Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2578/2022 08.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC-dən 28 oktyabr 2019-cu il tarixli, 1203 №-li kredit (borc) və girov müqaviləsinə əsasən, 12 ay müddətinə, illik 48 faizlə, 3000 (üç min) manat məbləğində borc almışdır. Cavabdeh ilə "xxxx" MMC arasında 28 oktyabr 2019-cu il tarixli 1203 №-li müqavilənin bağlanmasına baxmayaraq, cavabdeh hal-hazıradək öhdəlikləri yerinə yetirməmişdir. 16 mart 2022-ci il Cavabdeh "xxxx" MMC-yə 1203 №-li 28 oktyabr 2019-cu il tarixli kredit (borc) və girov müqaviləsi üzrə 686,58 manat məbləğində əsas, 202.98 manat məbləğində hesablanmış faiz, 588 manat dəbbə pulu, ümumi 1477,56 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmış, bu səbəbdən cavabdehə xəbərdarlıq göndərilmiş, müddətin keçməsinə baxmayaraq, cavabdeh xəbərdarlığa münasibət bildirməmişdir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1203 nömrəli 28 oktyabr 2019-cu il tarixli kredit (borc) və girov müqaviləsi üzrə 686,58 manat məbləğində əsas, 202.98 manat məbləğində hesablanmış faiz, 588 manat dəbbə pulu, ümumi 1477,56 manat və 36 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandrılmış) iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək mülki işə iddiaçının iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, düzdür o iddiaçıdan 3000 manat məbləğində kredit götürsə də, həmin kreditin ödənişlərində axsamalar yaranmışdır. Belə ki həm pandemiya olduğundan, həm də səhhətində yaranmış problemlərdən dolayı kredit ödənişlərini edə bilməmişdir. Bankın tələb etdiyi məbləği birdəfəyə ödəmək imkanı yoxdur. Eyni zamanda iddiaçı tərəfindən kredit müqaviləsi üzrə hesablanməş cərimə məbləği şişirdilmişdir. Odur ki, cərimə məbləğinin azaldılması və tutulacaq məbləğin hissə-hissə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli, 1203 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 48 faizlə, 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı qarşısında məsuliyyət daşıyıraraq borcu əsas borc üzrə 686,58 manat, faiz borcu üzrə isə 202.98 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 588 manat məbləğində dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 60 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, 28.10.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh əsas borc üzrə 686 (altı yüz səksən altı) manat 58 (əlli səkkiz) qəpik, faiz borcu üzrə 202 (iki yüz iki) manat 98 (doxsan səkkiz) qəpik, cərimə borcu üzrə 60 (altmış) manat olmaqla, cəmi 949 (doqquz yüz qırx doqquz) manat 56 (əlli altı) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun 35.70%-i, yəni 12 (on iki) manat 80 (səksən) qəpiyi iddiaçıya aid edilsin, qalan 64.30%-i, yəni 23 (iyirmi üç) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 28.10.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh əsas borc üzrə 686 (altı yüz səksən altı) manat 58 (əlli səkkiz) qəpik, faiz borcu üzrə 202 (iki yüz iki) manat 98 (doxsan səkkiz) qəpik, cərimə borcu üzrə 60 (altmış) manat olmaqla, cəmi 949 (doqquz yüz qırx doqquz) manat 56 (əlli altı) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun 35.70%-i, yəni 12 (on iki) manat 80 (səksən) qəpiyi iddiaçıya aid edilsin, qalan 64.30%-i, yəni 23 (iyirmi üç) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2578/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2578/2022
08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver