Məhkəmə qərarları › İş №2(004)-2574/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2574/2020

09.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2574/2020 09.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddaçı İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona qarşı dələduzluq cinayət əməlini törətmişdir. Cavabdeh Azərbaycan Gözdən X1 Birliyinin Salyan Rayonlararası Təşkilatının sədri vəzifəsində işləyərkən tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə gözdən əlilliyi olan şəxs kimi iddiaçıya dövlət tərəfindən əlillərə paylanan mənzillərdən 3 otaqlı mənzil veriləcəyini yalandan vəd edib, 2018-ci ildə iddiaçının yaşadığı ünvan 1 ünvanına gələrək 5300 manat pulunu alaraq ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçının müraciəti əsasında istintaqa cəlb olunmuş, o, cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-70/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh Əliheydar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, zərərçəkmiş kimi iddiaçının təqsirləndirilən şəxs kimi Cavabdeh qarşı maddi ziyana görə 5300 manat məbləğində mülki iddiası baxılmamış saxlanılmışdır. Qeyd olunan məhkəmə hökmündən heç bir apellyasiya şikayəti verilməmişdir. Məhkəmə hökmündə qeyd olunmuşdur ki, Mülki iddia ərizəsində dövlət rüsumunun ödənilməsinə dair sənəd və ya dövlət rüsumundan azad olmaya dair sənəd əlavə edilməmiş, həmin iddia ərizəsində kimdən və hansı məbləğdə pulun tutulmasına dair xahiş öz əksinin tapmamışdır. Cinayət işinə baxılarkən iddiaçının vəkili olmadığı üçün iddia ərizəsini düzgün formada yaza bilməmiş, məhkəmədə ona yol verdiyi nöksanlar bildirilməmişdir. Məhkəmə iclasında cavabdeh və onun qardaşı Xəqani ona vurulmuş ziyanı ödəyəcəklərini bildirmişlər. Cavabdeh ona hökmün çıxarıldığı vaxt 2000 manat, hökm çıxarıldıqdan sonra isə hissə-hissə 300 manata yaxın vəsait ödəmişdir. Avqust ayından sonra cavabdeh və ona dəymiş ziyanı ödəyəcəyinə söz vermiş qardaşı ziyanı ödəməkdən yayınmışlar. Son vaxtlar onun telefon zənglərinə cavab verməmişdirlər. Cavabdeh ona vurulmuş ziyanı bu günə kimi tam məbləğdə ödəməmişdir. Cavabdeh ona qarşı dələduzluq edərək onun 5300 manat məbləğində pulunu ələ keçirib ona ziyan vurması birinci instansiya məhkəməsinin hökmü ilə işin müəyyən edilmiş hallarıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən etiraf etmiş, İddiaçı 3000 manat məbləğində borcunun olduğunu bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(004)-70/2019 saylı hökmündən görünür ki, Cavabdeh Əliheydar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs İddiaçı Fariz qızının təqsirləndirilən şəxs Cavabdeh Əliheydar oğluna qarşı maddi ziyana görə 5300 manat mülki iddiası baxılmamış saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh Əliheydar oğlunun etiraf etdiyi hissədə qanuni və əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh Əliheydar oğlu 2018-ci il tarixdə İddiaçı Fariz qızından 5300 manat məbləğində pul vəsaiti alaraq ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-70/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh Əliheydar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs İddiaçı Fariz qızının təqsirləndirilən şəxs Cavabdeh Əliheydar oğluna qarşı maddi ziyana görə 5300 manat mülki iddiası baxılmamış saxlanılmışdır. Müxtəlif vaxtlarda cavabdeh 2300 manat məbləğində pulu iddiaçıya qaytarsa da geri qalan məbləği ödəməkdən yayınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli etiraf ərizəsinə əsasən, Cavabdeh Əliheydar oğlu iddianı qismən etiraf edərək 3000 manat borcunun qaldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi etiraf olunduğu hissədə təmin edilərək, Cavabdeh Əliheydar oğlundan 3000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Fariz qızına ödənilməlidir. İddia tələbinin qalan hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiacı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmadığından əsasızdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar