Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2567/2025 07.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)- 370/2024 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli tutulduğu vaxtdan yəni 08 aprel 2024-cü il tarixdən hesablanması və Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin cinayət əməli nəticəsində ona dəymiş 8000 manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddianın əsaslarına görə, cavabdeh tamah niyəti ilə onun əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə onun 8000 manat pulunu ələ keçirərək xeyli ziyan vuraraq dələduzluq etmişdir. Buna görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-370/2024 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh dələduzluğa görə cəzalandırılsa da, onun tərəfindən vurulmuş 8000 manat ziyan ona ödənilməmişdir. Hazırda onun həmin pula ehtiyacı var.
b) iddiaya etiraz
4. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddianın təmin olunmasını xahiş etmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirakı təmin edilən cavabdeh iddia tələbinə etirazı olmadığını, iddiaçıdan 8000 manat məbləğdə pul aldığını bildirmiş, növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.”
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmə baxışının hədləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
11. İşin müəyyən olunmuş faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-370/2024 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən Cavabdeh törətdiyi cinayət əməli, iş materialları ilə tamamilə sübuta yetirilmişdir.
12. Həmin hökmə əsasən İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, lakin mülki iddia ilə məhkəməyə müraciət etməmişdir.
13. Hazırda isə iddiaçı 8000 manat məbləğdə pulun cavabdehdən tutulmasını xahiş edir.
14. Məhkəmə iddianı maddi və hüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia təmin edilməlidir.
15. Belə ki, cavabdeh tərəfindən iddiaçının 8000 manat məbləğdə pulunun ələ keçirildiyi iş materiallarına əlavə edilmiş hökmlə təsdiq olunur. Bundan əlavə, cavabdeh də məhkəmə iclasında iddiaçının pulunu ələ keçirdiyini yazılı ərizə təqdim edərək etiraf etmişdir.
16. Məhkəmə cavabdeh tərəfin iddianı etiraf etməsini qəbul edir və hesab edir ki, 8000 manat məbləğdə pul cavabdehdən tutulmalıdır.
17. MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
18. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 8000 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
19. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 8000 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə