016-cı il tarixli məhkəmə əmri üzrə tutulmuş məbləğ tutulduqdan sonra həmin müqavilə üzrə 1147 ABŞ dolları, manatla 1995.61 manat restrukturizasiya olunmuş, daha sonra icra mərhələsində mübahisəli kredit müqaviləsi üzrə 34.59 ABŞ dolları, manatla 58.80 manat ödənilmiş, hazırda cavabdehin müqavilə üzrə borcu 993,06 ABŞ dollarıdır. Məhkəmə cavabdehin, onun müxtəlif vaxtlarda pensiya məbləğindən pul vəsaitlərinin tutularaq ödənilməsini, ödənilmiş həmin tutmaların iddiaçı tərəfindən nəzərə alınmamasına dair iddiaya etirazına münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan çıxarışdan görünür ki, cavabdehin bir neçə kredit müqaviləsi üzrə borcları olmuş, həmin borc müqavilələri üzrə də, cavabdehin təqaüdündən məcburi tutmalar aparılmış, hesabdan çıxarışa əsasən də, bu mübahisəli kredit müqaviləsi üzrə yalnız 58.80 manat (34.59 ABŞ dolları) ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 993,06 (doqquz yüz doxsan üç manat 06 qəpik) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) tutularaq İddiaçı-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 993,06 (doqquz yüz doxsan üç manat 06 qəpik) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) tutularaq İddiaçı-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2552/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2552/2024
01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver