Məhkəmə qərarları › İş №2(004)-2590/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2590/2022

29.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2590/2022 29.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun etibarnamə ilə mülkiyyətində olan Toyota markalı, Prius modelli, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin yol hərəkəti qaydalarını pozması səbəbindən zədələnməsi və zərər görməsi nəticəsində ona dəymiş zərərə görə 5010 manat, dövlət rüsumu olaraq ödənilmiş 71 manat olmaqla, cəmi 5081 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə ilə mülkiyyətində olan Toyota markalı, Prius (Hibrid) modelli, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin X2 tərəfindən idarə edilməsi üçün xx.xx.2022-ci il tarixdə ona etibarnamə vermişdir. Lakin həmin gün notariusun elektron sistemində xəta baş verdiyinə görə etibarnaməni təsdiq edə bilməmiş və etibarnamə xx.xx.2022-ci ildə sistemdə təsdiqlənmişdir. Artıq etibarnamə üçün notaiusa müraciət etdiklərindən 16 mart 2022-ci il tarixdə axşamtərəfi avtomobili Tofiq Rəhmanova vermişdir. Həmin gecə, yəni mart ayının 16-dan 17-nə keçən gecə saat 02:11-də Tofiq Rəhmanov avtomobili idarə edərkən Cavabdeh idarə etdiyi Chevrolet CRUZE minik markalı, ** DC *** dövlət nömrə nişanlı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün mülkiyyətində olan Toyota markalı, Prius (Hibrid) modelli, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin avtoqəzanın anbaan video görüntüləri də var. Həmin video yazıdan da görünür ki, Cavabdeh idarə etdiyi avtomobillə boş yolda, qərəzli olaraq və yol hərəkəti qaydalarım pozaraq 3-cü şəxs Tofiq Rəhmanovun idarə etdiyi avtomobilin qarşısına keçir və 3-cü şəxs Tofiq Rəhmanov da avtomobilə vurulan zərbədən qeyri-ixtiyari öz yolundan çıxaraq yolun sağında yerləşən mağazaya çırpılır. Hadisə yerinə DYP əməkdaşları gəlmiş və yerindəcə qanunauyğun tədbir görmüşlər və hər ikisini qanunauyğun olaraq cərimələmişlər. Cavabdeh barədə tərtib olunmuş inzibati xəta haqqında protokol və qərardan da görünür ki, cavabdeh avtomobili sığorta olmadan idarə etmiş və manevr qaydalarını pozmuşdur. Ona görə də hadisə ilə bağlı sığorta ödənişi olmamışdır. Hadisə ilə bağlı Bakı şəhəri, DYPŞ YNH baş inspektoru polis kapitanı X3 tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 469.1-ci maddələrinə əsasən İXP ******* saylı protokol tərtib edilmiş və TP ******* saylı qərar qəbul olunmuşdur. Cavabdehin törətdiyi qayda pozuntusu nəticəsində onun avtomobili zədələnmiş və 5010 manat məbləğində ziyan dəymişdir. Ona görə də hesab edir ki, cavabdehin onun avtomobilinə vurduğu zərər onun tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, ekspert rəyi ilə tanış olmuşdur və maşına ziyan vurduğunu etiraf etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP-4552662 nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2022-ci il tarixində, saat 02:11-də “Chevrolet Cruze” minik markalı, 10DC110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.1-ci, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, TP-4943997 nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 10DC110 dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” minik markalı avtomobillə xx.xx.2022-ci il tarixində, saat 02:11-də yolnəqliyyat hadisəsi törədərək, İnzibati Xətalara Məcəlləsinin 469.1-ci, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 019246 №-li nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən “Toyota Prius” minik markalı, 7DN209 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti X1 Əliyev Rafail oğlu tərəfindən verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 147483 №-li nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən “Toyota Prius” minik markalı, 7DN209 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti İddiaçı Əliyev Rafail oğlu tərəfindən verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, "xxxx" MMC tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair Akta əsasən, 7DN209 dövlət qeydiyyat nişanlı, ““Toyota Prius” minik markalı avtomobilə dəymiş zərər 5010 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 38 saylı mütəxəssis rəyinə əsasən, **-DN-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobilə dəymiş ziyan 4727 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi zamanı İddiaçı sahibliyində və istifadəsində olan və X2 tərəfindən etibarnamə ilə idarə edilən Toyota markalı, Prius (Hibrid) modelli, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Dəymiş ziyanın müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 38 saylı mütəxəssis rəyinə əsasən, **-DN-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobilə dəymiş ziyan 4727 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan Toyota markalı, Prius (Hibrid) modelli, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bundan əlavə qeyd edilən Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 dekabr 2017-ci il tarixli Qərarına əsasən əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında şəxsin subyektiv hüququ ilə bağlı əks olunmuş hüquqi mövqeyinə istinad edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda göstərilən hüquqi mövqedən çıxış edərək qeyd edir ki, lizinq müqaviləsi əsasında əmlaka sahiblik edən şəxsdə əmlaka dair mülkiyyət hüququnun iki elementinin - sahiblik və istifadə hüquqlarının mövcudluğu onun həmin hüquqları pozulduğu təqdirdə pozuntuya son qoyulmasını, dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək kimi subyektiv hüququnun olmasına dəlalət edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı yol nəqliyyat hadisəsi zamanı avtomobilə vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və cavabdeh bu zərərin yetirilməsi ilə əlaqədar mülki-hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq və mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 4727 manat məbləğində pul vəsaiti İddiaçı ödənilməlidir. Habelə məhkəmə hesab edir ki, iddia tələbi qismən 5010 manat məbləğində deyil 4727 manat məbləğində təmin edildiyindən dövlət rüsumu da təmin olunmuş iddianın qiymətinə mütənasib olaraq 67,27 manat məbləğində Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 4727 (dörd min yeddi yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti və ödənilmiş 67,27 (altmış yeddi manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar