Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2558/2021 26.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı üzrə iddia üzrə cavabdeh İmamverdıyev İsa Xanbaba oğlu və onun nümayəndəsi və vəkili Vəkil oğlunun, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı üzrə iddia üzrə iddiaçı Nəsıbov Qabıl Ömər oğlunun iştirakları ilə, İddiaçı İmamverdıyev İsa Xanbaba oğlunun cavabdehlər Cavabdeh1 Qədım oğluna və Nəsıbov Qabıl Ömər oğluna qarşı "borc öhdəliyinin yerinə yetirilməsi tələbinə dair" ilkin və iddiaçı Nəsıbov Qabıl Ömər oğlunun cavabdeh İmamverdıyev İsa Xanbaba oğluna qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İmamverdıyev İsa Xanbaba oğlu cavabdehlər Cavabdeh1 Qədım oğluna və Nəsıbov Qabıl Ömər oğluna qarşı "borc öhdəliyinin yerinə yetirilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 48000 manat məbləğində borcun, Cavabdeh2 25500 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada hər iki cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İmamverdıyev İsa Xanbaba oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona biznes fəaliyyəti ilə məşğul olduqlarını bildirməklə maliyyə yardımı göstərəcəyi təqdirdə pul qazanıb əldə edəcəkləri qazancdan ona da pay verəcəklərini vəd etmiş və bu barədə razılığa gəlmişlər. Əldə etdikləri razılığa uyğun olaraq 10.03.2018-ci il tarixdə Cavabdeh1 ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 48000 manat məbləğində borc vermiş, borc alan həmin borcu 10.03.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. 21.06.2019-cu il tarixdə Cavabdeh2 ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh2 25500 manat məbləğində borc vermiş, borc alan həmin borcu 21.06.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Hər iki kredit müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəliklərin icrası üçün kredit müqaviləsində nəzərdə tutulmuş müddətin başa çatmasından xeyli vaxt keçməsinə baxmayaraq cavabdehlər müxtəlif bəhanələrlə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır və borclarını qaytarmaqdan imtina edirlər. Məhkəmə prosesinin gedişatında Nəsıbov Qabıl Ömər oğlu cavabdeh İmamverdıyev İsa Xanbaba oğluna qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilənin şərtlərini pozduğunda görə dəymiş 100 manat hüquqi xidmət haqqı, əsassız qaldırılmış iddiaya görə dəymiş 25.000 manat məbləğində ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfindən hazirki kredit borcun tam şəkildə sonuncu müddəti bitənə qədər ödənilmişdir. İmamverdıyev İsa Xanbaba oğlunun məhkəmədə əsassız iddia qaldırması səbəbindən, ona böhtan atması və fəaliyyətinə maneçilik etməsi səbəbi ilə vaxtını alıb məhkəməyə verdiyinə görə cavabdehdən maddi və mənəvi ziyanın tutularaq ona ödənilməlidir. Daha sonra İmamverdıyev İsa Xanbaba oğlu ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkləməyə müraciət edərək göstərmişdir ki, məhkəmə baxışı gedişində iddia ərizəsinə əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 ayrı-ayrı vaxtlarda qazanc adı ilə ona 2019-cu ildə bir dəfə 1200 manat, bir dəfə 1500 manat, 22.02.2020-ci i! tarixdə 1400 manat, 05.03.2020-ci il tarixdə 2000 manat və 05.05.2020-ci il tarixdə 4000 manat, ümumilikdə 10100 manat pul şermişdir. Cavabdeh1 borc olaraq verdiyi 48000 manatdan almış olduğu 10100 manat məbləğində pulu çıxaraq qalan 37900 manat məbləğində pulu ondan tələb edir. Məhkəmə baxışı zamanı aparılan araşdırmalar zamanı Cavabdeh2 bildirmişdir ki, o, iş üzrə iddiaçıya 21.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borclu olduğu 25500 manat məbləğində pul vəsaitini onun iştirakı olmadan qaytarması üçün Cavabdeh1 vermişdir. O isə bildirmişdir ki, Cavabdeh2 borclu olduğu 25500 manat məbləğində pul vəsaitini şəxsən özünə qaytarmamış, ancaq qaytarması üçün Cavabdeh1 verməsini demiş, o isə Cavabdeh2 dediklərinin doğruluğuna əmin olmasa da, inanmış və Cavabdeh1 həmin 25500 manat məbləğində pul vəsaitini ona qaytaracağına ümid bəsləmiş, lakin sözügedən pul vəsaiti cavabdehlərin heç biri tərəfindən ona qaytarılmamışdır. Bu səbəbdən iddianın dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmədən Cavabdeh1 borclu qaldığı 37900 manatın, müştərək qaydada isə hər iki cavabdehdən Cavabdeh2 borclu qaldığı 25500 manatın və ödənilmiş 30 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı üzrə iddia üzrə cavabdeh İmamverdıyev İsa Xanbaba oğlu ilkin iddia ərizəsinə uyğun izahat verərək, onun təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ələavə olaraq izahatında göstərmişdir ki, cavabdehlər onu öz yerlərinə çağırıb qəsdən o diski yazdırıblar. Ona 25500 manat pul verilməyib, o pul ona qaytarılmayıb. Diskdə pul Rüstəmə verildiyinə görə, özünə verildiyini demişdir. Rüstəmdə 25500 manatdan çox pulu olub, 115000 manat pulu olub onda, ona görə də Rüstəmə inanaraq qabilin verdiyi pulun onda qalmasını demişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı üzrə iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsinə uyğun izahat verərək, onun təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı üzrə iddia üzrə iddiaçı Nəsıbov Qabıl Ömər oğlu qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, onun təmin edilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə əvvəlki iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh1 Qədım oğlu ilkin iddia tələbini qəbul etməyərək məhkəməyə verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə gənc vaxtlarından tanışdırlar. Abu-arena da market götürmüş, marketi açan vaxt İmamverdıyev İsa Xanbaba oğlunun yanına gedərək ondan köməklik etməsini xahiş etmiş, o da dostunun yanında (hazırda rəhmətə gedib) ona 25000 manat pul vermişdir. Daha sonra Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən notariusa getmiş və orada iddiaçı verdiyi pulu müqaviləyə çevirmiş, o da iş açdığına görə qəbul etmişdir. Hər ay 1200 manatdan ödənişlər edirdi, sonra pulu 48000 manata qaldırdı deyə ay olub 3000-4000 manat ödənişlər etmişdir. İddiaçı 25000 manatın əvəzində 48000 manat istəməsini onunla əsaslandırır ki, əgər o pul onda qalsa idi dollar qalxmasına görə o 48000 manat olacaqdı. İddiaçıya bəlkə də indiyə kimi 200.000 manata yaxın pul vermişdir. Pulu qaytarmasına dair əlində heç bir rəsmi yazılı sənəd yoxdur, çünki aralatında şifahi razılıq olurdu, özü hər ay gəlib marketdən götürürdü, elə olurdu sürücü ilə göndərirdi pulu. Lakin 200.000 manata yaxın pul qaytarmışdır. Müqaviləni imzalayanda aralarında etibar var idi. Pulu da ona marketdə özü 40.000 manatı sayıb qaytarmış, hər dəfə müqaviləni pozmağı deyəndə ya deyirdi “Şamaxıdayam gəlim edəcəm, ya Gəncədəyəm gəlim edəcəm”, amma eləmirdi. Nəsibov Qabili əvvəldən tanıyır, işə düşmüşdü, əlindəki bütün obyektləri satdı, o puldan 18.000 manat verdi ona ki, iddiaçıya versin, çünki onların aralarında mübahisə olmuşdu, İsanı qətiyyən görmək istəmirdi. Qabilin yanında iddiaçıya zəng etmiş, o da elə həmin gün gəlib pulu götürmüşdür. Marketındə kamera var, iddiaçı Qabili şərlədi deyə, o hadisədən sonra kamera görüntüsünü götürmüşdür. İddiaçı o pulu qazanc əldə etmək üçün yox, faizə pul götürmək üçün vermişdi. Müqavilə də 1 il yazsa da, 1 il gözləmədi, hər gün deyirdi “pulu verin”, Qabilin verdiyi 18.000 manatı İsa göturmədi, dedi “hamısın qaytarın pulun. Göstərilənlərə əsasən qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3. 429,1.3, 442, 448.1, 448.2, 739.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarında olan 10.03.2018-ci il tarixli reyestrdə 3M-476 nömrə ilə qevd edilmiş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 Qədım oğlu iddiaçı İmamverdıyev İsa Xanbaba oğlundan aldığı 48.000 manat məbləğində borcu 10.03.2019cu il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişdirlər. İş materiallarında olan 21.06.2019-cu il tarixli reyestrdə 3M-877 nömrə ilə qevd edilmiş kredit müqaviləsinin şərtlərinə görə cavabdeh Nəsıbov Qabıl Ömər oğlu iddiaçı İmamverdıyev İsa Xanbaba oğlundan aldığı 25.500 manat məbləğində borcu 21.06.2020-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişdirlər. İş materiallarına əlavə olunmuş CD kassetində olan videogörüntülərin məzmunundan görünür ki, İmamverdıyev İsa Xanbaba oğlu Nəsıbov Qabıl Ömər oğlunun ona borclu olduğu 25.500 manat məbləğində borcun Cavabdeh1 Qədım oğluna verilməsinə razılığını bildirmişdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla Cavabdeh1 Qədım oğlu ilə İmamverdıyev İsa Xanbaba oğlu arasında bağlanmış 10.03.2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən tam olaraq icra edilməsi, Nəsıbov Qabıl Ömər oğlu ilə İmamverdıyev İsa Xanbaba oğlu arasında bağlanmış 21.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə 25.500 manat borcun tərəflərin qarşılıqlı razılıqlarına əsasən cavabdeh Nəsıbov Qabıl Ömər oğlu tərəfindən İmamverdıyev İsa Xanbaba oğluna çatdırılması üçün Cavabdeh1 Qədım oğluna verilməsi, sonuncu tərəfindən həmin məbləğin iddiaçıya çatdırılmaması təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 Qədım oğlundan 25.500 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı İmamverdıyev İsa Xanbaba oğluna verilməli, iddia tələbi qalan hissədə kifayət qədər əsaslandırılmadığından və sübutlar məhkəməyə təqdim edilmədiyindən təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı Nəsıbov Qabıl Ömər oğlunun cavabdeh İmamverdıyev İsa Xanbaba oğluna qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qarşılıqlı iddia üzrə iddiaçı Nəsıbov Qabıl Ömər oğlu cavabdeh İmamverdıyev İsa Xanbaba oğlunun məhkəmədə əsassız iddia qaldırması, ona böhtan atması və fəaliyyətinə maneçilik etməsi nəticəsində ona mənəvi ziyan vurulmasını əsas gətirərək ona dəymiş mənəvi ziyanın ödənilməsini tələb etsə də, iddia tələbinin əsaslandığı hallarla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olub, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Qədım oğlundan 25500 (iyirmi beş min beş yüz) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu iddiaçı İmamverdıyev İsa Xanbaba oğlunun xeyrinə tutulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Nəsıbov Qabıl Ömər oğlunun cavabdeh İmamverdıyev İsa Xanbaba oğluna qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2558/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2558/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver